Accessibility links

Dunya Miyatoviç: Azərbaycan hökuməti diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etmək vədindən uzaqdır


Dunya Miyatoviç

Dunya Miyatoviç

ATƏT media azadlığı üzrə nümayəndəsi diffamasiyanın internetə şamil edilməsindən narahatdır, Əvəz Zeynallı və həbsdə olan digər jurnalistlərə azadlıq istəyir

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycan parlamentin diffamasiya haqqında cinayət qanunvericiliyini İnternetə şamil etmək qərarından dərin narahatlığını bildirib. Cinayət Məcəlləsinə qəbul edilən dəyişikliklərə görə, İnternetdə böhtana görə 3 ilədək həbs cəzası almaq olar.

“Bu yaxınlarda hökumətə xəbərdarlıq etdim ki, o, diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etmək vədlərindən uzaqdır. Bu öhdəlik 2011-ci ildə prezident Əliyevin fərmanı əsasında İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı çərçivəsində qəbul edilib”, deyə Miyatoviç bildirib.

“Azərbaycan qanunvericiliyinə dünənki düzəlişlər onu ATƏT-in diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsi tövsiyələrindən daha çox uzaqlaşdırır. Mən prezident Əliyevi bu düzəlişləri imzalamamağa çağırıram”, deyə o əlavə edib.

Miyatoviç həmçinin Bakı Apellyasiya Məhkəməsinin “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının 9 illik həbs cəzasını olduğu kimi saxlayan 13 may tarixli qərarını pisləyib.

“İşə ədalətlə baxılacağı ilə bağlı ümidlərimin doğrulmamasından və 13 aylıq həbsdən sonra onun yenə barmaqlıqlar arxasında qalmasından məyus oldum”, deyən Miyatoviç hakimiyyəti Zeynallını və digər həbsdə olan jurnalistləri azad etməyə çağırıb.

Miyatoviç həmçinin Azərbaycanda mətbuat azadlığı ilə bağlı digər məhdudiyyətləri, o cümlədən Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovanın hədələnməsini və “Azadlıq” qəzetinə qarşı diffamasiyaya görə həddindən artıq böyük cərimələri xatırladıb.

“Hadisələrin bu şəkildə inkişafı prezident və parlament seçkiləri ərəfəsində xüsusilə narahat edir”, deyə Miyatoviç bildirib
XS
SM
MD
LG