Accessibility links

Dəyirmi Masa: Rusiya-Türkiyə münasibətləri


Bir çoxlarinin tarixi sammit kimi dəyərləndirdiyi görüşdə 18-ci əsrin əvvəllərindən bəri rəqib olan dövlətlər bir sıra mühüm məsələlərdə əməkdaşlıq haqda sənədlər imzalayıblar

Rusiya prezidenti Dmitri Medvedev dünən Türkiyəyə səfər edib. Bir çoxlarinin tarixi sammit kimi dəyərləndirdiyi görüşdə 18-ci əsrin əvvəllərindən bəri rəqib olan dövlətlər bir sıra mühüm məsələlərdə əməkdaşlıq haqda sənədlər imzalayıblar. İki ölkə arasında ilk dəfə olaraq visa rejimi aradan qaldırılıb. Türkiyə prezidenti Abdullah Gül cənab Medvedevlə Ankarada birgə keçirdikləri mətbuat konfransında iki ölkə arasında ticari mübadilənin gələn beş ildə yüz milyard dollara çatacağını bəyan edib. O biri tərəfdən regional ekspertlər Rusiya-Türkiyə yaxınlaşmasının Cənubi Qafqaza mümkün təsirlərini də yaxından izləyirlər. Bu mövzuda diskussiya aparmaq üçün dəyirmi masa söhbətimizə Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının Orta Asiya və Qafqaz proqramının direktoru Həsən Səlim Özertem, Azərbaycan-Atlantik Assosiasiyasının sədri Sülhəddin Əkbər və “Azərbaycan Naminə” forumunun rəhbəri Eldar Namazovu dəvət etdik.

Rusiya-Türkiyə münasibətlərində fundamental dəyişikliyin baş verib-vermədiyi haqda sualı cavablandıran Sülhəddin Əkbər son bir neçə il ərzində iki dövlət arasındakı münasibətlərdə fərqli tonun müşahidə olunduğunu diqqətə çatdırdı. O, bu münasibətlərin tədricən strateji əməkdaşlıq xarakteri aldığını bildirdi. “İki ölkə arasında visa tələblərinin aradan qaldırılması qarşılıqlı etimadın səviyəsini göstərir,” deyə o, söylədi. Eldar Namazovun fikrincə Türkiyənin Avropa İttifaqına daxil olmasında yaranan ləngimələr bu ölkənin xarici siyasətini başqa istiqamətə yönəltməsinə rəvac verdi. Rusiya-Türkiyə yaxınlaşmasına bu perspektivdən nəzər salan politoloq qeyd etdi ki, tarixən Rusiya çarlığı ilə Osmanlı İmperiyası arasındakı qarşıdurma Qafqaz və müxtəlif regionlarda sərt rəqabətlə özünü büruzə verib. “Ona görə də Türkiyə-Rusiya münasibətlərinin strateji partnyorluq istiqamətində inkişafı bu regionda problemlərin həllinə kömək edə bilər,” deyə Eldar Namazov əlavə etdi.

Həsən Səlim Özertem deyilənlərlə razılaşdığını bildirərək iki ölkə arasında uzun müddət düşmənçiliyin mövcud olduğunu vurğuladı. Lakin 1980-ci illərin sonundan başlayaraq Rusiya ilə Türkiyə arasında iqtisadi əməkdaşlığq start götürdü. Sovet İttifaqının 1991-ci ildə dağılmasının ardınca biznes münasibətləri vüsət alaraq iki ölkə arasındakı iqtisadi tellərin sıxlaşması ilə nəticələndi. Bu münasibətlər Türkiyədə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsi ilə daha ciddi xarakter aldı. Belə ki, artıq iqtisadi münasibətlərin möhkəmləndiyi bir dönəmdə Türkiyə və Rusiya bəzi xarici siyasət məqamlarında ortaq maraqlar sərgiləməyə başladılar.

Rusiya-Türkiyə yaxınlaşmasının Cənubi Qafqaza mümkün təsirlərindən söz açan cənab Özertem Türkiyənin nüfuzunun regionda getdikcə artdığını önə çəkdi. Türkliyə Dağlıq Qarabağ probleminin həllini regional münasibətlərin yaxşılaşmasına açar kimi göğrür. Lakin Kreml israr edir ki, bunlar fərqli məsələlərdir və ayrı-ayrılıqda nəzərdən keçirilməlidir. O biri tərəfdən Ankara ilə Moskva arasında yaranan təmaslar ortaya xoş məramın çıxması üçün şərait yaratmış olur. Cənab Özertemin sözlərinə görə Rusiyadan fərqli olaraq Türkiyə regiondakı mövcudluğunu Azərbaycan və Gürcüstanla BTC boru kəməri, Bakı-Tiflis-Ərzurum dəmiryolu kimi birgə iqtisadi layihələr həyata keçirməklə nail olub. Bu, isə o deməkdir ki, həmin nüfuz dayanıqlı əsaslara söykənir və Rusiya bununla hesablaşmalı olacaq.

Rusiya ilə Türkiyə arasında visa tələblərinin aradan qaldırıldığı halda Türkiyə vətəndaşlarının hələ də Azərbaycana daxil olması üçün onlardan visa tələb olunması faktına gəlincə, cənab Əkbər və Namazov Azərbaycan-Türkiyə münasibətlərindəki soyuqluğu rəsmi Bakının yürütdüyü siyasətlə əlaqələndirdilər. Ekspertlərin fikrincə Azərbaycanın avtoritar mahiyyətli hökuməti bir çox məsələlərdə Türkiyənin demokratik quruluşu ilə dil tapa bilmir və Azərbaycan-Türkiyə müttəfiqliyi bunun nəticəsi olaraq ziyan çəkir.

XS
SM
MD
LG