Accessibility links

Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 77-yə çatır. Rəsmilər yüzlərlə insanın isə yaralandığını deyir.

Vitse-prezidenti Corc Qlasın sözlərinə görə, bütün ölkədən dağıntılar və itkilər barədə məlumatlar toplanmağa davam etdiyi üçün ölənlərin sayının artacağı ehtimal olunur.

Dünən gecə baş vermiş zəlzələdən sonra xilasedicilər insanların sıx məskunlaşdığı balıqçılıq limanlarında və turist məskəni olan çimərliklərdə insanları xilas etməkdə çətinlik çəkirlər.

"Bu fövqəladə vəziyyət zamanı ekvadorluların təmkinli olması ən vacib məsələdir" - deyə Qlas bildirib.

ABŞ Geoloji Mərkəzinin verdiyi məlumata görə, Cənubi Amerikadakı Ekvador sahilləri yaxınlığında dünən gecə 7.8 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ paytaxt Kitodan 170 kilometr aralıda hiss edilərək bir çox məhəllələrdə elektrik enerjisi kəsintisinə və mobil telefon şəbəkələrinin fəaliyyətlərində ciddi problemə səbəb olub.

Kitoda binaların təxminən 40 saniyə titrəməsi insanların küçələrə axışmasına yol açıb.

Liman şəhəri olan Qayagildə körpü dağılıb.

Manta şəhərində isə nəzarət qülləsi ciddi dağıntıya məruz qalandan sonra liman fəaliyyətini dayandırıb.

XS
SM
MD
LG