Accessibility links

Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir [Video]


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Prezident İlham Əliyev Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqına təbrik imzalayıb.

Təbrikdə deyilir ki, xaricdəki həmvətənlər məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, ölkənin zəngin mədəniyyətinin təbliğinə, bəzi qüvvələrin dövlət və xalqın əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlər görür.

“Diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər”, dövlət başçısı qeyd edir.

Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlının yaşadığı bildirlir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O zaman Azərbaycan xalq hərəkatının fəalları, hazırda həbsdə olan Nemət Pənahlının rəhbərliyi ilə Şimali (Azərbaycan Respublikası) və Cənubi Azərbaycan (İran Azərbaycanı) arasındakı sərhəd dirəklərini dağıdıb. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik Günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub.

XS
SM
MD
LG