Accessibility links

Azərbaycan Mərkəzi Bankının manatla bağlı sentyabrın 7-nə olan məzənnəsinə görə bir dollar 1,6403 manata bərabər olub.

Bu il sentyabrın 1-də 1 dollar =1,6321 manat, sonrakı günlərdə isə 1,6362 manat olub.

Son bir neçə ayda manat dollar nisbətdə ucuzlaşmaqda davam edir. Bu il mayın 25-də bir dollar 1.4900 manat olub.

Bu gün Dövlət Neft Fondu valyuta hərracında kommersiya banklarına 50 milyon dollar satıb.

Amma yerli medianın məlumatına görə, valyuta hərracı zamanı kommersiya banklarının valyutaya tələbatı 588 milyon dollar olub.

Avqustun ortalarından başlayaraq Azərbaycanda kəskin dollar qıtlığı müşahidə edilməkdədir. Son günlər ölkənin əksər bankları dollar satışını dayandırıb.

Yerli KİV-lər ”Qara bazarda” bir dolların 1,80-2 manata satıldığını yazır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev manatın növbəti sınaq qarşısında olduğunu bildirib.

Samir Əliyev

Samir Əliyev

O facebook səhifəsində dərc etdiyi məqaləsində bildirir ki, böhrandan çıxış iqtisadiyyatın hərtərəfli inkişafıdır. Məqalənin əsa məqamlarını təqdim edirik.

Manat növbəti sınaq qarşısındadır. İki kəskin devalvasiyaya məruz qalmış milli valyutamız dəyərini yenidən kəskin itirmək təhlükəsi ilə üzləşib. İyun ayından başlayaraq dəyərini tədricən itirməsi hələ ki təhlükəni sovuşdura bilməyib. Valyuta bazarında son həftələr yaranmış ajiotaj manata təzyiqi gündən-günə artırır. Qara bazarın getdikcə “çiçəklənməsi” xarici valyutaların qeyri-rəsmi dövriyyəsinə şərait yaratmaqla yanaşı manata ən böyük zərbəni vuran kapital axınını stimullaşdırır.

Bütün bu baş verənlər əlbəttə nəticədir. Səbəb isə sadədir. Manat yığım funksiyasını itirib, tədavül və ödəniş funksiyasını isə getdikcə zəifləyir. Manatın məzənnəsinin qeyri sabitliyi insanların – sahibkarların, əmanətçilərin, bankirlərin ona inamını sarsıdıb. O inamı ki onu qazanmaq üçün illər tələb olunub.

Bu gün ölkənin valyuta bazarında sabitliyi təmin etmək üçün xarici valyutaya olan tələb və təklif arasında fərqi minimuma endirmək vacibdir. İyun ayından başalayarq Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında dollara olan tələb təklifi 10-12 dəfə üstələyir. Buna səbəb bankların xarici valyutaya ehtiyaclarının artmasıdır. Valyuta bazarında mövcud gərginliyi azaltmaq üçün təklifin əhəmiyyətli artırılması və ya tələbin nəzərəçarpacaq dərəcədə azaldılması tələb olunur. Hər iki addım ajiotajı qısamüddətli yatırmağına rəğmən problemi həll edə bilməz.

Neft Fondu və Mərkəzi Bank hesabına dollar təklifinin tam ödənilməsi bu valyutaya tələbi yalnız qısa müddətdə azalda bilər. Çünki iqtisadiyyatın dollarlaşması, xarici borcun getdikcə artması, rəsmi və qeyri-rəsmi kapital axını dollara tələbatı daim yüksək səviyyədə saxlayacaq. Manat kütləsini məhdudlaşdırmaq, idxalı azaltmaq, rəsmi kapital çıxışına qadağa hesabına tələbi azaltmaq da çıxış yolu deyil. Bu addımlar iqtisadi tənəzzülə yol aça bilər. Proses paralel aparılmalı, daha çox iqtisadi alətlərdən istifadəyə üstünlük verilməlidir.

Ölkəyə neftdən kənar dollar axını çox azdır. Təkcə idxalatçı şirkətlərin aylıq tələbi 650-700 milyon dollar civarındadır. Bura dövlətin və özəl şirkətlərin, o cümlədən bankların xarici borca xidmət xərclərini, əhalinin dollar yığımını, xaricə kapital axınını əlavə etsək, aylıq tələbatın 1-1,2 milyard dollar civarında olduğunu görə bilərik. Üstəlik bağlanan bankların manatla qaytarılan əmanətlərinin dollara çevrilməsi, banka manatla ödənilən xarici valyuta kreditlərinin dollara konvertasiyası tələbatı daha da artırır. Bu həddə tələbatın qarşılığında valyuta təklifinin aylıq həcmi 700-800 milyon dollardan çox deyil. Aylıq 300-400 milyon dollarlıq valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil.

Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür. Ölkənin maliyyə sektorunun sürətlə dollarlaşması milli valyutaya təzyiqi artırmaqla yanaşı makroiqtisadi sabitliyi risk altına qoyur.

BVF-nin emprik tədqiqatları göstərir ki, bir qayda olaraq dəyişkən inflyasiya, milli valyutanın dəyərsizləşməsi, asimmetrik məzənnə siyasəti və maliyyə bazarının kiçikliyi maliyyə sisteminin dollarlaşmasını şərtləndirir. Valyutanın məzənnəsinin tez-tez aşağı salınması və valyuta məzənnələrində yüksək volatillik xarici valyuta depozitlərinin artımına gətirib çıxarır, yüksək inflyasiya isə öz növbəsində, bank kreditlərini “dollarlaşdırır”.

Bütün bunlar Azərbaycanın maliyyə sektorunda müşahidə edilir və yüksək həddə dollarlaşma makroiqtisadi sabitliyi risk altına alır. 2014-cü ilin sonu 2016-cı ilin 1 iyul tarixinə olan rəsmi məlumata görə, kredit qoyuluşunda xarici valyuta kreditlərinin payı 27%-dən 48%-ə yüksəlib. Bu müddətdə əmanət qoyuluşunun dollarlaşması səviyyəsi 38%-dən 80%-ə çatıb. Xarici valyuta depozitlərinin geniş mənada pul kütləsində (M3) payı 36%-dən 90%-ə qalxıb.

Maliyyə sektorunun dollaşması bankların likvidliyinə problem yaradır, iqtisadiyyatın pulla təminatını pisləşdirir. Əmanəti xarici valyutada cəlb edən banklar krediti də həmin valyutada verməyə məcburdur. Əks halda bankın valyuta mövqeyi pozula bilər və qeyri-sabit məzənnə siyasəti dövründə zərərə düşə bilər. Bank əmanəti dollarla qəbul edib, krediti milli valyutada verdikdə bank sistemində valyuta riski artır. Çünki bankların valyuta öhdəlikləri onların valyuta akitvlərini üstələyəndə milli valyutanın məzənnəsinin aşağı salınması onun aktivlərinin xalis dəyərini aşağı salır və bankı ödəmə qabiliyyətini itirmək riskinə atır. Bütün bunlar dollarlaşmanın Azərbaycan iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə vurduğu ağır zərbələrdir.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, milli valyutanın iqtisadiyyatda rolunun artırılması və əhalinın inamının bərpası üçün mövcud problemin həllinə strateji yanaşma tələb olunur. Bu yanaşma özündə etibarlı pul-kredit və məzənnə siyasətini, aşağı və sabit inflyasiya səviyyəsini, maliyyə bazarının genişlənməsini ehtiva etməlidir. Bütün bunlara iqtisadiyyatda dollarlaşma səviyyəsini aşağı salmaqla nail olmaq olar. Ona görə də hökumət əksdollarlaşma (de-dollarlaşma) strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönəlik tədbirlərin icrasına başlamalıdır. İqtisadiyyatda dollarlaşma səviyyəsinin aşağı salınması vacib olmaqla yanaşı, uzunmüddətli və mürəkkəb prosesdir. Ancaq kompleks tədbirlər və düzgün koordinasiya hesabına uğurlu nəticəyə nail olmaq mümkündür.

İqtisadiyyatda idxalın yüksək səviyyəsi əksdollarlaşma prosesini ləngidən amildir. Valyuta bazarını və maliyyə alətlərinin inkişaf etdirmədən dollardan imtina çətin görünür. Çevik valyuta məzənnəsi əsasında inflyasiya hədəflənməsi rejimi və büdcə maraqlarından çıxış etməyən pul-kredit siyasəti maliyyə bazarının əksdollarlaşması üçün əlverişli əsas ola bilər.

XS
SM
MD
LG