Accessibility links

Eldar Namazov: Xalq bizimlədir, repressiyalar EL-i mübarizədən çəkindirə bilməz [Video-Müsahibə]


El Hərəkatının lideri mətbuat konfransı keçirib. İqtidarı sərt tənqid edib, hərkatln bütün dövrlərdə mübarizəyə hazır olduğunu bildirib

El Hərəkatı ofis partiyası deyil, bizim problem ofis problemi deyil. Bir ofisimizi təzyiqlə aldılar, əvəzində tərəfdarlarımız 4 ofis təqdim edib. Lazım gələrsə 144 ofisimiz də olacaq. Çünki xalq bizimlədir, repressiyalar bizi mübarizədən çəkindirə bilməz. Xalqla birlikdə bu iqtidarı tarixin zibilliyinə göndərəcəyik. Bu barədə El Hərəkatının lideri Eldar Namazov aprelin 1-də keçirdiyi mətbuat konfransında deyib.

Mətbuat konfransında El Hərəkatının təşkilatlanması, Milli Şura, digər siyasi qüvvələrlə, gənclər təşkilatları ilə aparılan danışıqlar, beynəlxalq ictimaiyyətə mesajlar və hökuməti islahatlara çağırışla bağlı bəyanatlar səslənib.

El Hərəkatının yeni ofislərinin birində mərkəzi qərargah, digərlərində isə hüquq, insan haqları və informasiya mərkəzləri fəaliyyət göstərəcək.

“Son 17 gündə El Hərəkatının 50 rayon və şəhərdə yerli təşkilatları formalaşıb. Aprelin sonunadək Aran, Cənub regionları və Naxçıvanda hərəkatın yerli təşkilatları təsis ediləcək. Aprelin sonunda, mayın əvvəlində El-in ümümrespublika müşavirəsi keçiriləcək”, Namazov bildirib.

Onun sözlərinə görə, hərəkatın artıq demokratiyaya keçidlə bağlı 100 səhifəlik “Yol Xəritəsi” hazırlanıb və yaxın günlərdə elan ediləcək.

“Yol Xəritəsi” demokratiyaya keçidlə bağlı bütün sahələri əhatə edir. Biz aprelin ortalarında gənclər təşkilatları da daxil olmaqla ictimaiyyətlə demokratiyaya keçidi müzakirə edəcəyik. Diplomatik korpusun iştirakı ilə isə aprelin 2-də N!DA Vətəndaş Hərəkatı ilə birgə tədbirimiz var”, hərəkat lideri qeyd edib.

Ölkə çox ciddi böhran ərəfəsindədir, narazılıq günü-gündən artır. Azərbaycan dəyişikliklər ərəfəsindədir.

“Siyasi və ictimai təşkilatlara basqılardan sonra cəmiyyət daha da fəallaşır. Hökumət bunları dərk edib islahatlara başlamalıdır. Demokratik dəyişikliklər qaçılmazdır. İqtidar islahatlara başlamasa məsuliyyət onun üzərində qalacaq”, Namazov bildirib.

Hərəkat lideri mayın əvvəllərində Milli Şuranın elan ediləcəyini də deyib.

“Hazırda Milli Şuranın təsisi ilə bağlı müzakirələr davam edir. Biz artıq Müsavat, Xalq Cəbhəsi, Açıq Cəmiyyət Partiyaları, REAL Hərəkatı, onlarla ictimai və gənclər təşkilatları, ziyalılar, ictimai xadimlərlə danışıqlar aparmışıq. Milli Şura bütün siyasi qüvvələri bir araya gətirəcək ən yaxşı yoldur. Bunun tarixi və siyasi əsasları var. Çünki Xalq Cümhuriyyəti zamanında tarixin sınağından uğurla çıxıb, təməl prinsipləri var”, o vurğulayıb.

Eldar Namazovun sözlərinə görə, aparıcı dövlət başçılarına və beynəlxalq təşkilatlara müraciət hazırlanıb, bu günlərdə imzalanma başlayacaq. Ölkədə demokratik dəyişiklikləri Azərbaycan xalqı həyata keçirəcək. Amma, seçkilərin saxtalaşdırılmaması, insan hüquqlarına hörmət Azərbaycanın beynəlxalq öhdəlikləridir. Hazırda hakimiyyət həm Amerikanın, həm Avropanın, həm Rusiyanın, həm də İranın ona qarşı olduğunu qabardır. Bu iqtidarın beynəlxalq dəstəyinin olmaması deməkdir.

“100-ə 100 adlandırdığımız müraciəti 100 yerli təşkilat imzalayacaq və 100 aparıcı dövlətin və beynəlxalq təşkilatın rəhbərinin ünvanına göndəriləcək. Müraciətdə seçkiqabağı mühitin liberallaşdırılması, siyasi və vicdan məhbuslarının azad edilməsi, seçki qanunvericiliyinin dəyişdirilməsi, insan haqlarını pozan məmurlara qarşı fərdi sanksiyaların tətbiq edilməsi (Maqnitski qanunu) və prezident seçkilərində beynəlxalq təşkilatların səsləri alternativ sayması (Exit-Pol) ilə bağlı xahişlər yer alıb”, EL lideri qeyd edib.

Mətbuat konfransında həmçinin qeyri-leqal şəraitdə mübarizə metodları ilə bağlı suallara da cavab verilib.
XS
SM
MD
LG