Accessibility links

Əbülfəz Elçibəy Amerikanın Səsini ziyarət edən yeganə Azərbaycan prezidentidir


2000-ci ilin mayında Əbülfəz Elçibəy ABŞ-a səfəri zamanı Amerikanın Səsinin də qonağı olmuşdu. Onun səfərinin əsas məqsədi Konqresdə Azərbaycanda demokratiyanın durumu ilə əlaqədar keçirilən dinləmələrdə iştirak etmək idi. Bundan başqa, Vaşinqtonun beyin mərkəzlərində Elçibəylə bir neçə görüş təşkil olunmuşdu. Nəhayət səfərin bir mühüm tədbiri ABŞ-da fəaliyyət göstərən türk təşkilatlarının dəvəti ilə Nyu-Yorkda keçirilən Türk yürüşündə iştirak etmək idi. Amma proqramın məşğulluğuna baxmayaraq, Əbülfəz Elçibəy vaxt tapıb mütləq Amerikanın Səsinə gələcəyinə söz vermişdi.

Elçibəyin Amerikanın Səsinin dəvətini qəbul etməsi tam təbii idi; Sovet dövrünün ən tanınmış azərbaycanlı dissidenti soyuq müharibənin gərgin günləri okeanın o tayından azad informasiya yayımlayan Amerikanın Səsi radiostansiyasına rəğbət bəsləyirdi. Bunun bir səbəbi də var idi. Əbülfəz Elçibəy Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 28 may günündə Azərbaycan xalqına müraciətini Amerikanın Səsi vasitəsilə etdiyini bilirdi. Elçibəy Amerikanın Səsini azadlıq və demokratiyanın simvolu olaraq görürdü. Amerikanın Səsində də onu Azərbaycanın ilk demokratik seçilmiş prezidenti olaraq qarşılayırdılar.

Amerikanın Səsinin studiyasında yarım saatlıq dəyirmi masa söhbətinin əsas mövzusu bütünlüklə demokratiyaya həsr olunmuşdu. Elçibəy demokratiyanın genişləndirməsini Amerikanın qlobal missiyası adlandırırdı, Azərbaycanda 2000-ci il parlament seçkilərinin ölkənin demokratik prinsipləri prioritet edə bilib-bilməyəcəyindən danışırdı. Amerikada hələ 11 sentyabr hadisələri baş verməmişdi, amma Elçibəy terrorizmin yaratdığı qlobal təhlükələr və riskləri qeyd edir, ABŞ-ın daha bir başlıca prioritetinin terrorizmin yayılmasının qarşısını almaq olduğunu deyirdi.

Azərbaycan redaksiyasında görüş tarixi bir görüş oldu. Əbülfəz Elçibəy Amerikanın Səsini ziyarət etmiş ilk və yeganə Azərbaycan prezidentidir. Amma bu həm də onunla son görüş idi. Redaksiyaya gələndə onun xəstə olduğu hiss olunurdu, amma heç kəs onun çox yaxın zamanda dünyasını dəyişəcəyini o vaxt ağlına belə gətirməmişdi. Amerikanın Səsində o tarixi görüş zamanı çəkilmiş foto-şəkil Azərbaycan şöbəsində saxlanılır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG