Accessibility links

Dünya Bankı: Azərbaycanda maliyyə sistemində islahatlara ehtiyac var


Dünya Bankı

Dünya Bankı

Bakıda Dünya Bankının “Azərbaycanda maliyyə potensialının və inkluzivliyinin gücləndirilməsi hesabatı” təqdim olunub.

Sənəddə deyilir ki, ölkədə maliyyə sektorunun inkişafı və maliyyə savadlılığının artırılması sahəsində görülən işlər maliyyə inkluzivliyi göstəricilərinin yaxşılaşması ilə nəticələnib. Lakin bir çox ölkələrlə müqayisədə bu göstəricilər əhəmiyyətli dərəcədə aşağıdır

Azərbaycan maliyyə əlyetərliyi, maliyyə inkluzivliyi (bank hesabı olan şəxslərin sayı) və maliyyə infrastrukturu baxımından yüksək orta gəlirli ölkələrin orta səviyyəsindən geridədir. Azərbaycanda yalnız 36,4 % yetkin şəxs bank hesabına malikdir. Halbuki, Gürcüstanda bu göstərici 39,7%, Qazaxıstanda - 53,9%, Türkiyədə - 56,6%, Rumıniyada - 60,8%, Serbiyada – 83% təşkil edir.

“Maliyyə xidmətlərinin daha da əlyetərliyi üçün bu xidmətlərin, xüsusilə baza maliyyə məhsullarının məsrəfləri bankların effektivliyinin artırılması, maliyyə sektorunda şəffaflığın və rəqabətin gücləndirilməsi ilə azaldılmalıdır”, - DB-nin Azərbaycan üzrəmeneceri Larisa Leşçenko belə deyib.

Maliyyə əlyetərliyi və inkluzivliyi bir sıra amillərdən, o cümlədən gəlir səviyyəsi, məşğulluq vəziyyəti və ev təsərrüfatlarının ölçüsündən asılıdır. Maliyyə potensialının zəif olması və baza maliyyə xidmətlərinin yüksək məsrəfləri maliyyə xidmətlərinin istifadəsi üçün maneələrdən biri kimi nəzərə çarpır.

Azərbaycanda bank şəbəkəsi (hər 1000 yetkin şəxsə düşən bank şöbələrinin sayına görə) Avropada ən kiçiklərdən biridir. Müasir maliyyə xidmətlərinin göstərilməsi (o cümlədən, filialsız banklar, rəqəmsal maliyyə) isə yetərli səviyyədə inkişaf etməyib. Kredit infrastrukturu (kredit büroları, təminatlı transaksiyalar çərçivəsi) formalaşma mərhələsindədir.

DB-də hesab edirlər ki, 1600 filialdan artıq şəbəkəsi olan “Azərpoçt” ölkədə maliyyə inkluzivliyi və əlyetərliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verə bilər.

Hesabat 4620 yetkin şəxs arasında keçirilmiş sorğu nəticəsində hazırlanıb. Onun sifarişçisi Azərbaycan Mərkəzi Bankıdır. Sənəd İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən İstehlakçıların Müdafiəsi və Maliyyə Savadlılığı texniki yardım layihəsi çərçivəsində ərsəyə gəlib.

XS
SM
MD
LG