Accessibility links

Ombudsman jurnalistin nəzərdə tutulduğundan çox müvəqqəti saxlama kamerasında saxlandığını aşkar edib. Prokurorluq isə təkzib edir.

Vəkil Elçin Sadıqov müdafiə etdiyi şəxslərə - regional “Xəyal TV”nin direktoru və baş redaktoru Vüqar Qonaqov və Zaur Quliyevlə görüşə bilmir.

Cənab Sadıqov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, bu ciddi qanun pozuntusudur. “Aprelin 23-də məni Zaur Quliyevlə görüşə buraxmadılar. Dedilər ki, Baş Prokurorluğun göstərişidir”.

O hüquqlarını müdafiə etdiyi Zaur Quliyevin işgəncələrə məruz qaldığını təsdiq edib. “Zaur Quliyev ilk olaraq Quba rayon prokurorluğunda işgəncəyə məruz qalıb. Onu soyuq kameraya salıblar, yemək verməyiblər. Bundan sonra, jurnalist martın 14-dən aprelin 4-dək qanunsuz olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma kamerasında saxlanıb. Qanunvericiliyə görə, şəxs 72 saatdan artıq belə kamerada saxlanam bilməz. Burada Zaur Quliyevə hədə-qorxu gəlinib, lüt soyundurulub kameraya aparılıb. Zaur Quliyevə dərman verilməyib. Hələ ictimaiyyət üçün açıqlanması məqbul olmayan işgəncələrə də məruz qalıb. Şikayətimiz araşdırılanda həmin işgəncələrlə bağlı məlumat veriləcək”, - deyə o qeyd edib.

Cənab Sadıqov hüquq pozuntuları ilə bağlı Baş Prokurora şikayət edib.

Aprelin 25-də Baş Prokurorluğun mətbuat xidməti Zaur Quliyevə işgəncə verilməsi barədə onun bəyanatını təkzib edib. Baş Prokurorluğun bildirdiyinə görə, o həbs edilənlərdən heç bir şikayəti daxil olmayıb.

Öz növbəsində aprelin 26-da Ombudsman Elmira Süleymanova Amerikanın Səsi radiosunun sualının cavabında bildirib ki, “Xəyal” televiziyasının müxbiri Zaur Quliyevin müvəqqəti saxlama kamerasında qanunvericilikdə nəzərdə tutulandan artıq saxlanma faktı baş verib. “Bu, bir həqiqətdir. Biz bunu aşkar edən kimi dərhal Baş Prokurorluğa və daxili işlər orqanlarına müraciət etmişik. Bu məsələ öz həllini tapır”.

Onun sözlərinə görə, ombudsmanın nümayəndələri “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma kamerasında saxlanarkən onunla dəfələrlə görüşüb. O, işgəncə halları ilə bağlı bir dəfə belə şikayət etməyib.
”Xəyal TV”nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev Quba rayonun keçmiş icra başçısı Rauf Həbibovun insanların ünvanına söylədiyi təhqirin də yer aldığı çıxışını İnternetdə yaymaqda ittiham olunur. Sosial şəbəkələrdə bundan xəbər tutan yerli sakinlər etiraz aksiyası keçirərək icra başçısının istefasını tələb edib. Nəticədə aksiya kütləvi qarşıdurmaya çevrilib.

XS
SM
MD
LG