Accessibility links

Əhməd Obalı: Azərbaycanlılar bu seçkilərdə milli kimlik, ana dili və Urmiyə gölü kimi əsas tələblərini daha ciddi şəkildə qoyub [Video]


Keçən ay İranda parlament seçkilərinin nəticələri azərbaycanlı milli fəalların diqqət mərkəzində qalmağa davam edir. Fevralın 26-da keçirilmiş seçkinin ikinci turu aprel ayına təyin olunub. Seçkilərdə iştirak edən təxminən 30 azərbaycanlı namizəd aprel ayında ikinci raunda qatılacaq. Parlament seçkiləri azərbaycanlılara nə vəd edir? GünAz televiziyasının təsisçisi Əhməd Obalı Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə parlament seçkilərinin nəticələri, azərbaycanlıların gözləntiləri və azərbaycanlı namizədlərin iştirakından danışıb.

Əhməd Obalı bildirib ki, bu dəfə seçkilərdə azərbaycanlılar Urmiyə gölünün qurumasının qarşısının alınması, İran konstitusiyasında göstərildiyi kimi ana dilində təhsil hüququnun təmin edilməsi kimi tələblərini daha ciddi şəkildə müzakirəyə çıxarıb. O deyib ki, İranın başqa bölgələrində olduğu kimi İran Azərbaycanında da iqtisadi böhrandan çıxmaq üçün Qərblə yaxınlaşmaya daha çox meyl müşahidə edilir. “Tələblər ümumiyyətlə Azərbaycan platformu üzərində qurulmuşdu. Yəni kimlik, ana dili və Urmiyə gölü kimi əsas tələblər və əlbəttə ki iqtisadi böhrandan çıxış yolu.”

Məncə, bu seçki şəxslərdən daha çox fikirlər üstündə referendum idi. Fanatizm millət tərəfindən qəbul edilmir.-Əhməd Obalı

Müşahidəçilər və güneyli fəllar İranda seçkiyə dövlət tərəfindən tam nəzarət edildiyinə görə azərbaycanlıların tələblərini parlament səviyyəsində müzakirəyə çıxara biləcək namizədlərin seçilməsi şanslarının az olduğu ilə bağlı suallar qaldırır. Əhməd Obalı bildirib ki, Azərbaycan bölgələrindən seçilən namizədlərin əksəriyyəti Azərbaycan əsillidir. “Bu keçmişdə də belə idi, indi də belədir və gələcəkdə də belə olacaq. Bu dəfə namizədlər azərbaycanlıların tələblərini nəzərə alaraq, həm seçki kampaniyalarında, həm də birinci dövr seçildikdən sonra məclisdə də bu məsələlərdən danışıblar. O cümlədən Təbrizin nümayəndəsi Məsud Peşəşkərin danışığı olub ki, biz İran konstitusiyasının 15-ci maddəsini, yəni ana dilində təhsili bərpa etməliyik və azərbaycanlıların da məntəqələrinə diqqət ayırmaq lazımdır, hər şeyi İsfahana, Tehrana yığmaq lazım deyil. Seçkidə həm namizədlərin, həm də seçicilərin arasında dialoqun təsirini görə bilirik."

“Tələblər ümumiyyətlə Azərbaycan platformu üzərində qurulmuşdu. Yəni kimlik, ana dili və Urmiyə gölü kimi əsas tələblər və əlbəttə ki iqtisadi böhrandan çıxış yolu.”-Əhməd Obalı

Parlament seçkiləri İranla Qərb arasında nüvə razılaşmasının təsdiqindən sonra beynəlxalq ictimaiyyətlə münasibətlərdə mümkün yaxınlaşma şəraitində keçir. Bir çox iranlı seçkilərə ümidlə baxır. Əhməd Obalı azərbaycanlıların İranda yeni şəraitə münasibətini şərh edib: ”Azərbaycanlılar İranın başqa bölgələrində yaşayan insanlardan iqtisadi baxımdan o qədər fərqlənmir. Bizim millətimizə daha ağır şərait yaranıb. Məncə, bu seçki şəxslərdən daha çox fikirlər üstündə referendum idi. Fanatizm millət tərəfindən qəbul edilmir. Azərbaycanlılar da təbii ki Qərblə 37 il düşmənçilikdən sonra gördülər ki, bunun ancaq ziyanı oldu. Hər hansı bir xeyir olmayıb. Qərbin yerini bu dəfə Rusiya və Çin tutub. İrana köhnə mallar satıblar. Yaşayış, həyat səviyyəsi aşağı düşüb. Buna görə də dəyişikliyi bəlkə də hər hansı bir seçiləcək insana deyil, indiyə qədər gedən siyasətə qarşı dəyişikliyi xalq ancaq Qərblə anlaşmaya daha yaxın olmaqda görür. Bunun üçün seçkilərdə islahatçı nümayəndələrin daha çox seçilməsi Azərbaycanda, xüsusilə də Tehranda mühafizəkarların, fanatik siyasətin əleyhinədir. Burada islahatçıların xeyrindən daha çox, mühafizəkarların, fanatiklərin əleyhinə səs verilib.”

Əhməd Obalı deyib ki, seçkilərin ikinci turunda iştirak edən 70 namizəddən təxminən 30-u Azərbaycan bölgələrini təmsil edir. Onun sözlərinə görə, azərbaycanlı namizədlərin yarısı islahatçı siyasətçiləri təmsil edir, qalan namizədlərin bir hissəsi müstəqil namizədlərdir, digərləri isə mühafizəkarlardır. O deyib ki, seçki prosesinin gedişi ikinci turda daha çox islahatçı namizədin seçiciləcəyini deməyə əsas verir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG