Accessibility links

Hüquq müdafiəçisi orduda işgəncə əleyhinə işlərdən danışıb


Elçin Behbudov

Elçin Behbudov

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov mətbuat konfransı keçirib

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov aprelin 5-də müdafiə naziri Zakir Həsənovla görüşüb. Aprelin 7-də keçirilən mətbuat konfransında Behbudov bildirib ki, söhbət bir saatdan çox davam edib və o, nazirə orduda işgəncə və qeyri-insani rəftar faktları ilə bağlı bütün sualları verib.

Həsənov hüquq müdafiəçisini inandırıb ki, bu məsələlər onun şəxsi nəzarəti altındadır.

2013-cü ilin oktyabr ayında nazir təyin edilmiş Həsənovun tətbiq etdiyi yeniliklərdən biri əsgərlərin yeməkxana və tualetlərdə qulluqdan azad edilməsi olub.

Məhz bu sahələrdə nizamnamədənkənar davranış zəminində tez-tez münaqişələr baş verirdi və qeyri-insani rəftar olurdu. İndi tualetlərin təmizlənməsi və yemək bişirilməsi ilə mülki şəxslər məşğul olur.

Əsgərlərin sağlamlığının qorunması və qida keyfiyyətinin yaxşılaşdırılması üzrə də işlər görülür. Belə ki, onların qida rasionundan marqarin çıxarılıb və yeməklər kərə yağı ilə bişirilir. Vərəm xəstələrinin sayı da azalıb.

Bundan başqa, nazirin əmri ilə xəstə vəziyyətdə xidmətə çağırılmış 100 nəfər ordudan tərxis edilib.

Müdafiə Nazirliyinin hərbi qulluqçuların hüquqlarının pozulması haqqında məhkəmə qərarlarını icra etməməsi təcrübəsinə də son qoyulub.

Həsənov hüquq müdafiəçisini inandırıb ki, İşgəncələr Əleyhinə Komitənin üzvləri hərbi hissələrdə, intizam hissələrində və qauptvaxtalarda müntəzəm monitorinqlər həyata keçirə bilərlər.

Əsgərlərin işgəncə nəticəsində ölümü hallarına gəlincə, son yarım ildə orduda belə bir hal qeydə alınmayıb. Lakin ilin əvvəlindən bir neçə intihar faktı qeydə alınıb. Bu faktlarla bağlı şərh vermək xahişinə cavabda hüquq müdafiəçisi deyib ki, hərtərəfli araşdırma olmadan intiharların səbəbləri haqqında birmənalı danışmaq olmaz.

Behbudov qeyd edib ki, 2013-cü ilin əvvəllərindən ona, orduda qeyri-insani rəftar və işgəncə haqqında heç bir şikayət daxil olmayıb.

İlin əvvəlindən Komitəyə ümumilikdə 27 müraciət daxil olub. Bu müraciətlər istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində, polisdə işgəncələr, məhkəmə icraçıları və hətta Səbail rayon icra hakimiyyətinin işçisi tərəfindən döyülmə ilə bağlıdır.

Behbudov həmçinin Hərbi Dəniz Qüvvələrində həbslərlə maraqlanıb, buna cavabda nazir deyib ki, “orduda korrupsiyaya yer yoxdur və təqsirkarlar qanun qarşısında cavab verməlidirlər”.

Bundan başqa, bir qrup general, o cümlədən hərbi əks-kəşfiyyat idarəsinin keçmiş rəisi Elman Qəmbərov yeni müdafiə naziri tərəfindən ehtiyata buraxılıb. Nazir bunu generalların yaşı və gənc hərbi rəislərin irəli çəkilməsi üçün şərait yaradılması zərurəti ilə izah edib.

Hüquq müdafiəçisi xatırladıb ki, vaxtilə Qəmbərv hərbi əks-kəşfiyyatda 6 metr dərinlikdə qanunsuz zindan yaratmışdı, burada işgəncələr verilirdi (hazırda bu “həbsxana” ləğv edilib).

“Mən özüm vaxtilə Qəmbərov tərəfindən saxtalaşdırılmış cinayət işi üzrə həbs edilmişdim. Bundan başqa, o şəxsən gəlirdi və zindanda mənə necə işgəncə verildiyini müşahidə edirdi. Əlbəttə ki, belə generallara orduda yer yoxdur”, deyə Behbudov qeyd edib.

Həbs edilmiş NİDA fəallarını aparan həbsxana avtomobilindəki kabinəyə gözyaşardıcı qaz buraxılması ilə bağlı şərh vermək xahişinə cavabda Behbudov deyib ki, təqsirləndirilən şəxslərdən birinin atasından şikayət alıb.
Gənclərin qapısı bağlı idisə və qaçması üçün real təhlükə yox idisə, gözyaşardıcı qazdan istifadə əsassızdır, deyə Behbudov bildirib.

Jurnalist Pərviz Həşimlinin MTN istintaq təcridxanasında işgəncəyə məruz qalması haqqında şikayəti ilə bağlı şərh verən Behbudov deyib ki, hər dəfə monitorinq zamanı onun vəziyyəti ilə maraqlanır. Onun sözlərinə görə, bu yaxınlarda Həşimliyə həyat yoldaşı və qızı ilə görüşməyə icazə veriblər. Həşimli xahiş edərsə, Behbudov ona valideynləri ilə görüş imkanı istəməyə hazırdır.

Keçmiş səhiyyə naziri Əli İnsanova işgəncə verilməsi haqqında şikayətlə bağlı suala cavabda Behbudov deyib ki, onu məhbusun yanına buraxmırlar.

Hüquq müdafiəçisi hesab edir ki, İnsanovun evinə yaxın cəzaçəkmə müəssisəsinə köçürülməsi haqqında xahişi təmin edilməlidir. Behbudov İnsanovun cəzasını çəkməsi üçün yenidən göndərildiyi 13 saylı cəzaçəkmə müəssisəsində şəraitin ağır olduğunu deyib.

Behbudov həmçinin bildirib ki, birinci yarım ilin yekunları ilə bağlı 2014-cü ildə işgəncə faktları haqqında ətraflı hesabat yayacaq.
XS
SM
MD
LG