Accessibility links

Sonuncu debat: Çoxsaylı vədlər və təhqir ritorikası [Video]


Ictimai Televiziyada debat
Ictimai Televiziyada debat

Prezidentliyə namizədlərin doqquzuncu debatında çoxsaylı təhqirlər

Prezidentliyə namizədlərin İctimai Televiziyanın canlı efirindəki doqquzuncu, - sonuncu debatı qarşılıqlı ittihamlar, xalqa çoxsaylı vədlər və təhqirlərlə davam edib.




Debatlara Ədalət Partiyasının namizədi İlyas İsmayılov ilk dəfə qatılıb. Yalnız hazırkı prezident İlham Əliyev debatlarda iştirak etməyib.

Əvvəlki debatlarda olduğu kimi bir çox namizədlər İlham Əliyevin mövqeyində dayanıb və daha çox Milli Şuranın namizədinə və üzvlərinə qarşı çıxış ediblər.

Milli Şuranın namizədi Cəmil Həsənli deabatları seçki görüntüsü adlandırıb və İlham Əliyevi debatlarda iştirak etmədiyinə görə qınayıb.

O banklardan 5 min manatadək kredit götürən vətəndaşların kredit faizlərinin hamısını, 10 minədək kredit götürənlərin isə faizlərinin yarısını dövlət vəsaiti hesabına ödəniləcəyinə söz verib.

Həsənli ölkədə “Qızıl amnistiya” elan edəcəyini bildirib.

“Əliyevlər dönəmində haqsız həbs edilənlərin hamısı azadlığa buraxılacaq”, o qeyd edib.

O irqçiliyə qarşı olmadığını bildirib. Bununla yanaşı, onu ermənilərlə qohumluqda günahlandıranların dediklərinin yalan adlandırıb.

“Amma, prezidentliyə namizəd və mənə qarşı bu yalanı danışan Hafiz Hacıyev vaxtı ilə Heydər Əliyevin anasının erməni olduğunu deyib”.

Həsənli prezident seçilərsə işıq, su və qazın əhaliyə satış qiymətlərini iki dəfə azaldacağını, müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin əmək haqlarını, pensiyaları 2-3 dəfə artıracağını bəyan edib. İpoteka fondunu 20 dəfə artıracaq, ipoteka faizlərini aşağı salacaq.

“Xalqımın can və mülk təminatını təmin edəcəm. Xüsusi mülkiyyət hüququ müqəddəs elan ediləcək. Kadrları tayfa, klan, ailə, korrupsiya və rüşvət münasibətlərinə görə deyil, bacarığına görə seçəcəm”, o qeyd edib.

O Gürcüstanda yaşayan soydaşların Azərbaycana gəlişi üçün məhdudiyyətləri aradan qaldıracaq və Azərbaycanda istənilən müddətə qalmasını təmin edəcək.

Cəmil Həsənli həmçinin sona qədər azadlıq və demokratiya uğrunda mübariz olaraq qalacağını bəyan edib.

O xalqı ölkəyə sahib çıxmağa, seçkilərə gəlməyə çağırıb.

“Səs verin tarix yazın”, xalqa müraciət edib.

Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı prezident İlham Əliyevin seçki qərargahının rəhbəri Əli Əhmədov Azərbaycan seçicilərini “İlhamla irəli!” şüarı ilə gələcəyə getməyə çağırıb.

“İlhamla irəli” güclü lider, Güclü Azərbaycan konsepsiyasıdır”, o qeyd edib.

Əhmədov İlham Əliyev yenidən prezident seçilərsə hər bir vətəndaşın Ümumdaxili Məhsulda 10 min manatdan çox payı olacağını vəd edib.

“Yeni iş yerləri yaradılacaq, iqtisadiyyatın neftdən asılılığı azaldılacaq, yoxsulluq aradan qaldırılacaq, müəllimlərin, həkimlərin maaşları, pensiyalar artırılacaq, ipoteka şərtləri yüngülləşdiriləcək. Hər bir vətəndaşın mənzil almaq hüququnun təmin edilməsi həyata keçiriləcək. Hər bir vətəndaş indikindən daha yaxşı yaşayacaq”.

O xalqı Cəmil Həsənlinin vədlərinə inanmamağa çağırıb.

“Yalan və böhtanları təkrarlamaqla xalqın inamına nail olmaq olmaz”, Əhmədov bildirib.

Ümid Partiyasının namizədi İqbal Ağazadə seçiciləri hazırkı iqtidarın vədlərinə inanmamağa çağırıb.

“İndiki hakimiyyət son 20 ildə xalqın həyatını dəyişə bilmədi. Bunlar artıq heç nəyi dəyişə bilmir. Korrupsiya, rüşvət yenə də qalacaq. Maaşlar yenə də beş ildən bir 10 faiz artırılacaq, onu yenə də infilyasiya əlinizdən alacaq, Qarabağ qayıtmayacaq”, o qeyd edib.

Ədalət Partiyasının namizədi İlyas İsmayılovun fikrincə, cəmiyyətin inkişafının yeganə meyarı müəllimlərin maddi və mənəvi həyatıdır.

O ölkənin birinci problemi olan Dağlıq Qarabağ və 7 rayonun ermənilər tərəfdən işğalına son qoyulması vacib sayır.

“Bunun üçün münaqişənin nizamlanmasını ATƏT-in Minsk qrupunun monopoliyasından çıxarmaq lazımdır. ATƏT-in qərarları tövsiyə xarakteri daşıyır və ermənilər bu qərarları qəbul etməz. Biz BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə nail olmalıyıq. Təhlükəsizlik Şurası qətnamələrini yerinə yetirməzsə, özümüz torpağımızı azad etməliyik”.

Onun fikrincə, korrupsiya Dağlıq Qarabağdan da təhlükəli problemdir.

“Korrupsiya dövlətə inamı öldürür. Bütün məmurlar gəlir bəyannaməsi verməlidir. Məmurlar xərclər haqqında da bəyannamə təqdim etməlidir. Bütün bunlar açıq olmalı və internetdə yerləşdirilməlidir. Ölkədə varlı adamlar vəzifəli adamlardır. Vəzifəli şəxslərin sahibkarlıqla məşğul olmasını qadağan edən cinayət məsuliyyəti müəyyən edilməlidir”.

İsmayılov hakimiyyət bölgüsünün vacibliyini deyib.

“Qanunlara əməl edilməlidir. Hamı qanuna tabe olmalıdır. Müstəqil məhkəmə hakimiyyəti olmalıdır”.

Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu ölkədə mülkiyyət hüququnun pozulması ilə bağlı seçicilərin şikayətlərinə istinad edib.

“Hətta 10 ailə mülkiyyətini “Azəravtoyol”un istədiyi qiymətə satmadığına görə iki aydır işıq, su və qazlarını kəsiblər. İstər Qış Parkı, istər Bayraq Meydanı, istərsə də çoxsaylı digər sahələrdə aparılan tikintilər zamanı minlərlə vətəndaşın mülkiyyət hüququ pozulub”.

Cəlaloğlu radikal dəyişikliklərin əleyhinədir, hakimiyyətə gələrsə hökumətin 30 faizini hazırkı iqtidarla, 30 faizini isə radikal müxalifət adlandırdığı qurumla koalisiyada quracağına vəd verib.

“Ölkədə radikallıq çoxdur. Adi 5 dəqiqəlik debatda namizədlər bir-birinə butulka atmaq səviyyəsinə gəlir. Bu təhlükə çox ciddidir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev korrupsiyaya, rüşvətxorlara, büdcəni dağıdanlara, narkotik qaçaqmalçılığına, əsgərlərə qarşı qanunsuz hərəkətlərə baş vuranlara, ateistlərə, Qarabağ probleminin həllinə biganə yanaşanlara qarşı amansız olacağını bəyan edib.

O Bütöv Azərbaycan Hərəkatına kömək edəcəyini və bütün azərbaycanlılara sahib çıxacağını vəd edib.

Namizədliyini özü irəli sürmüş Zahid Oruc xalqı Heydər Əliyev siyasətinə səs verməyə çağırıb.

“Heydər Əliyev siyasəti həmişə olmalıdır”, o qeyd edib.

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev Milli Şuranın namizədinin və onun liderlərinin hakimiyyətə gəlməsinə qarşı kəskin mübarizə aparacağını vəd edib.

Debatlarda Milli Şuranın namizədi Cəmil Həsənli və Milli Şurada təmsil olunan bir sıra partiya liderlərinin ünvanına çoxsaylı təhqirlər səslənib.
XS
SM
MD
LG