Accessibility links

Eldar Namazov: Hakimiyyətdəki nüfuzlu bir qrup Azərbaycanla Amerika münasibətlərini gərginləşdirməyə çalışır


Eldar Namazov: Hakimiyyətdəki nüfuzlu bir qrup Azərbaycanla Amerika münasibətlərini gərginləşdirməyə çalışır

Eldar Namazov: Hakimiyyətdəki nüfuzlu bir qrup Azərbaycanla Amerika münasibətlərini gərginləşdirməyə çalışır

Azərbaycanın rəsmi mətbuatı son zamanlar Amerikanın əleyhinə yazılar dərc edir. Politoloq Eldar Namazov hakimiyyətdə nüfuzlu bir qrupun bunda maraqlı olduğunu bildirir.

“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov son zamanlar Azərbaycanın rəsmi mediasında Amerikanın əleyhinə çap edilən məqalələrlə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bu yazıların Prezident Administrasiyasından idarə edildiyini deyib. Onun fikrincə, hakimiyyətdə olan qrup Amerika və qərb ölkələri ilə münasibətlərin gərgin olmasında maraqlıdır.

Sual: Azərbaycanın rəsmi mediasında Azərbyacan-Amerika münasibətləri ilə bağlı dalbadal yazılar dərc edilməkdədir. Necə qiymətləndirirsiniz?

Cavab: Bu yazıların əsas məqsədi Azərbaycan-Amerika münsaibətlərini daha da pisləşdirmək, iki ölkə arasında son zamanlar o qədər də, hamar olmayan münasibətləri gərginləşdirməkdir. Açıq-aydın hiss edilir ki, hakimiyyətin daxilində bir şəbəkə mövcuddur ki, onlar həm ABŞ-la, həm Avropa Birliyi ilə, ümumiyyətlə qərblə, Türkiyə ilə daimi olaraq münasibətləri gərginləşdirməyə çalışır. Çox maraqlıdır ki, bu insanlar öz səlahiyyətlərinə görə xarici siyasət üzrə məsul deyillər. Xarici İşlər Nazirliyindən, Prezident Administrasiyasının xarici siyasətə cavabdeh qurumları belə yazılar çap etdirmir, bəyanatlar vermir. Amma, təəssüf ki, hakimiyyətin içərisində birbaşa xarici siyasətə cavabdeh olmayan, ancaq kifayət qədər nüfuzlu bir qrup var ki, onlar öz səlahiyyətlərini aşaraq, Azərbaycanın milli maraqlarını nəzərə almayaraq, ölkənin qərblə münsaibətlərinə kobud müdaxilələr edir.

Sual: Media vasitəsi ilə belə mesajların ötürülməsi nə məqsəd daşıyır?

Cavab: Bunlar adi qəzetlər deyil. Məqalələr Prezident Administrasiyası tərəfindən idarə edilən dövlət mətbuatında dərc edilir. Həmin media orqanlarının baş redaktorlarının belə yazılar dərc etməsi ən azı hakimiyyətdaxili bir qrupun mövqeyini əks etdirir. Məqsəd də bəllidir. Ona görə ki, hakimiyyətdəki nüfuzlu bir qrup çoxdandır ki, Azərbaycanla qərb ölkələrinin münasibətlərini gərginləşdirməyə çalışır. Sirr deyil ki, həmin qrup qonşu Rusiya və İranla çox gözəl münsaibətlərdədir.

Əvvəlki illərdə, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici siyasətində müəyyən bir xətt var idi, o xəttə kənardan müdaxilə çox çətin idi. Təəsüflər olsun ki, o münasibət dəyişib. Birdən-birə hansısa icra hakimiyyəti rəhbəri və ya siyasi təşkilatlara, qeyri hökumət təşkilatlarına cavabdeh olan rəsmilər Amerikanın, qərbin, Türkiyənin əleyhinə danışmağa başlayır. Belə bir kobud müdaxilələr son illərin məhsuludur.

Sual: Bir sıra ekspertlər bu məqalələrin dərcini İran və Rusiya ilə siyasətdə balans yaratmaq üçün dərc edildiyini güman edir. Onlar bu məqalələrin Prezident Administrasından idarə edildiyini bildirir?

Cavab: Bu məqalələr şübhəsiz ki, Prezident Administrasiyasından idarə edilir. Ancaq məqalələrin dərcinin balans yaratmaq üçün edildiyini güman etmirəm. Əslinə qalsa, bu adamların məqsədi qərb ölkələri ilə böyük bir məsafə yaratamaqdır ki, qərbin təsirləri az olsun. Bunun da nə ilə bağlı olduğunu gözəl anlayırıq. Daxildə bu adamlar avtoritar, korrupsiyalaşmış, rüşvət üzərində bir sistem qururlar. Təbii ki, bu adamlar demokratik ölkələrdən uzaq bir məsafədə dayanmağa çalışacaqlar.

Sual: Amerika və qərblə Azərbaycan münasibələri necə olmalıdır ki, demokratiya və iqtisadi inkişafa təkan versin?

Cavab: Ölkədə demokratiya və iqtisadi inkişafın təminatçısı ictimaiyyət , iqtidar, müxalifət, vətəndaş cəmiyyətləri olmalıdır. Bu ölkənin daxilindən gələn bir impuls omalıdır. Yalnız xarici təsirlərin hesabına belə ciddi islahatların aparılması mümkün deyil. Onda bu imitasiyaya çevriləcək və gec-tez iflasa uğrayacaq. Demokratiya, insan haqları, iqtisadi islahatlarla bağlı qərbdən yalnız mənfi dəstək, o cümlədən texniki və ya ekspert yardımı ala bilərik.

XS
SM
MD
LG