Accessibility links

Misir - İlin Yekunları [Video]


Misir rəsmiləri üç ilə yaxındır baş verən çevrilişlər və üsyanlardan sonra ölkədə stabilliyi bərpa etməyə çalışırlar. Amma xalqın yeni hökumətin idarəçiliyindən narazılığının 2014-cü ildə artmayacağına təminat yoxdur.

2013-cü ildə misirlilər liderlərini dəyişmək məqsədi ilə son iki ildə ikinci dəfə küçələrə çıxdılar. Ölkədə ilk dəfə azad seçkilər yolu ilə hakimiyyətə gələn İslamçı Məhəmməd Mursini devirmək üçün ordu misirlilərə yaxından yardım etdi. Hərbiçilər ölkədə stabilliyin bərpa edilməsi, prezident və parlament seçkilərinin azad keçirilməsi məqsədi ilə müvəqqəti hökumətə yeni konstitusiyanın qəbul edilməsi üçün “yol xəritəsi” təqdim etdilər.

Əvvəlcə misirliərin çoxu cənab Mursinin “Müsəlman Qardaşları” partiyasının kənarılaşdırılacağına söz verən yeni hökuməti dəstəklədilər. Lakin bloger-fəal Vail Xəlil vəziyyətin dəyişdiyini deyir. “Mursinin geriyə, hakimiyyətə gətirilməsi real deyil. Söhbət indi hakimiyyətdə olanların cavabdeh tutulmasından gedir.”

Hazırda hökumətə qarşı çıxanlar təkcə cənab Mursi tərəfdarları ilə məhdudlaşmır.
“İndi daha çox insan ölkənin polis dövlətinə çevrildiyini görür və bunun necə qızğın şəkildə baş verdiyini müşahidə edir.” - deyə, Valid Xəlil bildirir.

Misirlilərin etirazlarına iqtisadi durum da səbəb olub. Siyasi təhlilçi Hişam Qasim 2011-ci ildə qaldırılan “çörək, azadlıq, ləyaqət” şüarlarının indi də gündəmdə olduğunu deyir. “Bu millət cana doyub. Onların tələbləri qarşılanmayınca üçüncü, dördüncü, hətta beşinci üsyan belə mümkündür. Hərbi və ya İslamçı olmasından asılı olmayaraq, onların dayanmaq fikri yoxdur.”

Lakin heç də hamı bədbin deyil. Siyasi təhlilçi Səadəddin İbrahim İbn Xaldun İnkişaf Araşdırmaları Mərkəzinin təsisçisidir. “İnqilabi partlayışlardan sonra həmişə belə olub. On il və ya daha çox vaxt lazımdır ki, püskürən vulkanı sönüb kül olsun.”

Onun sözlərinə görə, Misirdə bu vəziyyət uzun sürməyəcək. Hələlik küçələrdə sakitliyə işarə olmasa da, təhlilçi inqilabdan yorğunluğun yaxınlaşdığına inanır.
XS
SM
MD
LG