Accessibility links

Dunya Miyatoviç Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə çağırıb


Dunya Miyatoviç

Dunya Miyatoviç

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç həbsdə olan jurnalistlərin azad edilməsi və ölkədə söz azadlığının təminatı üçün şəraitin yaradılması məqsədilə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti ilə dialoqa başlamağa çağırıb.

“Mən Azərbaycana gəlməyə hazıram və bunu ATƏT-in KİV azadlığı məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi edirəm”, - D.Miyatoviç vurğulayıb. Bu səlahiyyət müddəti bu ilin sonunda bitir.

D.Miyatoviçin bu çağırışı çərşənbə axşamı Tbilisidə “Azadlıq” radiosunun “Naşe Vremya” (“Bizim zaman”) layihəsinin rəhbəri Kənan Əliyevin müraciətindən sonra səslənib. Belə ki, 12-ci Cənubi-Qafqaz KİV konfransı zamanı K.Əliyev Azərbaycanda media problemlərinin həllinin və jurnalistlərin azadlığa buraxılmasının vacibliyini bildirib.

D.Miyatoviç qeyd edib ki, hər zaman söz azadlığı problemləri ilə bağlı Azərbaycan hökumətilə dialoq aparıb, baxmayaraq ki, bu və ya digər məsələlərə dair fikir ayrılıqları olub.

“Ancaq mən bu gün də dialoqa çağırıram və ümid edirəm ki, mənim çağırışım eşidiləcək”, - o vurğulayıb.

K.Əliyevin və D.Miyatoviçin təşəbbüsü Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin çıxışından sonra irəli sürülüb. Belə ki, onlar söz azadlığı sahəsində vəziyyətlə bağlı müxtəlif yanaşma və fikirləri ifadə ediblər.

K.Həsənov diqqəti dövlətin Azərbaycanda müstəqil mətbuatın inkişafında və söz azadlığında maraqlı olmasına yönəldib. M.Əliyev isə 13 jurnalistin və blogerin həbsdə olmasından, mətbuatın özünü maliyyələşdirməsi üçün iqtisadi bazanın olmamasından danışıb.

Bu iki yanaşma ziddiyyətlidir və KİV sahəsində dövlət siyasətinə düzəliş tələb edir, - “Yeni Nəsil” jurnalist təşkilatının rəhbəri Arif Əliyev bildirib.

Hələlik rəsmi Bakının D.Miyatoviçin təşəbbüsünə necə reaksiya verəcəyi məlum deyil. Hər halda K.Həsənov ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsinin çıxışını şərh etməyib

XS
SM
MD
LG