Accessibility links

Dörd beynəlxalq təşkilat Azərbaycan hökumətini jurnalisti həbsdən azad etməyə çağırıb


Dörd beynəlxalq təşkilat Azərbaycan hökumətini jurnalisti həbsdən azad etməyə çağırıb
Dörd beynəlxalq təşkilat Azərbaycan hökumətini jurnalisti həbsdən azad etməyə çağırıb

Sərhədsiz Reportyorlar, Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi, Artikl 19 və Amnesty İnternational Avropa Məhkəməsinin qərarının Azərbaycan hakimiyyəti tərəfindən sabotaj edildiyini bildirir

Dörd beynəlxalq təşkilat - Sərhədsiz Reportyorlar, Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi, Artikl 19 və Amnesty İnternational jurnalist Eynulla Fətullayevin həbsdən dərhal azadlığa buraxılması barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının Azərbaycan hakimiyyəti tərəfindən sabotaj edilməsini pisləyən bəyanatla çıxış edib.
“Eynulla Fətullayevin işi üzrə Avropa Məhkəməsinin qərarının təmin olunması barədə Azərbaycan Ali Məhkəməsinin 11 noyabr tarixli qərarı irəliyə doğru kiçik addım oldu. Lakin bu, ədalətin qələbə çalmasından çox uzaqdır. Bu o deməkdir ki, cənab Fətullayev 2013-cü ilin yanvarına kimi həbsxanada oturacaq. Halbuki, Avropa Məhkəməsi onun dərhal azad olunması barədə qərar qəbul edib”, - deyə Sərhədsiz Reportyorların bəyanatında deyilir.
Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin bəyanatında bildirilir ki, Azərbaycan hakimiyyəti öz beynəlxalq öhdəliklərini yerinə yetirməli və jurnalisti həbsdən dərhal azad etməlidir. “Cənab Fətullayevin narkotik saxlanması ittihamı üzrə həbsi barədə Apellyasiya Məhkəməsinin son qərarı Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi üçün saxtalaşdırılıb”, - deyə təşkilatın nümayəndəsi Nina Oqnyanova qeyd edib.
Artikl 19-un bəyanatında deyilir ki, Azərbaycan, Gürcüstan və Ermənistan hakimiyyətləri söz və informasiya azadlığının təminatı sahəsində öhdəliklərini yerinə yetirməlidir. “Beynəlxalq cəmiyyətlər qarşısında bu cür öhdəliklər götürən hökumətlər onu təmin etmir. Azərbaycanda hakimiyyət daim söz və ifadə azadlığının məhdudlaşdırılmasına yönələn addımlar atır”.

“Amnesty İnternational” da Azərbaycan hökumətini məhbus jurnalisti dərhal azadlığa buraxmağa çağırıb. “Ötən həftə Ali Məhkəmənin Plenumu jurnalistə qarşı saxta ittihamları ləğv etdi. Amma, cənab Fətullayev yeni qurama ittihamla həbsə qalmaqda davam edir. Avropa Məhkəməsinin qərarından sonra Azərbaycan hökuməti jurnalisti həbsdə saxlamaqla məhkəmənin hökmündən yayınır”, - deyə təşkilatın bəyanatında qeyd edilir.

Azərbaycanın yerli hüquq-müdafiə təşkilatları da Eynulla Fətullayevin həbsdən dərhal azad edilməməsini qınayır. Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını formal olaraq yerinə yetirib. O jurnalistə qarşı narkotik saxlama ittihamının irəli sürülməsini Avropa Məhkəməsinin qərarını yerinə yetirməmək üçün bəhanə məqsədi daşıdığını düşünür.

XS
SM
MD
LG