Accessibility links

Dəyirmi Masa: Rusiya prezidentinin Azərbaycana səfəri


Şahin Hacıyev hesab edir ki, Rusiyanın başlıca məramı Azərbaycanı Qərb dövlətlərindən, ələlxüsus ABŞ-dan uzaqlaşdırmaq və Cənubi Qafqazda öz təsirini gücləndirməkdir

Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycanda səfərdədir. Ermənistana səfərdən və orada Rusiya ilə Ermənistan arasında hərbi ittifaq istiqamətində razılaşma imzalanmasının ardınca Mevedyevin Bakıya gəlişi müşahidəçilər arasında geniş maraq doğurur. Səfərin məqsədi, məramı nədən ibarətdir? Bu səfər Azərbaycan-Rusiya münasibətlərində nə kimi dəyişikliyə təkan verə bilər? Bu sualları cavablandırmaq üçün dəyirmi masa söhbətimizə politoloqlar Rasim Musabəyli və Şahin Hacıyevi dəvət etdik.

Rasim Musabəyli səfərin rəsmi məramlarından söz açarkən Rusiya ilə Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi barədə sazişin imzalanacağını bildirdi. Lakin cənab Musabəylinin sözlərinə görə danışıqlar təkcə sərhədlərin delimitasiyası ilə məhdudlaşmayacaq. Güman etmək olar ki, liderlər Dağlıq Qarabağ münaqişəsinin çözülməsi barədə ətraflı müzakirələr aparacaqlar. Politoloq İranın ətrafında cərəyan edən beynəlxalq böhran, iqtisadiyyat və mədəniyyətdən tutmuş təhlükəsizliyə qədər bir sıra məsələlər üzərində də danışıqların keçiriləcəyini söylədi.

Şahin Hacıyevin fikrincə Rusiya prezidentinin səfəri Kremlin xarici siyasət hədəflərinə xidmət edir ki, bunların bir çoxu Azərbaycanın dövlət maraqlarına ziddir. “Rusiya öz xarici siyasətini yürüdür və bunu Azərbaycan maraqlarını nəzərə almadan edir.” Cənab Hacıyev qeyd etdi ki, Rusiyanın başlıca məramı Azərbaycanı Qərb dövlətlərindən, ələlxüsus ABŞ-dan uzaqlaşdırmaq və Cənubi Qafqazda öz təsirini gücləndirməkdir. Onun fikrincə Rusiya böyük dövlət kimi hesab edir ki, o öz iradəsini Azərbaycana qəbul etdirə bilər və kiçik dövlət kimi Azərbaycan Rusiya qarşısında ciddi müqavimət imkanlarına malik deyil.

Rasim Musabəyli Azərbaycanın müqavimət imkanları haqda deyilənlərlə razılaşmadığını bildirdi: “Rusiya çox şeyi istəyə bilər, ancaq Azərbaycanın vəziyyəti Ermənistan və ya Gürcüstandan xeyli fərqlənir. Çünki Azərbaycanın imkanları daha genişdir.” O, bildirdi ki, Şimali Qafqaz problemlərlə üzləşən Rusiya rəsmi Bakı ilə bir sıra məsələlərdə hesablaşmağa məcburdur. “Azərbaycanın Rusiya ilə siyasi alver etmək üçün əlində kifayət qədər kartları var,” deyə politoloq söylədi. Şahin Hacıyev isə bu fikrə skeptik yanaşdığını bildirdi. O, əlavə etdi ki, əgər Azərbaycanın əlində haqqında deyilən imkanlar olsaydı o, öz işğal edilmiş torpaqlarını aad etmək iqtidarında olardı. Lakin yekun nəticədə Azərbaycan Rusiyaya rəğmən öz maraqlarını müdafiə etməkdə ciddi sınaqlarla üzləşir.

XS
SM
MD
LG