Accessibility links

Ekspertlər Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti gərgin qiymətləndirir


Ekspertlər Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti gərgin qiymətləndirir

Ekspertlər Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti gərgin qiymətləndirir

Elmar Hüseynovun qətli, Eynulla Fətullayev və blogerlərin həbsi mediada daxili senzura amilini daha da gücləndirib

Almaniyanın Fridrix Ebert Fondu və Azərbaycanın Gənclər Klubu İctimai Birliyi “Azərbaycanda İnsan Haqlarının mövcud vəziyyəti: problemlər və beynəlxalq standartlar” mövzusunda konfrans keçirib.

Forumda bir sıra səfirliklərin nümayəndələri, müxalif siyası partiyaların rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.

Konfransda ölkədə insan hüquqları sahəsində vəziyyətin gərgin olduğu vurğulanıb. Çıxış edənlər ifadə azadlığı, azad seçki, toplaşmaq, mülkiyyət hüququ sahəsində vəziyyətin xüsusilə ağır olduğunu bildirib.

“Ən ağır vəziyyət ifadə azadlığı sahəsindədir. Düz söz danışanlar ya həbs edilir, ya da narkotik ittihamı ilə üzləşir. Elmar Hüseynovun qətli, Eynulla Fətullayev və blogerlərin həbsi mediada daxili senzura amilini daha da gücləndirib”, - deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynli qeyd edib.

Forumda bu il keçirilən parlament seçkiləri Azərbaycanın son 30 illik tarixində ən total saxtakarlıqlar edilmiş seçki kimi xarakterizə edilib. “Hətta ötən əsrin 90-cı illərindəki yenidənqurma dövründəki seçkilərdəki plüralizmi Azərbaycandakı 2010-cu il parlament seçkilərində müşahidə edilmədi. O dövrdə sərbəst toplaşmaq hüququnu reallaşdırmaq imkanları mövcud idi, amma 2010-cu il Azərbaycanında bu da mümkün deyil”, - deyə Müsavat Partiyası Aparatının rəhbəri Arif Hacılı qeyd edib.

Ölkədə mülkiyyət hüququnun pozulmasının kütləvi hal aldığı qeyd edilib. Natiqlər mülkiyyət hüququnun pozulma hallarının bundan sonra daha da çoxalacağını proqnozlaşdırır. Belə ki, dünya bazarında neftin qiymətinin artması, bu amili daha da artırır. “Azərbaycanda vəhşi məmur kapitalizmi dövrüdür. İnsanların mülkiyyəti, evləri, əmlakı hətta, zorla əlindən alınır. Demokratiya insanların mülkiyyət hüququndan başlayır. Mülkiyyət hüququ isə azad seçkilərdən asılıdır. Azad seçki hüququ təmin edilməyən ölkədə mülkiyyət hüququ yoxdur”, - deyə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev bildirib.

Ölkədə insanların şikayətləri araşdırılmır. Məhkəmələr şikayətlərə hüquqi qiymət vermir. Forum iştirakçıları hesab edir ki, məhkəmələr daha çox sifarişləri yerinə yetirir. “Azərbaycan hətta Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoymur”, - deyə ekspert Rəsul Cəfərov qeyd edib.

Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, ATƏT-in Azərbaycandakı fəaliyyəti, Avropa Birliyinə daxil olan bir sıra ölkələrin Bakıdakı səfirliklərinin ünvanına da sərt tənqidlər səsləndirilib. Avropa Birliyinə daxil olan bəzi ölkələrin Bakıdakı səfirlikləri insan hüquqlarının qorunması sahəsində heç bir fəaliyyətlə məşğul olmur. “Bəzi beynəlxalq təşkilatların Bakı ofisi Azərbaycan hökumətinin lap aşağı təbəqəsinin belə sifarişini yerinə yetirir”, - deyə politoloq Ərəstun Oruclu bildirib.

Ekspertlər hesab edir ki, uzunmüddətli sabitliyin təmini demokratiya, insan haqları və mülkiyyət hüququnun təminatından keçir. “Əgər mülkiyyət sabitliyi yoxdursa hansısa sabitlik təmin edilməyib. İnsanlar mülkiyyətini qarantlı şəkildə övladlarına ötürə bilməlidir. Hüquq müdafiəçiləri mülkiyyət hüququ pozulmuş insanları müdafiə etməlidir. Ölkədə azı bir milyon kiçik sahibkarlıqla məşğul olan insanın hüququ hər gün pozulur”, - deyə iqtisadi ekspert Natiq Cəfərli qeyd edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər insan haqlarının pozulmasının əsas günahkarının indiki iqtidarının olduğunu bildirib. O eyni zamanda regionda demokratiyanın və insan haqlarının təmin olunmamasında Moskvanı günahlandırıb. “Rusiyadakı avtoritar rejim MDB-də avtoritar rejimlər ittifaqı yaradıb və bütün demokratik dəyərli standartları məhv edir”, - deyə o qeyd edib.

Müsavat başqanı Azərbaycan hüquq müdafiəçilərini Wikileaks saytının yaradıcısı Culian Assancın hüquqlarının müdafiəsinə çağırıb. “Culian Assanc da Azərbaycanın “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin gününə salınırsa, buna nə ad vermək olar. İnsan hüquqları qurumları onun müdafiəsini təşkil etməlidir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG