Accessibility links

Dəyirmi Masa: Azərbaycanda siyasi azadlıqların durumu


Dəyirmi Masa: Azərbaycanda siyasi azadlıqların durumu
Dəyirmi Masa: Azərbaycanda siyasi azadlıqların durumu

Azərbaycanda siyasi azadlıqların durumunu müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə müstəqil politoloq Zərdüşt Əlizadə, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və dövlətə məxsus “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadığovu dəvət etdik.

Bu həftənin əvvəli Bakı şəhərinin mərkəzində müxalifətin aksiyası ilə yadda qaldı. “Azadlıq” blokunun Bakı şəhər icra hakimiyyəti qarşısında təşkil etdiyi piket cəhdi polis tərəfindən dağıdıldı. Lakin ölkədə baş verənlər dünya ictimaiyyətinin gözündən yayınmadı. Amnesty International və başqa insan haqları qrupları Azərbaycan hökumətinin insan haqlarına, ələlxüsus toplaşma və ifadə azadlığına hörmət etməyə səslədilər. Azərbaycanda fundamental siyasi azadlıqların durumunu müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə müstəqil politoloq Zərdüşt Əlizadə, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və dövlətə məxsus “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadığovu dəvət etdik.

Azərbaycanda siyasi azadlıqların ümumi durumu haqda sualı cavablandıran dövlətə məxsus Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadığov ölkədə demokratik normalara hörmət edildiyini bildirdi. Cənab Sadığovun sözlərinə görə, Azərbaycan insanı azaddır. O, söylədi ki, ölkədə çox sayda qəzet və jurnallar çıxır, insanlar öz fikirlərini istədikləri kimi izhar edir və sərbəst toplaşma azadlığı mövcuddur. Bu fikirlə razılaşmayan politoloq Zərdüşt Əlizadə Azərbaycanda siyasi azadlıqların artan qaydada boğulduğunu vurğuladı. Ölkədə azad sözə qarşı sistematik basqıları sadalayan cənab Əlizadə müstəqil mətbuatın maliyyə qaynaqlarının məhv edildiyini və jurnalistlərə qarşı fiziki hücumlar edildiyini önə çəkdi. Eyni zamanda o, Azərbaycan hökumətinin toplaşma azadlığını radikal şəkildə məhdudlaşdırıldığını deyərək bunun insanların təşkilatlanmasına qarşı yönəldiyini bildirdi.

Həftənin əvvəlində “Azadlıq” blokunun keçirməyə cəhd göstərdiyi piketin dağıdılmasına reaksiyası soruşulan Bəxtiyar Sadığov aksiyanın dağıdılmasına normal baxdığını söylədi. O, icazə verilməyən aksiyanın qarşısını hüquq mühafizə orqanlarının “yüksək peşəkarlıqla, məharətlə” aldığını bildirdi. “Hər hansı bir digər demokratik cəhətdən inkişaf etmiş dövlətlərdə də icazəsiz aksiya keçiriləndə bundan da daha şiddətli şəkildə qarşısı alınır və bu, hər yerdə normal sayılır,” deyə millət vəkili bildirdi. Zərdüşt Əlizadə isə məsələyə yanaşmanın səhv təfəkkürdən qaynaqlandığını bildirdi. Politoloqun sözlərinə görə toplaşma azadlığı Azərbaycanın konstitutsiyasında təsbit olunub və bunun üçün hansısa məmurdan icazə almağa ehtiyac olmamalıdır. “Vaşinqtonda Amerika vətəndaşları Ağ Ev qarşısında piket və ya nümayiş keçirə bilərlə, Parisdə Fransa vətəndaşları meriya qarşısında nümayiş keçirə bilərlər, Berlində keçirə bilərlər, Bakıda isə keçirə bilməzlər,” deyə cənab Əlizadə bildirdi, və tərəf müqabilini Azərbaycanı demokratik dövlətlərlə müqayisə aparmamağa çağırdı.

Freedom House-un son hesabatına şərh verən "Yeni Nəsil" Jurnalistlər Biriyinin sədri Arif Əliyev bu hesabatda yer alan fikirlərin bir çox müşahidəçilər tərəfindən verilən rəylərlə üst-üstə düşdüyünü qeyd etdi. “Fakt budur ki, Azərbaycan jurnalistlərin həbsinə görə Avropada liderdir,” deyə cənab Əliyev bildirdi. O, diqqətə çatdırdı ki, mətbut azadlığı baxımdan müstəqil jurnalistika Azərbaycanda çoxsaylı problemlərlə üzləşir. Millət vəkili Bəxtiyar Sadığov Freedom House kimi təşkilatları Azərbaycana ikili standardlardan qiymət verdiyini deyərək, Azərbaycan rəsmilərinin məsələyə daha obyektiv yanaşdığını bildirdi. Politoloq Zərdüşt Əlizadə cənab Sadiğovun məsələyə yanaşmasını Sovet dönəmində partokratların tutduğu mövqe ilə müqayisə etdi. Onun sözlərinə görə, Sovet dönəmində də dövlət rəsmiləri Qərbi ikili standardlarda ittiham edərək kommunist dövlətində demokratiyanın çiçəkləndiyini və hər şeyin yaxşı olduğunu deyərdilər. Sonradan Sovet İttifaqı dağıldı və məlum oldu ki, kommunist rəhbərlərinin xalqa söylədikləri yalan olub.

XS
SM
MD
LG