Accessibility links

Əfqanıstanın şərq bölgəsinin rəsmilərinin bildirdiyinə görə, bu gün Pakistanın Cəlalabaddakı konsulluğu yaxınlığında odlu silahlar və bombalarla hücum azı 7 təhlükəsizlik işçisinin ölümünə, 3-ü mülki vətəndaş daxil olmaqla 10 nəfərin yaralanmasına səbəb olub. Hücumun məsuliyyətini İslam Dövləti qrupunun yaraqlıları öz üzərinə götürüb.

Əfqanıstan polisi və şahidlər hücumun bir neçə güclü partlayışla Hindistan konsulluğu, xəstəxana və bir neçə məktəbin yerləşdiyi ərazidə başladığını deyib.

Vilayətin polis rəisi, general Fəzal Məhəmməd Şirzad müxbirlərə deyib ki, hücumçulardan üçü içəri daxil olmaq məqsədilə Pakistan konsulluğunu hədəf alıb. Lakin o, təhlükəsizlik qüvvələrinin evi mühasirəyə aldığını və iki saat davam edən atışmadan sonra döyüşçüləri qətlə yetirdiyini bildirib.

Pakistanın Xarici İşlər nazirliyi hücumu qinayıb və konsulluğun bir işçisinin şüşənin sınması nəticəsində yaralandığını bildirib. Nazirliyin bəyanatında deyilir ki, Pakistan Əfqanıstan hökumətini insidentlə bağlı əhatəli təhqiqat aparmağa və Pakistanın diplomatik missiyasının nümayəndələri və rəsmilərinin Əfqanıstanda təhlükəsizliyini təmin etməyə çağırıb.

XS
SM
MD
LG