Accessibility links

Dunya Miyatoviç: ATƏT boyunca söz azadlığını boğan hakimiyyətlər “ərəb baharı” dərslərini düzgün anlamayıb


Dunya Miyatoviç: ATƏT boyunca söz azadlığını boğan hakimiyyətlər “ərəb baharı” dərslərini düzgün anlamayıb

Dunya Miyatoviç: ATƏT boyunca söz azadlığını boğan hakimiyyətlər “ərəb baharı” dərslərini düzgün anlamayıb

Xanım Miyatoviç Azərbaycan da daxil olmaqla, ATƏT regionunda medianın çətinləşən durumunu ABŞ rəsmiləri ilə müzakirə edib.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç həbsdə olan blogerlər Cabbar Savalan və Bəxtiyar Hacıyevlə görüşəcəyinə ümid edir.

Xanım Miyatoviç Turan Agentliyinə bildirib ki, Azərbaycan da daxil olmaqla, ATƏT regionunda medianın çətinləşən durumunu ABŞ rəsmiləri ilə müzakirə edib. O, söz və İnternet azadlığının boğulduğu Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrin rəsmilərinə media əhlini susdurmağa sərf etdikləri enerji və maliyyə imkanlarını ictimai təhsilə və cəmiyyəti məlumatlandırmaya yönəltməyi tövsiyə edir. “Bəzən mənimlə görüşən prezidentlər və xarici işlər nazirləri jurnalist olmayan blogerləri müdafiə etdiyimi irad tuturlar və məsləhət görürlər ki, o blogerlərə necə yazmağı öyrədim. Amma hər kəsin öz işi var. Şəxsən mən öz mandatıma görə cavabdehəm”, - deyə o vurğulayıb.

Xüsusi nümayəndə qeyd edib ki, hakimiyyətlər İnternetdən qorxmamalıdır, əksinə ona cəmiyyətin güzgüsü kimi baxmalıdırlar. O, təəssüflə bildirib ki, ATƏT boyunca söz azadlığını boğan hakimiyyətlər “ərəb baharı” dərslərini düzgün anlamayıblar. Belə ki, onların hədəf aldığı insanlar inqilab edən yox, İnternetdən sadəcə öz fikirlərini ifadə etmək üçün platforma kimi istifadə edənlərdir.

Xanım Miyatoviç xatırladıb ki, Finlandiya və Estoniya kimi dövlətlər İnternet azadlığını öz konstitusiyalarında təsbit etdiyi bir halda, Azərbaycanda vətəndaşlar bu azadlıqdan bəhrələnmək istəyərkən həbs olunurlar.

O, Vaşinqtona səfəri çərçivəsində Corc Vaşinqton Universitetinin tələbələri qarşısında ATƏT ölkələrində təqiblərə məruz qalmış İnternet istifadəçiləri və jurnalistlər barədə məruzə edib. Çıxışının böyük hissəsini Azərbaycanda vəziyyətə, əsasən bu yaxınlarda azadlığa çıxmış Eynulla Fətullayev, Adnan Hacızadə və Emin Milliyə həsr edib. Tələbələrin “nə üçün Julian Assange-i müdafiə etmədiniz” sualının cavabında xanım Miyatoviç deyib ki, onun məsuliyyətsizliyi nəticəsində Azərbaycan və Ermənistan da daxil olmaqla, bəzi ölkələrdə Wikileaks-in məlumatlarının yayılması bir çox insanın həyatını təhlükəyə salıb.

XS
SM
MD
LG