Accessibility links

Ana həbsdə ağzını tikərək aclıq edən oğlunun durumunun ağır olduğunu bildirir


Ağzını tikən

Ağzını tikən

Oğlum Elşən Paşayev martın 2-dən 1 saylı cəzaçəkmə müəssisəsində ağzını tikərək aclıq edir. Onun vəziyyəti çox ağırdır. Penitensiar Xidmət oğlumun sağlamlıq durumu ilə bağlı məlumat vermir. Məni oğlumla görüşə buraxmırlar. Bu barədə məhbus Elşən Paşayevin anası Lida Mirzəliyeva Amerikanın Səsinə bildirib.

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib.

Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilıə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib.

Lida Mirzəliyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir. Ölüxananın (Morq) kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb.

“Müxtəlif instansiyalara şikayətlər etmişəm. Şikayətim nəzərə alınmır”, o qeyd edib.

Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirir ki, adı qeyd olunan məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməyib.

“Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”, cavabda qeyd edilir.

Öz növbəsində, Mirzəliyeva Penitensiar Xidmətin Elşən Paşayevin aclıq etməməsi və sağlamlıq durumunun normal olması ilə bağlı məlumatının düzgün olmadığını bildirir.

“Oğluma tibbi yardım edilib-edilməməsi barədə də məlumat vermirlər. Xahiş edirəm ki, oğlumla görüşümə şərait yaratsınlar, ona yalvarım aclığı dayandırsın, ölməsin”, ana bildirib.

O ailəsinin vəkil tutmağa imkanı olmadığını, oğlu həbs ediləndən sonra özünün və qızının xəstəlik tapdığını deyib.

“Oğlum şərlənərək həbsdə olduğu 10 il müddətində 47 dəfə baş prokurorun qəbulunda olmuşam. Qızımla birgə özümüzü yandırmışıq. Venalarımızı kəsmişik, mənim venama 67, qızımın venasına 18 tikiş qoyulub”.

Ana oğlunun günahının olmadığını və işə yenidən baxılmasını vacib sayır.

“Hökumətə, Azərbaycanın qeyrətli analarına, sözü keçən xanımlarına acizanə xahiş edirəm ki, oğlumun ölümdən xilasında mənə dəstək olsunlar”, o qeyd edib.

XS
SM
MD
LG