Accessibility links

Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətləri

  • Bulut Mehmandarli

Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətləri

Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətləri

Söhbətimizin qonaqları Bakıdan siyasi şərhçi Professor Qabil Hüseynli və Vaşinqtondan Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin region üzrə eksperti Bülent Əlirzadır.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Eksperti Bülent Əlirza ABŞ-ın Dağlıq Qarabağ problemi ilə Cənubi Osetiya və Abxaziya, həmçinin Dnyestryanı əraziyə fərqli yanaşdığı və hətda ikili standard tətbiq etdiyi barədə Azərbaycanda bəzi şərhçilər tərəfindən irəli sürülən iddialar qarşısında deyir ki, Amerikanın xarici siyasətində hər şeyin həmahənq olduğunu söyləmək mümkün deyil. O, Yaxın Şərq münaqişəsini nümunə gətirərək qeyd edir ki, ABŞ Ərəb-İsrail münaqişəsində də İsraili daha çox dəstəkləyən bir mövqedə olsa da Ərəb ölkələri ilə də yaxın əlaqədə olmaq istəyir: “Burada Azərbaycanda olduğu kimi neft məsələsi də var. Səudiyyə Ərəbistanı neftinin dünya bazarlarına çatması ABŞ üçün olduqca önəmlidir. ABŞ hər halda İsraillə ərəb ölkələrinə münasibətdə bir balans yaratmağa çalışır.” Bülent Əlirza deyir ki, ancaq burada ziddiyyətin olduğu da bir həqiqətdir və Azərbaycan əlbəttə ki, Amerika üçün önəmli bir ölkədir: “Amerikanın xarici siyasətində isə Konqres və bu ölkə də fəaliyyət göstərən İsrail lobbisi və erməni lobbisi kimi lobbilər faktorlarını da nəzərə almaq lazımdır. Bəlkə də xaricdən baxanda bu, bir ziddiyyət kimi görünür ancaq Birləşmiş Ştatlarla münasibətlər belədir.”

O, qeyd edir ki, Amerikanın özünə məxsus bəzi daxili faktorları olacaq, xaricdə bəzi ziddiyyətlər olacaq buna baxmayaraq yeganə super dövlət olduğu üçün və Amerika ilə əlaqələrin əhəmiyyətinə görə bu münasibətlər davam etməli olur. Ekspert qeyd edir ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində erməni genosidi barədə qanun layihəsinin qəbul olunmasından sonra Türkiyə Vaşinqtondakı səfirini geri çağırmışdı və baş nazir Erdoğan burada nüvə məsələlərinə həsr olunmuş sammitdə iştirak etməyəcəyini bildirmişdi. İndi isə Türkiyənin Vaşinqton səfirinin geri qayıtması məsələsi gündəmdədir və əvvəlki bəyanatlara baxmayaraq cənab Erdoğanın sammitdə iştirakı da müzakirə olunur. Bülent Əlirza söyləyir ki, Amerikanın bəzi ziddiyyətli siyasətlərinə baxmayaraq, Amerika ilə yaxşı münasibətləri davam etdirməkdən Türkiyə və Azərbaycan da daxil, bütün ölkələr xeyr görüb.

Siyasi şərhçi Qabil Hüseynli isə ABŞ-ın Dağlıq Qarabağ və başqa problemlərə münasibətdə fərqli siyasət yeritdiyini Cənubi Osetiya və Abxaziya kimi məsələlərdə başqa, Dağlıq Qarabağ məsələsində başqa mövqeidən çıxış etdiyini, Dağlıq Qarabağ probleminə gəldikdə öz müqəddəratını təyin etmə məsələsini önə çəkdiyini irəli sürür və bunu ikili standard adlandırır. Azərbaycanın Amerika ilə çoxtərəfli əməkdaşlığını,o cülmədən, neft qaz layihələrində Amerikanın geniş iştirakı olduğunu, Azərbaycanın terrorizmlə mübarizə və Əfqanıstana qoşun göndərmə, bu ölkəyə yüklərin göndərilməsi sahəsində də tranzit ölkə rolu oynadığını deyir. Qabil Hüseynli söyləyir ki, bütün bunlara baxmayaraq ABŞ-ın Azərbaycana münasibəti bu yaxın əməkdaşlığın tələb etdiyi səviyyədə deyil. O qeyd edir ki, xüsusilə ABŞ-ın Türkiyə-Ermənistan yaxınlaşması məsələsində oynadığı rol və Dağlıq Qarabağ məsələsinə, onun sözləri ilə desək, beynəlxalq hüquq normaları çərçivəsində yanaşmaması əlbətdə Azərbaycanı üzür.

Xatırladaq ki, ABŞ Dövlət Katibinin müavini James Steinberg bu yaxınlarda Xarici Mətbuat Klubunda etdiyi çıxışında müxbirlərin məsələ ilə əlaqədar suallarına cavabında deyib ki, Azərbaycan Qafqazda sülh və sabitlik üçün mühüm bir gücdür. O, ABŞ-ın Qarabağ məsələsinin həlli üçün Azərbaycan və Ermənistanla əməkdaşlığa davam etdiyini xatırladıb. Bu arada ABŞ-da bir qrup qanunverici Prezident Obamaya Azərbaycanın Birləşmiş Ştatların tərəfdaşı kimi önəmini vurğulayan bir məktub göndərmişlər.

XS
SM
MD
LG