Accessibility links

FlyDubai təyyarəsinin Rusiyanın cənubunda qəzaya uğraması səbəbləri araşdırılır


Aviasiya mütəxəssisləri şənbə günü FlyDubai laynerinin Rusiyanın cənubunda qəzaya uğraması səbəblərini araşdırmağa başlayıb. Hadisə zamanı təyyarədə olan 62 sərnişin həlak olub.

Rusiya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən bir qrup təhqiqatçı bazar günü Boeing 737 təyyarəsinin qalıqlarını nəzərdən keçirib, hadisənin səbəblərini müəyyən etməyə çalışıb.

Rusiya aviasiya rəsmiləri deyib ki, təyyarənin iki qara qutusu ciddi zədələnib və buna görə də hadisənin səbəbini müəyyən etmək üçün qara qutudakı məlumatı əldə etmək bir neçə ay çəkə bilər.

Dubayda qərargahlanan FlyDubai şirkəti bildirib ki, sərnişinlər arasında 33 qadın 18 kişi və 4 uşaq olub.

Təyyarənin düşdüyü yerin yaxınlığında yaşayan sakinlər Rostov şəhərinin hava limanının girişində əklillər qoyub, şamlar yandırıb.

Məlumatda deyilir ki, təyyarə iki saat yağışlı və güclü küləkli hava şəraitində aeroport üzərində dövrə vurduqdan sonra bir dəfə yerə enməyə çalışıb. İkinci cəhd zamanı isə təyyarə alovlanıb. FlyDubai-in rəhbəri Qeys Əl Qeys hadisədən əvvəl fövqəladə vəziyyət siqnalı verilmədiyini deyib.

Hava limanı rəsmiləri limanın bu gün fəaliyyət göstərəcəyini bildirib.

FlyDubai Emirates hava yollarına bağlı dövlətə məxsus ucuz büdcəli şirkətdir. Şirkətin təyyarələri 2013-cü ildən bəri Rusiyaya uçuşlar həyata keçirir.

XS
SM
MD
LG