Accessibility links

Beynəlxalq qurumlar fəalların əfvini alqışlayır


Siyasi məhbuslar (Foto Günay İsmayılovanın Facebook səhifəsindən götürülüb)

Siyasi məhbuslar (Foto Günay İsmayılovanın Facebook səhifəsindən götürülüb)

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı beynəlxlalq qurumlar tərəfindən müsbət qarşılanıb. Bəyanatlarda əfv alqışlanır və həbsdə olan digər fəalların da azadlığa buraxılması istənilir.

ATƏT-in Parlament Assambleyasının prezidentinin və Avropa Parlamentinin insan hüquqları və demokratiya üzrə vitse-prezidentinin, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları Komissiyasının sədrinin bəyanatlarını diqqətinizə çatdırırıq.

ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva (Finlandiya) və ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları Komissiyasının sədri İzabel Santos (Portuqaliya) Azərbaycanda əvf fərmanı çərçivəsində 148 nəfərin azad edilməsini alqışlayıb.

“Prezident Əliyevin bu qədər çox insanın azad edilməsi barədə etik qərarını alqışlayıram. Bu, çoxdan gözlənilən, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT Parlament Assambleyasının qəbul etməyə çağırdığı qərardır.

Biz bundan sonra da Azərbaycanı ATƏT çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə təşviq edəcəyik, növbəti konstruktiv dialoqu və irəliləyişi səbrsizliklə gözləyirəm”, deyə prezident Kanerva bildirib.

“Nəhayət, Azərbaycanda insan hüquqları sahəsində müsbət addımı alqışlamaqdan şadam. Bugünkü əvf bir sıra vicdan məhbuslarına, o cümlədən məslələrini dəfələrlə Azərbaycanlı həmkarlarım qarşısında qaldırdığım Rəsul Cəfərov və Anar Məmmədliyə də aiddir.

Ümid edirəm ki, onlar hamısı yenidən ölkədə dialoqa töhfələrini vermək imkanı əldə edəcəklər.

Həmçinin ümid edirəm ki, bu, Azərbaycanda qanunun aliliyini möhkəmləndirməyə hazırlığın göstəricisidir, tezliklə siyasi mənsubiyyətinə, faəliyyətinə və baxışlarına görə həbs edilmiş və ya hərəkəti məhdudlaşdırılmış insanlar olmayacaq”, deyə Santos bildirib.

Avropa Parlamenti Azərbaycanda siyasi məhbusların azad edilməsini alqışlayır, bu barədə Avropa Parlamentinin insan hüquqları və demokratiya üzrə vitse-prezidenti Aleksandr Lambsdorff bildirib.

“Biz Rəsul Cəfərovun və on dörd digər siyasi məhbusun prezident Əliyev tərəfindən əvf edildiyini öyrəndikdə sevindik. Əlbəttə, onlar həbs olunmamalı idi. Bununla belə, bu addımı Azərbaycan hökumətinin söz və toplaşmaq azadlığı kimi əsas hüquqlara riayət etməklə Avropa İttifaqı ilə münasibətləri bərpa etməkdə maraqlı olmasının göstəricisi kimi dəyərləndiririk”, deyə o bildirib.

“Xədicə İsmayılova, İntiqam Əliyev və İlqar Məmmədov kimi digər məhbuslar da azad edilməlidir”, Lambsdorffun bəyanatında deyilir.

XS
SM
MD
LG