Accessibility links

Miyatovuç: Hakimiyyət jurnalistlərə qarşı zorakılılar barədə təcili tədbirlər görməlidir


Miyatovuç: Hakimiyyət jurnalistlərə qarşı zorakılılar barədə təcili tədbirlər görməlidir

Miyatovuç: Hakimiyyət jurnalistlərə qarşı zorakılılar barədə təcili tədbirlər görməlidir

Azadlıq qəzetinin şərhçisi Seymur Həzi maskalı şəxslər tərəfindən oğurlanıb, döyülüb və əlləri bağlı halda Bakının Binəqədi kəndində atılıb. Daxili İşlər naziri Ramil Usubov hüquq-mühafizə orqanlarının faktın ciddi araşdırılmasında maraqlı olduğunu bildirib.

Azadlıq qəzetinin şərhçisi Seymur Həzi martın 25-dən 26-na keçən gecə işdən evə qayıdarkən Ceyranbatan qəsəbəsində maskalı şəxslər tərəfindən oğurlanıb, döyülüb və sonra əlləri bağlı halda Bakının Binəqədi kəndində atılıb.

Seymur Həzi Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, onu Mersedes markalı mini avtobusda olan 6 nəfər mülki geyimli maskalı şəxs oğurlayıb. “Ceyranbatan qəsəbəsində avtobusdan düşüb 200 metr getmişdim, Mersedes markalı mikroavtobusu gördüm və şübhələndim. Geri dönmək istəyərkən iki nəfər maskalı şəxs məni saxladı. Dörd nəfər maskalı şəxs də onlara qoşuldu və məni 15-20 saniyə ərzində mikroavtobusa sürüdülər. Onlar başıma torba keçirib döyə-döyə, ehtimal ki, Biləcəri qəsəbəsinə apardılar və orada iz qalmamaq üçün mexaniki üsulla döydülər”.
Jurnalist Bakı Kliniki Mərkəzində tibbi müayinədən keçib. Tibbi rəyə görə, Seymur Həzi döş qəfəsinin sağ hissəsindən daha çox zərbələr alıb və əzələləri zədələnib. O hələ də çətin nəfəs alır. “Məni döyən maskalılar rus dilində danışırdı. Onlar tənqidi yazılar yazmamağı, digər insanlar kimi yaşamağı tələb edirdilər. Mikroavtobusda məni döyərkən, onlardan biri İlham Əliyev barədə yazmamağı tələb etdi”.

Jurnalistin iki mobil telefonu əlindən alınıb, noutbukunda axtarış aparılıb.

Bu gün çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları jurnalistə qarşı zorakılığı qınayan bəyanatlarla çıxış edib.

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azadlıq qəzetinin şərhçisi Seymur Həzinin oğurlanmasını və döyülməsini pisləyib.

O, Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılığa son qoyulması üçün təcili tədbirlər görməyə çağırıb. “Hakimiyyət jurnalistlərə qarşı zorakılığa son qoymaq və onların işi üçün əlverişli şərait yaratmaq üçün fəal tədbirlər görməlidir. Bu, hakimiyyətin əsas öhdəliyidir, lakin Azərbaycan hökuməti bu tələbə riayət etmir. Hakimiyyət jurnalistin oğurlanmasını ictimai qaydada pisləməli və bu hadisəni, o cümlədən jurnalistlərə qarşı indiyədək yol verilmiş bütün cinayətləri, habelə 2005-ci ildə Elmar Hüseynovun qətlini araşdırmalıdır”, - deyə xanım Miyatoviç qeyd edir.

Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov nazirliyin Baş İstintaq İdarəsinə jurnalistin oğurlanması və döyülməsi faktı ilə bağlı araşdırma aparılmasını tapşırıb. Bu barədə Turan Agentliyi məlumat yayıb.

Nazir bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər jurnalist təşkilatlarının rəhbərləri ilə görüşdə bildirib ki, istintaq qrupuna prokurorluğun nümayəndələri də daxil edilib. “Hüquq-mühafizə orqanları faktın ciddi araşdırılmasında maraqlıdır. Ola bilsin ki, bu, cəmiyyətdə gərginliyin artmasında maraqlı olan müəyyən qüvvələrin işidir”, - deyə nazir qeyd edib.

XS
SM
MD
LG