Accessibility links

Dəyirmi Masa: Azərbaycanda seçki öncəsi medianın durumu


Dəyirmi Masa: Azərbaycanda seçki öncəsi medianın durumu
Dəyirmi Masa: Azərbaycanda seçki öncəsi medianın durumu

Azərbaycanda qarşıdan parlament seçkiləri yaxınlaşır. Bir çox beynəlxalq təşklilatlar ölkədə siyasi atmosferin ağır olduğunu və azadlıqların kəskin şəkildə məhdudlaşdırıldığını bildirir. Buna nümunə olaraq ölkədə jurnalistlərin mütəmadi qaydada həbs olunması, fiziki hücumlara məruz qalması göstərilir. Azərbaycan hökuməti isə hər şeyin normal olduğunu israr edir. Azərbaycanda seçkiöncəsi medianın durumuna həsr olunmuş dəyirmi masa söhbətimizə Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və media üzrə hüquqşünas Ələsgər Məmmədlini dəvət etdik.

Ələsgər Məmmədli Azərbycanda seçkiöncəsi situasiyanı mənfi qiymətləndirdi. Onun sözlərinə görə Azərbaycanda istər çap mətbuatı, istərsə də elektron informasiya vasitələri hökumət mənsublarının sistematik təzyiqləri ilə üzləşib. Nəticədə qəzetlərin böyük əksəriyyəti iqtidar daxilindəki müxtəlif rəsmilərin maraqlarını təmsil edir və müstəqil mətbuat demək olar ki, yox səviyyəsindədir. Cənab Məmmədli ATƏT-in media azadlığı mövzusunda keçirdiyi forumda prezident idarəsinin təmsilçisi Əli Həsənovun media azadlığa haqda söylədiyi müsbət fikirləri bölüşmədiyini dilə gətirdi. O, bildirdi ki, Azərbaycanda Eynulla Fətullayev kimi jurnalist və hökuməti tənqid edən bloggerlər hələ də həbsdədirlər. Qətlə yetirilmiş Monitor jurnalının redaktoru Elmar Hüseynovun qatili hələ də tapılmayıb. Jurnalistlərə qarşı çoxsaylı fiziki hücum halları qeydə alınıb. Belə bir şəraitdə azad mətbuatdan danışmaq yersizdir.

Turan İnfomasiya Agentliynin redaktoru Mehman Əliyev də Azərbaycnda medianın ağır durumu ilə bağlı fikirlərə şərik çıxdı. Azərbaycanın qonşusu Gürcüstanla vəziyyəti müqayisə edən cənab Əliyev vətəndə mətbuatın addımbaşı problemlərlə üzləşdiyini, siyasi basqıları və iqtisadi imkanların məhdudlaşdırılmasını önə çəkdi. Gürcüstanda fərqli fikirlərin televiziya və qəzet səhifələrində yer aldığı halda Azərbaycanda cüzi sayda mətbuat orqanları var ki, onların reklam bazarı süni yollarla məhdudlaşdırılır və jurnalist fəaliyyətinə əngəl törədilir. Hazırkı durumu bir il bundan öncə ilə müqayisə edən Mehmand Əliyev qeyd etdi ki, iqtidar mənsubları Yeni MüsavatAzadlıq qəzetlərinin alıcılar arasında populyar olduğunu gördükdən sonra bu qəzetlərin yayımında problemlər yaratmağa başladılar.

Hər iki mütəxəssis vurğuladı ki, Azərbaycan oxucuları arasında qəzetlərə və müstəqil informasiyaya təlabat böyük olsa da məlumatın paylaşmasında ciddi problemlər yaşanır. Bakıdan kənarda regionlara qəzetlər vaxtlı-vaxtında çatdırılmır və yerli hakimiyyət orqanları hər vəchlə bunun qarşısını almağa can atır. Nəticədə rayonlarda əhali ölkədə cərəyan edən hadisələr haqda dolğun məlumat əldə bilmir. Bir çoxları peyk vasitəsilə xarici, ələlxüsus Türkiyə telekanallarına üz tutur.

XS
SM
MD
LG