Accessibility links

Dəyirmi Masa: BMT məhkəməsinin Kosovo haqda qərarının Cənubi Qafqaza təsirləri


BMT-nin beynəlxalq məhkəməsi bu günlərdə Kosovonun 2008-ci ildə Serbiyadan ayrılmaq haqda birtərəfli bəyannaməsinin beynəlxalq qanuna zidd olmadığı haqda tövsiyə mahiyyətli qərar qəbul edib. Bir çox müşahidəçilər qərarın mümkün qlobal təsirlərindən narahatlıqlarını ifadə edir onun beynəlxalq düzəni sabitsizləşdirəcəyindən ehtiyat edirlər. Kosovo barədə Haaqa məhkəməsinin qərarının Cənubi Qafqazda ərazi münaqişələrinə, ələlxüsus Dağlıq Qarabağ münaqişəsinə təsiri barədə diskussiya aparmaq üçün bu günkü dəyirmi masa söhbətimizə politoloqlar Qabil Hüseynli və Rasim Musabəylini dəvət etmişik.

Qərarın beynəlxalq hüquqda çəkisi ilə bağlı şərh verən Rasim Musabəyli onun unikal xarakter daşıdığını önə çəkdi və buna müvafiq məhkəmə rəsmilərinə istinad etdi. Bununla yanaşı, cənab Musabəyli bildirdi ki, başqa münaqişələrdə bu qərardan presedent kimi istifadə olunmasına cəhd göstəriləcək. Və sonda qərarın mənfi fəsadları onun müsbət aspektlərini üstələyə bilər. Konkret Dağlıq Qarabağ məsələsinə gəldikdə, cənab Musabəyli erməni tərəfin bu qərardan həyəcanlandığını bildirdi, lakin onu da qeyd etdi ki, Ermənistan rəhbərliyi Rusiyadan ehtiyat edərək Kosovonun müstəqilliyini tanımayıb.

Politoloq Qabil Hüseynli bu qərarın mühüm presedent təşkil etdiyini bildirdi. Belə ki, etnik müqəddaratın təyin edilməsi haqqını tanımaqla beynəlxalaq ictimaiyyət regionda alban xalqının iki dövlətinin mövcudluğuna şərait yaradıb. O, burada ikili standartlara yol verildiyini də önə çəkdi. Qabil Hseynlinin sözlərinə görə Qərb qüdrətləri Gürcüstanın ərazi bütövlüyünü möhkəm müdafiə etdikləri halda Azərbaycana gəldikdə fəqrli mövqe sərgilənir. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tamamilə başqa arqumentlər ön plana çıxarılır. Və burada ərazi bütövlüyünün toxunulmazlığı və milli müqəddəratın təyin edilməsi anlamlarının mutasiyası ilə bağlı kəlmələr işlədilir.”

Politoloq Rasim Musabəyli məsələlərə düzgün kontekstdən baxmağı məsləhət gördü. O, bildirdi ki, Yuqoslaviyanın tərkib hissələri olmuş Sloveniyanın bir milyon əhalisi və Çernoqoriyanın yarım milyon əhalisi olduğu halda Kosovoda iki milyon alban yaşayır. Onlar hələ Yuqoslaviya dönəmində müəyyən muxtar hüquqlara malik idilər. Lakin sonradan serblər onlara qarşı etnik təmziləmə siyasətinə start verdi və bir çox zorakılıqlar törədildi. Bu faktorlar beynəlxalq ictimaiyyəti Kosovonun müstəqilliyə haqq qazanması haqda qənaətə gəlməyə sövq etdi.

XS
SM
MD
LG