Accessibility links

Dəyirmi Masa: ATƏT sammiti və Qarabağ sülh danışıqları


Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri

Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri

Politoloqlar hesab edir ki, Azərbaycan tərəfi prinsipcə Dağlıq Qarabağ erməniləri arasında referendum keçirilməsinə razılıq verib. Zəfər Quliyev bunun vaxt udulması məqsədinə xidmət edə biləcəyini deyir.

Hürriyet qəzetinin açıqladığı məlumata əsasən Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu ATƏT-in Almatıda sammiti əsnasında həmkarları Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşməyi planlaşdırır. Nazirlər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və Türkiyə-Ermənistan yaxınlaşmasını müzakirə edəcəklər. Sammit zamanı Ermənistan və Azərbaycan rəsmilərinin ATƏT-in Minsk qrupu həmsədrləri və ABŞ dövlət katibi Hillari Klintonla da görüşləri gözlənilir. Sülh prosesi barədə diskussiya aparmaq üçün dəyirmi masa söhbətimizə Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu və Turan İnformasiya Agentliyinin eksperti Zəfər Quliyevi dəvət etdik.

Sammitdən olan gözləntiləri şərh edən Ərəstun Oruclu nikbinlik üçün bir o qədər də əsas olmadığını bildirdi. Onun sözlərinə görə sammit ərəfəsində hər iki tərəf sərt bəyanatlarla çıxış edib ki, bunların çoxu sülhə xidmət etmir. O, Ermənistan parlamentinin spiker müavini və eləcə də Azərbaycan rəsmilərinin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə istinad etdi. Politoloq Zəfər Quliyev cənab Oruclunun qənaətlərini bölüşdüyünü söylədi. O, vurğuladı ki, bu görüş işgüzar mahiyyət daşıyır. O, danışıqlar zamanı hansısa müddəa üzərində cüzi irəliləyiş ola biləcəyini istisna etmədi. Cənab Quliyevin sözlərinə görə bu görüşün öz-özlüyündə əhəmiyyəti böyük olmasa da son zamanlar Dağlıq Qarabağ sülh danışıqları prosesində bir canlanma hiss olunur. Ələlxüsus böyük qüdrətlər münaqişənin həllinə artan maraq nümayiş etdirirlər.

Azərbaycanın qəbul etdiyi Madrid prinsiplərində Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratlarını müəyyən etməsi üçün referendum keçirməsi müddəası yer alıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qarabağda “rəy sorğusunun” keçirilə biləcəyi haqda dediklərini şərh edən Ərəstun Oruclu haqqında danışılan rəy sorğusunun əslində referenduma işarə olduğunu bildirdi. Cənab Oruclunun fikrincə belə görünür ki, pərdəarxası görüşlərdə Azərbaycan hakimiyyəti prinsipcə referendum ideyasını qəbul edib. Onun sözlərinə görə parlament seçkiləri ərəfəsində, ölkədə hakimiyyətə etimadın sürətlə azaldığı bir məqamda Azərbaycan rəsmiləri “referendum” sözünü işlətməkdən yayınırlar və ona görə problematik ifadədən istifadə edirlər. “Rəy sorğusu əslində qeyri müəyyən ifadədir və heç bir hüquqi əhəmiyyət kəsb etmir. Referendum isə hüquqi aktdır,” deyə o, bildirdi.

Politoloq Zəfər Quliyev danışıqların hər iki tərəfi ciddi təzyiqlər qarşısında qoyduğunu söylədi. Yekun sülh müqaviləsinin imzalanması hər iki tərəfdən ağrılı güzəştlər tələb edəcək. Cənab Quliyevin fikrincə Azərbaycan hökuməti ümid edir ki, ilkin mərhələdə Azərbaycanın işğal edilmiş rayonlarının qaytarılması ilə etimadı bərpa edə biləcək və öz reytinqini qaldıracaq. Referendumun keçirilməsi isə beş il sonra nəzərdə tutulur ki, bu müddət ərzində Azərbaycan öz mövqeyində müəyyən dəyişikliklər apara bilər. O biri tərəfdən müqavilədə Azərbaycan rəhbərliyinin imzasının yer alması Dağlıq Qarabağa nəzarətin itirilməsi ilə nəticələnə bilər, çünki böyük qüdrətlər həmin müqavilənin qarantı qismində öz üzərlərinə öhdəlik götürmüş olacaqlar. Bu isə danışıqlar prosesinin indiki mərhələsində risk faktorunu artırır, deyə Zəfər Quliyev bildirdi.

XS
SM
MD
LG