Accessibility links

Bloger Əbdül Əbilov karserə salınıb


Əbdül Əbilov (Foto Ülvi Həsənlinindir)
Əbdül Əbilov (Foto Ülvi Həsənlinindir)

NİDA Vətəndaş Hərəkatı bloger Əbdülə Əbilovun karserə (cəza kamerası) salındığını bildirir.

NİDA həmçinin 13 saylı cəzaçəkmə müəssisəsində məhbuslarla davranışa etiraz edir.

Hərəkat fevralın 3-də siyasi məhbusların saxlanma vəziyyəti ilə bağlı yaydığı bəyanatda deyilir ki, yanvarın25-də nidaçı bloger Əbdül Əbilovun anası Nurcahan Əbilova mətbuata açıqlamasında Əbdülün səhhətində problemlərin olduğunu bildirib.

“NİDA Vətəndaş Hərəkatı problemi araşdırdıq və 13 saylı cəzacəkmə müəssisəsində saxlanılan siyasi məhbuslarla bağlı türmə (cəzaçəkmə müəssisəsi nəzərdə tutulur-red) rəhbərliyinin özbaşınalıqları və təzyiqləri haqda məlumatlar əldə etdik. İlkin olaraq Əbdül Əbilovla bağlı ictimaiyyəti məlumatlandırmaq istəyirik ki, o digər siyasi məhbus Anar Məmmədli ilə birlikdə yemək yediyinə görə bir günlük karserə salınıb. Orada onunla kobud davranılıb, fiziki zorakılıq və təzyiq olunub. Ümumiyyətlə, 13 saylı cəzaçəkmə müəssisəsində digər siyasi məhbuslarla da türmə rəhbərliyi kobud davranır və müxtəlif qanunsuz qadağalar qoyub. Siyasi məhbuslara bir-biri ilə görüşməyə, söhbət etməyə, birgə yemək yeməyə imkan verilmir. Onlara bir-biri ilə görüşəcəkləri təqdirdəcəzalandırılacaqları bildirilib”, sənəddə qeyd edilir.

NİDA Vətəndaş Hərəkatı Ədliyyə Nazirliyindən, Penitensiar Xidmətdən və digər aidiyyatı qurumlardan baş verənləri araşdırmağı, 13 saylı cəzaçəkmə müəssisəsininrəhbərliyindən məhbuslarla qeyri-insanı davranışı dayandırmağı tələb edir.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Cəza İcra Qanunvericiliyinin tələblərinə görə, cəzanı icra edən orqan cəza çəkən şəxsin yerdəyişmələri, barəsində tətbiq olunan tənbeh tədbirləri və s. haqda məlumatları KİV-ə vermək səlahiyyətində deyil. Bu məlumatları məhkumun razılığı ilə yalnız onun vəkili və ailə üzvləri əldə edə bilərlər.

“Hər hansı məhkumun barəsində çıxarılmış tənbeh tədbirindən narazılığına gəlincə isə AR Cəza İcra Qanunvericiliyinə görə, onun bununla bağlı cəzanı icra edən müəssisə rəhbərliyinin qərarından məhkəməyə müraciət etmək hüququ var. Tətbiq olunmuş tənbeh tədbirinin səbəbləri cəzanı icra edən orqan yalnız məhkəmə orqanı qarşısında aydınlıq gətirməyə borcludur”, cavabda qeyd edilir.

XS
SM
MD
LG