Accessibility links

Həkim: Hazırda İdrak Abbasovun vəziyyəti kafidir

“Özümü çox narahat hiss edirəm. Ağrılarım dəhşətli əziyyət verir. Əsasən daxili orqanlarımda kəskin ağrılar var. Hətta bəzən dözə bilmirəm və həkimlər ağrıkəsici iynələr vurmasa ağrıdan huşumu itirirəm”. Bu barədə aprelin 18-də Sulutəpə qəsəbəsində döyülən jurnalist İdrak Abbasov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

O ərazidə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları evləri uçurarkən çəkiliş apardığı zaman döyüldüyünü bildirib. “Əvvəlcə bir neçə nəfər çəkiliş aparmağıma mane olmaq üçün mənə hücum çəkdi, sonra onların sayı artdı. Həmin şəxslər ARDNŞ emblemləri olan xüsusi geyimlərdə idi. ARDNŞ-nin təhlükəsizlik əməkdaşları məni təpik və yumruqla döyəcləyirdilər. Arada, “Yeni Müsavat” qəzetinin müxbiri Günay Musayevanın qışqırtısını da eşidirdim. Sonra qardaşlarım məni onların əlindən almağa çalışırdı. Bundan sonra yadımda deyil. Gözlərimi xəstəxanada açdım”, - deyə o qeyd edib.

Jurnalist hazırda ailə üzvlərinin təhlükəsizliyindən narahatdır. “Evimizi güdürlər. Mən Daxili İşlər Nazirliyinin “102” qaynar xətt xidmətinə zəng edib ailə üzvlərimin təhlükəsizliyinin təmin edilməsini xahiş etmişəm. Bu yaxınlarda, azyaşlı oğlumu avtomobillə vurdular. Bakı şəhər Prokurorluğunun məlumatından belə çıxdı ki, avtomobilin sürücüsünə “yaxşı ki, medal verilməyib”. Bütün bunlar ailəmin təhlükəsizliyini zəruri edir”, - deyə o bildirib.

Jurnalist bir polis əməkdaşının bu gün ondan hadisə ilə bağlı soruşduğunu da deyib.

Öz növbəsində, jurnalisti müalicə edən həkim Almazxan Zeynalov Amerikanın Səsi radiosuna bildirib ki, hazırda İdrak Abbasovun vəziyyəti kafidir. “Sağ gözünün ətrafında, bədəninin müxtəlif yerlərində, o cümlədən bel və kürək nahiyələrində əziklər var. Jurnalist ətraflı müayinə olunub, müalicəsi davam etdirilir”, - o qeyd edib.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə aprelin 18-də Sulutəpə qəsəbəsində baş verən hadisələrlə bağlı komissiya yaradılıb. Bu barədə bugünki mətbuat konfransında ARDNŞ-nin hüquq idarəsinin rəhbəri Eldar Orucov bildirib.
Onun sözlərinə görə, komissiya məsələni əmək qanunvericiliyi və şirkətin nizamnaməsi çərçivəsində araşdırır. Digər aspektlər (jurnalistə qarşı törədilən hərəkətlərin cinayət xarakteri) hüquq-mühafizə orqanları tərəfindən təhqiq edilir. “Biz jurnalistin döyülməsini qətiyyətlə pisləyirik. ARDNŞ təqsirkarların müəyyən edilməsində və cəzalandırılmasında maraqlıdır”, - deyə o bildirib.
Eyni zamanda, cənab Orucov deyib ki, jurnalist Abbasov maraqlı tərəfdir, belə ki, onun və qardaşlarının Sulutəpə qəsəbəsində qanunsuz tikilmiş evləri var.
2000-ci ildən etibarən Sulutəpədə və ARDNŞ-nin Abşerondakı digər ərazilərində qanunsuz tikinti gedir. 2002-ci ildən bu proses kütləvi xarakter alıb. “Bəzi yerlərdə qanunsuz tikintilər neft hasilatının düşməsinə təsir edib. Bundan başqa, ARDNŞ-nin beynəlxalq tərəfdaşları qarşısında müqavilə öhdəliklərini yerinə yetirə bilmir. Şirkətin ərazilərində ümumilikdə 30 mindən çox qanunsuz ev tikilib. 2006-cı ildən etibarən şirkət qanunsuz tikililərin söküntüsünü həyata keçirir. 15 minə yaxın məhkəmə iddiası qaldırılıb və təmin edilib, hazırda daha 7 min iddia hazırlanır.
Qeyd edək ki, ARDNŞ-nin təhlükəsizlik idarəsinin rəhbəri Rəşad Əliyev mətbuat konfransı keçirilən zalın qarşısında olsa da, mətbuat nümayəndələrinin israrlı tələblərinə baxmayaraq, jurnalistlərin qarşısına çıxmayıb.

Daxili İşlər Nazirliyi bildirir ki, aprelin18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıb. İdrak Abbasov və Camal Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstərib. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri polisə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıb.

Jurnalistlərin hücuma məruz qalmasına beynəlxalq təşkilatların etiraz bəyanatları da davam etməkdədir. Nyu York Jurnalistləri Müdafiə Komitəsi, Amnesty İnternational, Freedom House, bundan əvvəl isə “Sərhədsiz reportyorlar” İdrak Abbasovu vəhşicəsinə döyənlərin və digər reportyorlara hücum edənlərin dərhal cəzalandırılmasını tələb edib

“Jurnalistin döyülməsi mümkün olan şey deyil. Bu, olmamalıdır”, - bu bəyanatla Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri, səfir Rolan Kobia çıxış edib.

Jurnalistləri Müdafiə Komitəsi hesab edir ki, polis baş verənləri sakitcə müşahidə edib və İdrak Abbasovu, “Yeni Müsavat” qəzetinin reportyoru Günay Musayevanı, Azadlıq radiosunun müxbiri Esmira Cavadovanı, “Obyektiv” televiziyasının əməkdaşları Qalib Həsənovu və Elnur Məmmədovu müdafiə etməyib. “Biz öz işini yerinə yetirən İdraka və onun həmkarlarına vəhşicəsinə hücumdan şoka düşmüşük”, - deyə komitənin nümayəndəsi Nina Oqnyanova bildirib.

“Əgər hakimiyyət Eurovision müsabiqəsinə beynəlxalq mətbuatı dəvət etmək istəyirsə, onda hücum faktını araşdırsın və göstərsin ki, jurnalistlərə qarşı kobudluq yolverilməzdir”, - o vurğulayıb.
Amnesty İnternational təşkilatının nümayəndəsi Con Dalussenin fikrincə, hakimiyyət düşünür ki, Eurovision ərəfəsində gözəl şəkilləri yaymaqla müsbət imic formalaşdırır. “Lakin məlumdur ki, hakimiyyət ölkədə mənfi məqamların işıqlandırılması cəhdlərini açıq şəkildə boğur. Azərbaycan mətbuat azadlığına hörmət etməlidir, Eurovision müsabiqəsinin təşkilatçısı - Avropa Yayım Birliyi jurnalistləri müdafiə etməlidir”, - deyə o qeyd edib.
Human Rights Watch təşkilatının nümayəndəsi Hyu Vilyamson bildirib ki, günün günorta çağı təhlükəsizlik xidmətinin İdraka hücum edərək döyməsi Azərbaycanda cəzasızlıq atmosferindən və jurnalistlərin hüquqlarının açıq şəkildə pozulmasından xəbər verir. O, Avropa Yayım Birliyini baş verənlərə öz münasibətini bildirməyə çağırıb.
Freedom House isə bəyanatında qeyd edib ki, Azərbaycan jurnalistlərin işləməsi üçün ən pis yerlərdən biri olaraq qalır. “Burada müstəqil mətbuat daim təqib olunur. İdrakla bağlı insident bu cür çoxsaylı hallardan biridir”.

Bu gün Azərbaycan KİV-nin bir çox redaktorları, jurnalist təşkilatlarının rəhbərləri də reportyor İdrak Abbasovun döyülməsi və bir qrup digər jurnalistə basqını müzakirə edib.

Görüş iştirakçıları təqsirkarlarının müəyyən edilməsi və cəzalandırılması çağırışı ilə dövlət başçısına müraciət etməyi qərara alıb. Həmçinin baş prokurora, ombudsmana və beynəlxalq qurumlara müraciət etmək qərarı qəbul edilib.

XS
SM
MD
LG