Accessibility links

Jurnalist istintaqın cinayətkarları cəzalandıracağına inanmır .

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun həyatına təhlükə qalmaqdadır. O Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, hazırda da ona və ailəsinə qarşı hədələr qalır. “Dövlət Neft Şirkətinin təhlükəsizlik əməkdaşları tərəfindən döyülməmişdən bir ay öncə azyaşlı uşağımı avtomobillə vurdular. Təsadüfdən sağ qalıb. Bu günlərdə ömrünün çox hissəsini həbsxanada keçirmiş qonşumuz məni “özünü pis aparırsan” deyə hədələyib. Yoldaşım uşaqları bağçaya apararkən ona söz atırlar, evimi daşlayırlar. Bütün bunlara baxmayaraq Azərbaycanda yaşamaqda davam edəcəm”, - deyə o qeyd edib.

Jurnalist aprelin 18-də Bakının Sulutəpə qəsəbəsində evlərin sökülməsi zamanı çəkiliş apararkən döyülüb. Onun iki qabırğası sınıb, göz nahiyəsi və bədəninin müxtəlif nahiyələri əzilib. Uzun müddət xəstəxanada müalicə alıb. Hazırda səhhəti kafi kimi qiymətləndirilsə də, bir gözündə görmə tam bərpa olunmayıb. “Mənim döyülməyimlə bağlı Neft Şirkəti daxili araşdırma, Daxili İşlər Nazirliyi isə istintaq aparır. Neft Şirkətinin araşdırmasından tam narazıyam. Çünki, bu şirkətin əməkdaşları məni döyüb və şirkət öz əməkdaşlarını haqlı hesab edir. Yekun rəydə yazıblar ki, guya onların əməkdaşlarının üzərinə süvarilərlə hücum olub. Gülməlidir... ”

Jurnalist istintaqdan da narazıdır. “İlk öncə jurnalistin fəaliyyətinə mane olma ittihamı ilə cinayət işi qaldırılmayıb. Yalnız, 3-4 gün öncə, Amerika dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı dövlət başçısı ilə görüşündə mənim və jurnalist Xədicə İsmayılovanın məsələsini qaldırdıqdan sonra istintaq orqanı məni zərərçəkən kimi tanıyıb”.

O istintaqın jurnalisti döyənləri tapıb cəzalandıracağına inanmır. “Azərbaycan istintaq orqanları jurnalist Elmar Hüseynovun, Rafiq Tağının qatillərini və qətlin sifarişçilərini, Novruzəli Məmmədovun ölümünü və təzyiqlərə məruz qalmış çoxsaylı jurnalistlərin işlərini indiyədək araşdırıb cinayətkarları tapmayıb. Mənim döyülməyim də həmin işlər kimi olacaq”, - deyə o qeyd edib.

XS
SM
MD
LG