Accessibility links

YUNESKO münaqişə zonalarında uşaqların müdafiəsinə çağırır

  • Amerikanın səsi

YUNESKO -nun“Hamı üçün Təhsil-Qlobal Monitorinq” adlı illik hesabatında münaqişə zonalarında uşaqların təhsili ilə bağlı məlumatlar və statistika əhatə edilir

YUNESKO və tərəfdaş təşkilatlar münaqişə zonalarında uaşqların təhsil imkanlarına malik olmasına yardıma ehtiyacla bağlı beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.

Dünya ölkələrində münaqişələr nəticəsində son illər iki milyon uşaq ölüb, altı milyon uşaq şikəst olub. Münaqişə zonalarında milyonlarla uşaq isə təhsildən məhrum olub. Uşaqlar aldıqları mənəvi travmalara görə öyrənmək qabiliyyəti demək olar itirir.

YUNESKO -nun“Hamı üçün Təhsil-Qlobal Monitorinq” adlı illik hesabatında münaqişə zonalarında uşaqların təhsili ilə bağlı məlumatlar və statistika əhatə edilir.

Burada Minilliyin İnkişafı proqramında qarşıya qoyulmuş məqsədlərə nail olmayan ölkələrdə uşaqların vəziyyəti göstərilir. Bu ölkələrdə 2015-ci ilə qədər universal ibtidai təhsil və gender bərabərliyi təmin olmalıdır.

BMT-nin statistik məlumatlarında münaqişələr nəticəsində təhsil sahəsində geriləmələrin digər səbəbləri də göstərilir. Buraya aclıq, xəstəliklər və travmalar daxildir. Bunlar da öz növbəsində uşaqların qavrama qabiliyyətinə mənfi təsir göstərir. Ekspertlərin fikrincə, bir ölkədə vətəndaşların təhsil imkanları ilə təmin edilməməsi iqtisadi inkişafın ləngiməsi və yoxsulluq səviyyəsinin artmasına gətirib çıxarır.

YUNESKO -nun hesabatının müəlliflərindən biri Polin Roz:“Münaqişə gedən 35 ölkədə apardığımız araşdırma nəticəsində 28 milyon uşağın məktəbə getmədiyi müəyyən edildi. Ümumilikdə bu rəqəm 47 faiz təşkil edir. Səbəblər müxtəlifdir. Bəzi ölkələrdə münaqişə zonalarında ya ümumiyyətlə məktəb yoxdur, ya da müəllim. Uşaqların məktəbə piyada getməsi təhlükəlidir. Qızlar seksual təcavüzə məruz qala bilər. Münaqişələr zamanı qızların zorlanması, ya da seksual zorakılıqlarla qarşılaşması nadir hal deyil.”

Münaqişələrin getdiyi bəzi ölkələr Cenevrə Konvensiyasının məktəblər və xəstəxanalar daxil olmaqla, ictimai yerlərdə hücumlar keçirməmək haqda şərtinə əməl edilməsi haqda təəhhüd götürüb. Lakin YUNESKO bildirir ki, təhsil infrastrukturu bir çox hallarda döyüşlərin mərkəzinə çevrilir.

Məsələn, BMT Syerra Leonedə müharibədən bir il sonra ibtidai məktəblərin yarıdan çoxunun bərpa edilməli olduğunu qeyd edir.

Bəzi hallarda, yaraqlılar məktəbləri hökumət binası kimi, ya da silahlı qüvvələr orada yerləşdirildiyi üçün hədəf alır. Məsələn, Yəmən və Somalidə olduğu kimi. Başqa hallarda bu, dini və ideoloji səbəblərlə bağlı olur.

Əfqanıstanda bəzi yaraqlı qruplar qızların məktəbə getməsinin əleyhinədir və bu zaman onlar qız məktəblərini öz hədəfinə çevirir. Dünyanın başqa ölkələrində münaqişələr zaman məktəblərin ya atışmaların mərkəzində olduğu, ya da yaraqlıların məktəblərdən öz bazalarını kimi istifadə etdiyi müşahidə edilir.

Münaqişələr təkcə təhsil müəssisələrinin dağılmasına səbəb olmur, həm də oğlanlar və qızları seksual zorakılıq riski qarşısında qoyur. Son illər BMT silahlı qruplarla yanaşı, Çad, Sudan və Demokratik Konqo Respublikasında milli ordunun əsgərləri tərəfindən oğlanlar və qızların zorlanması hallarını qeydə alıb. Zorakılıq qurbanları çox vaxt cəmiyyətdən təcrid olunmuş vəziyyətə düşür və bunun nəticəsi olaraq, bu uşaqların məktəbə getməyə davam etməsi mümkün olmur.

BMT günahkarların cəzasız qaldığını bildirir. Təşkilatın bildirdiyinə görə, Demokratik Konqo Rspublikasında məsuliyyət daşıyan insanların çoxu hərbi sistemdə yüksək vəzifələr almışlar.

Məktəblilər eyni zamanda döyüşçülər tərəfindən orduya aparılmaq riski qarşısında qalır. Sudan da daxil olmaqla, bəzi ölkələrdə həm hökumət, həm də qeyri-hökumət qüvvələrinin uşaqları qaçqın düşərgələri və məcburi köçkünlər üçün mərkəzlərdən oğurlayıb aparması halları olmuşdur.

Münaqişələr yerli təhsil infraskrukturunu dağıtmaqla yanaşı, məcburi köçkünlər, ya da qaçqınlardan ibarət bütöv icmaları yox edilmək kimi risklə qarşı-qarşıya qoyur.

BMT bildirir ki, dünyada 19 milyondan çox qaçqının var, onların yarıdan çoxunun yaşı 18-dən azdır.

BMT-nin Qaçqınlar agentliyinin bidirdiyinə görə, Çadda məcburi köçkünlərin üçdə ikisi, Sudanda isə 60 faizini uşaqlar təşkil edir. BMT bildirir ki, əhalisi çox olan müharibədən çıxmış ölkələrdə uşaq əməyindən istifadə səviyyəsinin daha yüksək olacağını və valideynlərinə kömək etdiklərinə görə daha az uşağın məktəbə gedəcəyini gözləmək olar.

Beynəlxalq qanunlara əsasən, yerlərindən didərgin düşmüş insanlar arasında yalnız qaçqınların təhsil almaq hüququ təmin edilir. Lakin buna həmişə riayət edilmir, eyni zamanda təhsil imkanları da bərabər deyil.

Çadın şərqində Darfurdan gəlmiş 270 min qaçqın üçün cəmi iki məktəb fəaliyyət göstərir. Qaçqın düşərgələrindəki məktəblərdə çox vaxt müəllim, təchizat və dərslik çatışmazlığı kimi problemlər mövcuddur.

Polin Roz keçən il Keniyada Dadaab qaçqın düşərgəsində olub. Burada Somalidən 250 min qaçqın var. Düşərgə sakinlərinin təxminən dörddə birini uşaqlar və gənclər təşkil edir. Polin Roz vəziyyəti belə təsvir edir: “Uşaqlar məktəbə gedə bilmir, siniflərdə 300-dən çox uşaq olur. Vəziyyətin daha da pisləşdiyini görürük. Düşərgələr 20 ildir buradadır, yəni bu qısa müddət üçün həll yolu deyil. Dadaabda gənclərdən elə hey eşidirdim ki, onların təhsil imkanları yoxdur, iş yoxdur, onların dostlarının çoxu Somaliyə qayıdandan sonra əllərinə silah alıb. Düşərgədə gənclər arasında bir ümidsizlik atmosferi var. ”

YUNESKO qeyd edir ki, münaqişələrin getdiyi iyirmiyə yaxın ölkədə hərbi xərclər sosial proqramlara ayrılan fondları üstələdiyi bir şəraitdə təhsil mübahisəli siyasi məsələlərdən biri olaraq qalır. Bu ölkələrin çoxu Afrikada Böyük səhraaltı bölgədə yerləşir.

“Hamı üçün Təhsil-Qlobal Monitorinq” adlı hesabatda deyilir ki, Efiopiyada hərbi xərclər ibtidai təhsil üçün ayrılan büdcədən iki dəfə çoxdur. Çadda hərbi büdcə dörd, Pakistanda isə yeddi dəfə böyükdür.

Araşdırmada göstərilir ki, Böyük səhraaltı region ölkələrində hərbi xərclər 10 faiz azaldılsa, ölkədə məktəbə getməyən uşaqların dörddə-üçü, ya da 3 milyon uşaq təhsil almaq imkanı əldə edə bilər. Sənəddə habelə deyilir ki, Pakistanın hərbi büdcəsinin beşdə biri ölkədə universal ibtidai təhsil üçün kifayət edər.

Təhsil fondlarının artırılmasında uğur əldə edən yeganə ölkə kimi Botsvananı göstərmək olar. On illərdir Botsvanada brilyant ixracatından əldə edilən gəlirlər universal ibtidai təhsilin maliyyələşdirilməsi və ölkənin çiçəklənən iqtisadiyyatı üçün peşəkar mütəxəssislərin yetişdirilməsi kimi sahələrə yönəldilir.

Lakin ekspertlər Botsvananın neft və digər təbii ehtiyatlara malik ölkələr arasında istisna olduğunu qeyd edir.

XS
SM
MD
LG