Accessibility links

2013-cü ildə 172,6 min körpə doğulub. Ölkədə hər 1000 kişiyə 1012 qadın düşür

Azərbaycan əhalisinin sayı ötən il 120,6 min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, 2013-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 1,8 faizini təşkil edib.

Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinlərinin, 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların payına düşür və hər 1000 kişiyə 1012 qadın düşür.

Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olub. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,6 təşkil edir. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulmuşdur.

Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür.
Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-ə qədər azalıb.

2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb.

Komitə bildirir ki, Azərbaycandan xaricə qazanc üçün getmiş gənclər ölkəyə qayıdır. 2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb. 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 957 nəfər və ya 44,1 faiz artıb.
XS
SM
MD
LG