Accessibility links

Əbülfəz Elçibəyin vəfatından 14 il keçir [Fotoqalereya]


Əbülfəz Elçibəyin vəfatından 14 il keçir

Əbülfəz Elçibəyin vəfatından 14 il keçir

Çoxsaylı insanlar Milli Azadlıq Hərəkatının liderinin məzarını ziyarət edilib

Bu gün Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatında 14 il keçir. Çoxsaylı siyasi partiyalar, ictimai təşkilatlar, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclər Elçibəyin məzarını ziyarət edib.

Azadlıq Hərəkatının liderinin məzar başındakı çıxışların əsas motivi son həbslər, cəbhədəki gərgin duruma yönəlib. Çıxışlarda Rəsulzadə-Elçibəy yolunun, demokratiyanın ölkədə qalib gələcəyi qeyd edilib. Bunun üçün mübarizəni davam etdirmək lazımdır.

Əbülfəz Elçibəy (Əliyev) 24 iyun 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. 1963-cü ilin yanvarında Misirə göndərilən Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.

1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim işləyib.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı apardığına görə həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edilir.

Əbülfəz Elçibəy tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını yayıb. O, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib.

1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda Elçibəy onun rəhbərlərindən olub. O, Azərbaycan Xalq Cəbhəsi təsis ediləndən (iyul 1989) ömrünün sonunadək bu qurumun sədri olub.

AXC-nin gərgin mübarizəsi sayəsində 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edilib.

Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycanda ilk dəfə demokratik yolla prezident seçilib. O ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm işlər görüb.

Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşdırılıb və doğma Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayaraq siyasi mübarizəsini davam etdirib.

1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib. Demokratik Konqresə sədr seçilib (1997), həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 62 yaşında Türkiyənin Ankara şəhərində vəfat edib.

XS
SM
MD
LG