Accessibility links

“Dostluq” Parkının villaları [Video & Fotoqalereya]


Park ərazisindəki villalar kimindir?

Amerikanın Səsinin müxbiri mayın 26-da Bakının Şıx çimərliyi ilə üzbəüz yerləşən “Dostluq” Parkında olub. Park ərazisində və parka bitişik sahədə onlarla dəbdəbəli villa müşahidə edib.

Milli Məclisin keçmiş deputatı Nazim Məmmədov hesab edir ki, bu villaların aid olduğu məmurlar gəlirləri ilə bağlı bəyannamələrini açıqlamalıdır.

Ərazidə çoxsaylı dəbdəbəli villaların ucaldılması hətta ölkə prezidentinin də diqqətini cəlb edib. Prezident İlham Əliyev mayın 20-də Azadlıq prospektində yanan yaşayış binası ilə bağlı yaradılmış dövlət komissiyasının iclasında bu villalardan danışıb.

“İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”, prezident İlham Əliyev qeyd edib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Dostluq” parkının ərazisində olan 42 qanunsuz tikilən villanın söküləcəyini deyib.

“Villalarla bağlı böyük söküntü işləri gedir. Bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz. Bunlar 5-10 milyonluq böyük tiklilərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən hər kəs cəzasını alacaq”, Abutalıbov bildirib.

Amerikanın Səsinin müxbiri park ərazisində olarkən söküntü işlərinin aparılmasının şahidi olmayıb.

Show comments

XS
SM
MD
LG