Accessibility links

Dövlət Departamenti: Azərbaycan aksiyaları dağıtmaq üçün hədsiz gücdən istifadə edib


ABŞ Dövlət Departamenit dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında illik hesabatı dərc edib. Azərbaycana həsr edilmiş bölmə 33 səhifədir. İnsan hüquqları sahəsində ən ciddi problemlər aşağıdakılardır:

1. İfadə azadlığının məhdudlaşdırılması, o cümlədən jurnalistlərin və demokratik fəalların qorxudulması, həbsi, onlara qarşı fiziki təzyiq.
2. Toplaşmaq azadlığının məhdudlaşdırılması.
3. Ədalətsiz məhkəmələr, o cümlədən siyasi motivlərlə həbslər, hakimiyyətin məhkəmələrə təsiri, məhkəmədən əvvəl uzunmüddətli həbs.
4. Mülkiyyət hüquqlarının pozulması və lazımi kompensasiya ödənilmədən zorla köçürülmə.

Bundan başqa, polisdə və həbsxanada işgəncələr qeydə alınıb, bunun nəticəsində ən az 4 nəfər vəfat edib. Şəxsi həyatın toxunulmazlığı hüququ pozulub, qeydiyyatdan keçməmiş bir sıra müsəlman icmaların dini azadlqları məhdudlaşdırılıb, hökumətin bütün səviyyələrində korrupsiya hökm sürüb, hüquq müdafiə ilə məşğul olan QHT-lərin qeydiyyatından imtina edilib və s. Hakimiyyət insan hüquqlarını pozan vəzifəli şəxslərin məhkəmə təqibi və ya cəzalandırılması üzrə tədbirlər görməyib.

Hesabatda 77 əsgərin qeyri-döyüş şəraitində həlak olması faktı və Qarabağın və yeddi ətraf rayonun ermənilər tərəfindən işğalının davam etdiyi qeyd edilib. İctimai xadimlərin qanunsuz təqibi və həbsi faktları arasında “Kür” qərargahının fəalı İlham Əmiraslanovun adı çəkilir. 19 yaşlı İsmayıl İbayevin misalında əsgərlərin xidmət yoldaşları tərəfindən qətli faktları sadalanıb.

Həbsxanalardakı problemlər kimi onların həddindən artıq sıxlığı, havalandırmanın pis olması, məhbuslara qarşı fiziki təzyiq və onların hüquqlarının pozulması qeyd edilib. Monitorinq həyata keçirilən illər ərzində 621 məhbusun ölümünün əsas səbəbi vərəm, xərçəng və ürək xəstəlikləri olub.

Polis “Eurovision” ərəfəsində və oktyabrın 20-də, noyabrın 2-də və 17-də və dekabrın 10-da korrupsiya əleyhinə etirazlar zamanı aksiya iştirakçılarının dağıdılması zamanı hədsiz güc tətbiq edib. Bu aksiyaların təşkilatçıları və iştirakçıları böyük pul cəzalarına məhkum edilib.

Söz və ifadə azadlığının pozulması faktları arasında “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi, bloger Zaur Qurbanlının inzibati həbsi, jurnalist Əvəz Zeynallı üzərində məhkəmə, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya, reportyor İdrak Abbasova qarşı təzyiq, “Azadlıq” qəzetinin hesabına həbs qoyulması və s. qeyd edilib. Bu işlər fonunda məhkəmələrin korrupsionerliyi və müstəqil olmaması, vəkillərin hüquqlarının pozulması vurğulanır. Hakimiyyət adı çəkilən və digər jurnalistlərə qarşı hücumları və şantajı araşdırmayıb və təqsirkarları cəzalandırmayıb.

Eyni zamanda, KİV-ə Dövlət Dəstəyi Fondu vasitəsilə hakimiyyət hökumətyönlü KİV-lərə maddi dəstək verir. Reklam da hökumətyönlü KİV-lərə yönləndirilir. Siyasi məhbuslar ciddi problem olaraq qalmaqdadır. Onların sayı daim dəyişir. Hakimiyyət bir neçəsini azad edir, əvəzində başqalarını həbs edir. Müxtəlif qiymətləndirmələrə görə 2012-ci ildə siyasi məhbusların sayı 10 nəfərdən 100 nəfərə qədər olub.

Polis icazəsiz aksiyalar zamanı kütləvi həbslər aparır, aksiya iştirakçıları inzibati həbs və ya daha ciddi cəzaya məruz qalır. Hüquq müdafiəçiləri Bakının mərkəzində ev sahiblərinin hüquqlarının pozulduğunu bildirir. Onlar bazar qiymətlərindən xeyli az kompensasiya alıblar və hüquqi müdafiədən məhrum olublar. Hakimiyyət böhtana görə cinayət cəzasını ləğv etmir, məhkəmələr isə bu ittihamla qəzetlərə qarşı böyük cərimə qərarları çıxarır. Bir il ərzində cərimələrin ümumi məbləği 5 mln. manat təşkil edib.

Hakimiyyət İnternetdə ifadə azadlığına nəzarət edir və sosial şəbəkələrdə hökuməti tənqid edənləri təqib edir. Belə ki, 5 bloger müxtəlif ittihamlarla həbs edilib. Eyni zamanda, müxalifət saytları kiberhücumlara məruz qalıb. Naxçıvan bölgəsində söz və ifadə azadlığının vəziyyəti xüsusilə ağır olaraq qalır. Qanunlara QHT-lərin işini çətinləşdirən düzəlişlər ciddi narahatlıq doğurur. Bu düzəlişlər 1000-ə yaxın qeydiyyadan keçməmiş QHT-yə toxunur. Siyasi partiyalar haqqında qanun da müxalifət partiyalarının imkanlarını məhdudlaşdırır. Bir il ərzində polis müntəzəm olaraq müxalifətin regional tədbirlərini pozub. Hakimiyyət səfər azadlığı hüququnu ciddi şəkildə məhdudlaşdırılır. Misal kimi 2006-cı ildən etibarən xaricə buraxılmayan AXCP lideri Əli Kərimlinin adı çəkilir.

Məruzənin korrupsiyaya aid hissəsində mülki xidmətdə, nazirliklərdə və hakimiyyətin ali eşelonlarında korrupsiyanın geniş yayıldığı və cəzasız qaldığı qeyd edilir. Sentyabrdan başlayaraq, Elşad Abdullayev hökumətin və vəzifəli şəxslərin korrupsiyada əli olması haqqında bir neçə video yayıb. Videolardan birində Abdullayev o vaxtki parlament üzvü Gülər Əhmədova ilə bazarlıq edir və parlamentdə yer almaq üçün ona 1 mln. dollar verir. Başqa bir videoda Əhmədovanın ortağı – Sevinc Babayeva deyir ki, pullar Ramiz müəllimə təqdim edilib. Elşad Abdullayev isə Ramiz müəllimin prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev olduğunu iddia edir. Hakimiyyət Əhmədovanı həbs edib, Babayeva isə gözlənilmədən Türkiyədə vəfat edib.

2010-cu il daşqın və 2012-ci il zəlzələ zonasında da korrupsiya halları var. Belə ki, “Kür” qərargahının iddiasına görə, bu bölgələrdə evlərin bərpası üçün ayrılmış vəsaitin böyük hissəsi mənimsənilib.

Dekabrda hakimiyyət “Art for democracy” kampaniyasının britaniyalı iştirakçılarının Azərbaycana buraxmayıb. Hakimiyyət Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasseri ölkəyə buraxmayıb.

Show comments

XS
SM
MD
LG