Accessibility links

Aclıq edənlər İranda türk dilində təhsil yasağının davam etməsinə etiraz edir

Amerikanın Səsi İran Azərbaycanı ilə bağlı məlumat yayan veb səhifələrə istinadən bildirir ki, Təbriz və Şiraz zindanlarında həbsdə olan 5 türk dil haqları müdafiəçisi Dünya Ana Dili Günü münasibəti ilə üç gün aclıq aksiyası keçirərək İranda türk dilində təhsil yasağının davam etməsinə etiraz bildiriblər.

Bu haqda Gunaz Azərbaycan Televiziyası (Günaz TV) və Oyan News saytı məlumat yayıb.

Yayılan məlumata görə, Təbriz zindanında saxlanılan fəallar Yürüş Mehrəlibəyli (Ayət), Hüseyn Əli Məhəmmədi, Murtaza Muradpur və Rəsul Rəzəvi, habelə Şiraz zindanında sürgündə həbsdə olan Abbas Lisani fevralın 19-dan Dünya Ana Dili Günü fevralın 21-ə qədər aclıq aksiyası keçiriblər.

Güneydə təşkil olan aksiyalarda "Türk dilinin rəsmi dil olması" tələb edilir

Güneydə təşkil olan aksiyalarda "Türk dilinin rəsmi dil olması" tələb edilir

UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.

İlk illər tədbirlər universitetlərdə mədəni mərasim və seminar şəklində keçirilirdi. Ancaq İran İslam Respublikasının tədbirləri qadağan etməyə başlamasından sonra 2007-ci və 2008-ci illərdə Ana Dili günü İran Azərbaycanının bir çox şəhərində kütləvi etirazlarla müşayiət olundu.

Amnesty International 2007-ci il martın 9-da yaydığı hesabatda həmin il 21 fevral Ana Dili Günü etirazları ilə bağlı Urmiyədə təqribən 50, Sulduzda 25, Ərdəbildə 20, Zəncanda 25 nəfərin, Qoşaçay şəhərində isə bir çox etirazçının həbsi ilə bağlı məlumat vermişdi.

2014-cü ildə Şərqi Azərbaycan vilayətinin Əhər şəhəri və Tehranda yüzdən artıq türk dil haqları fəalı Dünya Ana Dili Günü münasibəti ilə keçirilən mərasimlərə qatıldıqları zaman nəzarət altına alındılar.

2015-ci ilin fevral ayında da bir neçə fəal, o cümlədən Dünya Ana Dili Gününü qeyd etməyə icazə almaq üçün imza kampaniyası təşkil edən Əlirza Fərşi həbs edilmişdi.

XS
SM
MD
LG