Accessibility links

Boliviya prezidenti Evo Morales təyyarəsində ABŞ kəşfiyyat agentliyinin kontraktoru Edvard Snoudenin olduğu barədə şübhələr yarandıqdan sonra təyyarə məcburi eniş edib. Prezident Evo Morales 12 saatdır Avstriyadadır.

Boliviyanın BMT-dəki nümayəndəsi Avstriyanı prezident Evo Moralesi oğurlamaqda ittiham edib və deyib ki, rəsmi Vyana ABŞ-ın təzyiqlərinə boyun əyib.

Ehtimala görə Fransa və Portuqaliya təyyarənin onların hava sərhədini keçməsinə icazə vermədiyinə görə təyyarə Avstriyada enməli olub. Rəsmilər Snoudenin təyyarədə olmadığını deyib.

Vyanada aeroportun VIP terminalında çıxış edən Morales beynəlxalq qaydalara hörmətlə yanaşılmalı olduğunu dilə gətirib.

O, digər Cənubi Amerika liderlərinin hadisə ilə bağlı narahatlıqlarını ifadə etdiklərini söyləyib.

Boliviyanın xarici işlər naziri Deyvid Kokianca Snoudenin təyyarədə olduğu barədə şübhələrin böyük yalan olduğunu və Boliviya prezidentinin Avstriyada enməyə məcbur edilməsinin onun həyatını təhlükə qarşısında qoyduğunu deyib.

Cənab Morales Moskvada sammitdə iştirak etdikdən sonra Şeremetyevo hava limanından vətənə qayıdırdı. Snoudenin də bu hava limanının beynəlxalq tranzit zonasında olduğu bildirilir.

Cənab Morales deyib ki, Snouden sığınacaq istədiyi təqdirdə onun müraciəti nəzərdən keçiriləcək.
XS
SM
MD
LG