Accessibility links

Dəyirmi Masa: Amnesty International-ın hesabatında Azərbaycan və İran


Bakıda polis nümayişçilərin qarşısını alır
Bakıda polis nümayişçilərin qarşısını alır

İranda yaşayan azərbaycanlıların Yaşıl hərəkatda fəal iştirak etməməsini əsaslandıran Vahid Qarabağlı molla hökumətinə qarşı mübarizənin başlıca olaraq milliyətçi xarakter aldığını söylədi.

Qlobal nüfuzlu Amnesty International təşkilatı dünyada insan hüquqlarının durumuna dair illik hesabatını açıqlayıb. “Ədalətsizlik Boşluğu” adlanan sənəddə 159 ölkənin göstəricilərinə nəzər salınır. Amnesty International-ın bildirdiyinə görə 111 ölkədə insan haqlarının tapdanması, 96 ölkədə söz azadlığının boğulması və 55 ölkədə qeyri-ədalətli məhkəmələrin keçirilməsi qeydə alınıb. Hüquq pozuntularının geniş yayıldığı ölkələr sırasında Azərbaycan Respublikası və İran da xüsusi yer alıb. Amnesty International-ın hesabatını müzakirə etmək üçün dəyirmi masa söhbətimizə politoloq Zərdüşt Əlizadə, Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ASMEK) nümayəndəsi Vahid Qarabağlı və Kanadada qərargahlanan müxbirimiz İnsafəli Hidayəti dəvət etdik.

Azərbaycanda insan hüquqlarının pozulmasına diqqət yetirən Zərdüşt Əlizadə hazırkı hökumətin ölkədə avtoritarizm yaratmaq əzmində olduğunu bildirdi. “Hakimiyyət çalışır ki, insanları vətəndaşlıqdan çıxarıb rəiyyətə çevrisin,” deyə politoloq bildirdi. Cənab Əlizadə izah etdi ki, İlham Əliyev hökumətinin azad mətbuata və demokratik təssisatlara basqıları da bu istəkdən irəli gəlir. Yürüdülən siyasəti Azərbaycan xalqına qarşı “səlib yürüşünə” bənzədən politoloq son illərdə Azərbaycan konstitutsiyasında edilən mürtəce dəyişiklikləri və sərvətlərin xalq qarşısında cavabdehlik daşımayan bir zümrə tərəfindən talan edilməsini önə çəkdi.

İran Azərbaycanındakı hüquq pozuntuları barədə söz açan Vahid Qarabağlı İran hakimiyyətinin artıq uzun müddət hüquq pozucuları sırasında ön cərgədə getdiyini bildirdi. Bu sıraya müxtəlif növ təqiblər, həbslər, işgəncələr və qətllərin daxil olduğunu deyən cənab Qarabağlı İranda siyasi mübarizənin çox çətin şərait altında keçdiyini vurğuladı. Kanadada qərargahlanan müxbirimiz İnsafəli Hidayət iyunun 12-də keçirilmiş prezident seçkilərinin və kütləvi etiraz aksiyalarının ardınca vəziyyətin xeyli pisləşdiyini önə çəkdi. Onun sözlərinə görə hakimiyyət Yaşıl hərəkata qarşı sərt metodlardan istifadə edərək öz mövqeyini qoruyub saxlaya bildi. Lakin cəmiyyətdə narazılıq hissi güclü olaraq qalır və müxalifət məğlubiyyətlə barışmayıb.

İranda yaşayan azərbaycanlıların Yaşıl hərəkatda fəal iştirak etməməsini əsaslandıran Vahid Qarabağlı molla hökumətinə qarı mübarizənin başlıca olaraq milliyətçi xarakter aldığını söylədi. Onun sözlərinə görə əksər azərbaycanlılar mübarizəni etnik-mədəni müstəvidə görürlər və onlar İranda cərəyan edən ümumi siyasi mübarizənin hədəflərini bölüşmürlər. İnsafəli Hidayət bu yanaşmanın səhv olduğunu bildirərək milli hərəkatda demokratiya ideallarının geniş yer almamasından gileyləndi. Onun sözlərinə görə azərbaycanlı fəallar milli mədəni hüquqlar uğrunda mübarizədə demokratik dəyərlərə də ciddi fikir verməlidirlər.

Zərdüşt Əlizadə bildirdi ki, milli azadlıq uğrunda mübarizə aparan millətlərdə adətən belə bir xülya yaranır ki, onlar istiqlaliyyət əldə etməklə ictimai azadlıq əldə etmiş olacaqlar. Lakin Afrika, Asiya və bir çox sabiq Sovet ölkələrindəki təcrübə bu illuziyanın tez bir zamanda “çilik-çilik” olduğunu göstərir. Belə ki, yenicə müstəqillik qazanmış dövlətlərdə bir qrup adam hakimiyyəti qəsb edərək xalqın hüquqlarını əvvəlki qaydada və bəlkə də daha kobud şəkildə pozmağa başlayırlar. “Milli azadlıq xarici buxovlardan azad olmaq deməkdirsə, sosial azadlıq daxildəki xalqın içərisindəki buxovlardan azad olmaqdır,” deyə cənab Əlizadə bildirdi. Hazırda Azərbaycan Respublikasında mövcud olan ağır duruma diqqət çəkən politoloq cənublu soydaşlara tövsiyə etdi ki, milli mədəni hüquqlar uğrunda mübarizəni demokratik dəyərlərlə uzlaşdırsınlar. Cənab Əlizadənin sözlərinə görə İran azərbaycanlılarının azadlığı farslar, kürdlər və İranda yaşayan başqa etnik azlıqların azadlıqları ilə sıx bağlıdır.

Dəyirmi masa söhbətini buradan dinləyin:

XS
SM
MD
LG