Accessibility links

ABŞ və Azərbaycan müdafiə nazirləri görüşüb


Azərbaycan müdafiə naziri Səfər Əbiyev ABŞ-ın müdafiə katibi Çak Heygellə görüşüb

Azərbaycan müdafiə naziri Səfər Əbiyev ABŞ-ın müdafiə katibi Çak Heygellə görüşüb

Nazirlər ikitərəfli əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, Əfqanıstan, Qafqazda hərbi-siyasi durum, terrorizmə qarşı mübarizə, hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib

ABŞ-da səfərdə olan Azərbaycan müdafiə naziri Səfər Əbiyev
ABŞ müdafiə katibi Çak Heygellə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunan nazir Səfər Əbiyev əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu qeyd edib.

Nazir bildirib ki, ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub.

Əbiyev ölkəsinin 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə verəcəyini vurğulayıb və artıq bu niyyətin NATO tərəfindən dəstəkləndiyini həmkarının diqqətinə çatdırıb.

Söhbət zamanı nazir Əbiyev beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin və beynəlxalq koalisiya əməliyyatlarında birgə iştirakın verdiyi töhfələrin əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Avro-Atlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işləri qeyd edən Səfər Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji əməkdaşlığın inkişaf etdirilməsində mühüm faktora çevrildiyini vurğulayıb.

Görüşdə Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə söhbət açan müdafiə naziri bildirib ki, Azərbaycan torpaqları 20 ildir ki, işğal altındadır. ABŞ və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmir. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq insan öz doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ancaq çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib.

Sözünə davam edən Səfər Əbiyev bu məsələdə 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasının yaratdığı problemləri və bunun ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulayıb.

Nazir Səfər Əbiyev Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi siyasi vəziyyətin davam edəcəyini amerikalı həmkarının diqqətinə çatdırıb.

Görüş zamanı ABŞ-ın müdafiə katibi Çak Heygel müdafiə naziri Səfər Əbiyevin fikirləri ilə razılaşdığını bildirib və Azərbaycanın dostu olaraq bundan sonra da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb.

Daha sonra nazirlər ölkələr arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşün sonunda müdafiə naziri Əbiyev ABŞ müdafiə katibi Çak Heygelə Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib. Ç Heygel dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib.

Nazir Səfər Əbiyevin həmin gün ABŞ Hərbi Dəniz Katibi Rey Mabusla da görüşü olub. Söhbət zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
XS
SM
MD
LG