Accessibility links

Eldar Namazov: Rusiyanın son fəallıqları konkret nəticə əldə edilməsinə yox, təşəbbüsü əlində saxlamasına xidmət edir


Eldar Namazov: Rusiyanın son fəallıqları konkret nəticə əldə edilməsinə yox, təşəbbüsü əlində saxlamasına xidmət edir
Eldar Namazov: Rusiyanın son fəallıqları konkret nəticə əldə edilməsinə yox, təşəbbüsü əlində saxlamasına xidmət edir

Azərbaycan Prezidentinin katibliyinin keçmiş rəhbəri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlardakı son durum, Amerika və Rusiya prezidentlərinin telefonla apardığı müzakirə barədə danışıb. O, danışıqlarda irəliləyiş olacağına inanmir.

Azərbaycan Prezidentinin katibliyinin keçmiş rəhbəri Eldar Namazov Amerikanın Səsi radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlardakı son durum, Amerika və Rusiya prezidentlərinin telefonla apardığı müzakirə barədə danışıb. O, danışıqlarda irəliləyiş olacağına inanmir.

Sual: Dünən, Amerika və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı telefonla müzakirə aparıb. Bu müzakirələrin danışıqlarda müsbət nəticə əldə olunmasına təsiri ola bilərmi?

Cavab: Prezidentlərin müzakirəsi çox vacib hadisədir. Hiss olunur ki, aparıcı dövlətlər, xüsusilə Amerika və Rusiya prezidentləri məsələnin həlli istiqamətində böyük səylər göstərir. Bütün bunlara baxmayaraq konkret nəticə əldə ediləcəyi ilə bağlı mən, o qədər də optimist deyiləm. Nə qədər ki, Serj Sarkisyan Ermənistanda hakimiyyətdədir, o mərhələli plana razılıq verməyəcək. Ona görə ki, o 1997-ci ildə mərhələli planı qəbul etdiyinə görə, sabiq prezident Ter Petrosiyanı istefaya getməyə məcbur edib. 14 il keçdikdən sonra, inanmıram ki, Serj Sarkisyan səhv addım atdığını etiraf edib, mərhələli planı qəbul etsin. Hesab edirəm ki, Rusiyanın son zaman danışıqlarda fəallıq göstərməsi, xarici işlər naziri Sergey Lavrovun Yerevana, Bakıya, Vaşinqtona səfərlər etməsi, prezidentlərin telefon danışıqları münaqişənin həllində konkret nəticə əldə edilməsinə yox, Rusiyanın təşəbbüsü əlində saxlamasına, aparıcı rol oynadığını nümayiş etdirməyə xidmət edən addımlardır. Ona görə ki, Kazan görüşündən bir nəticə əldə edilmədikdən sonra beynəlxalq ictimaiyyətdə belə fikir formalaşmışdı ki, Rusiyanın missiyası bir nəticə vermədiyi üçün Amerika və ya Fransa tərəfindən meydana yeni təşəbbüslər gəlməlidir. Bu fikirlər isə Rusiyanı çox narahat edir. Bu səbəbdən son təşəbbüslər Rusiyanın prosesdə aparıcı rolunu təsdiqləməyə yönəlib.

Sual: Prezidentlər həmçinin, münaqişənin həlli istiqamətində gələcəkdə fikrilərini koordinasiya etməklə bağlı razılığa gəlib. Bu Rusiyanın aktivliyinin bir qədər liberallaşdırılması demək deyilmi?

Cavab: Əslinə qalsa, Minsk qrupunun həmsədrləri ilk gündən işlərini əlaqələndirməli idilər. Bu ifadə o qədər də yerinə düşən ifadə deyil. Ona görə ki, Amerika və Rusiya həmsədr kimi artıq on ildən çoxdur ki, prosesi aparır. Onlar bu proseslə bağlı işlərini daim koordinasiya etməli idilər. Bu cümlənin indi işlədilməsi, ondan xəbər verir ki, koordinasiya olmayıb. Yəqin ki, pərdə arxasındakı danışıqlarda hər bir həmsədr dövlət öz məqsədlərini güdüb. Məhz bu da, vasitəçilik missiyasının uğurlu olmasına mane olub.

Sual: Son zamanlar ATƏT-in, ATƏT-in Parlament Assambleyasının, Avropa İttifaqının münaqişə ilə bağlı fəaliyyətində bir canlanma yaranıb. ATƏT-in Parlament Assambleyası Dağlıq Qarabağ və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib, pozitiv bəyanatların sayı artmaqdadır. Bu istiqamətdə nə gözləyirsiniz?

Cavab: Bu, müsbət bir prosesdir. Demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar, Avropa Şurası və ATƏT-in Parlament Assambleyaları, Avropa İttifaqı Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparıb. Bu, Qarabağ probleminin həlinin prioritet məsələ kimi gündəmə gəldiyindən xəbər verir. Son dövrlərdə Azərbaycanın apardığı siyasət, ordunun modernləşdirilməsi və gücləndirilməsi öz rolunu oynayıb. Çünki, beynəlxalq ictimaiyyətdə belə fikir yaranıb ki, nə güc tətbiq etmək olar, nə də mövcud status-kvonu qoruyub saxlamaq olar. Əvvəllər, beynəlxalq təşkilatlar yalnız güc tətbiq etməməyi deyirdilər, indi artıq status-kvonun dəyişdirilməsini də istəyirlər. Bu göstərir ki, onlar çox ciddi narahatdırlar. Çalışırlar ki, hansısa bir nəticə əldə edilsin, müharibə yenidən başlamasın.

Sual: Maraqlı cəhət odur ki, münaqişə ilə bağlı bütün beynəlxalq təşkilatlarla müzakirələr aparılır, amma hökumətlər öz xalqları ilə müzakirə aparmır. Bunun səbəbini necə izah edərdiniz?

Cavab: Bakıda və Yerevanda hakimiyyət nümayəndələri belə izah edirlər ki, əvvəlcə bir nəticə əldə edilməlidir ki, onu cəmiyyətin müzakirəsinə çıxarsınlar. Lakin, beynəlxalq təşkilatlar fərqli düşünür. Onlar hesab edir ki, əvvəlcə cəmiyyətlə işləmək lazımdır. Çünki, bir çox hallarda siyasi liderlər cəmiyyətlərinin sülhə hazır olmadığını göstərib, razılığa gəlmir. Ona görə də, burada rəsmi Bakı və Yerevanın mövqeyi beynəlxalq təşkilatların mövqeyi ilə uyğun gəlmir.

Sual: Ermənistana yaxın zamanlarda təzyiqlər mümkündürmü? Çünki, Ermənistan yenilənmiş Madrid prinsipini qəbul etdiyini bəyan etməyib.

Cavab: Təzyiqlər mümkündür. Ancaq, burada ən ciddi amil Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumdur. Çünki, dünya iqtisadi böhranından ən ciddi zərbə alan ölkələrdən biri də məhz Ermənistandır. Beynəlxalq təşkilatlar və yerli ekspertlər hesab edir ki, Ermənistan iqtisadiyyatı böhrandan ən ciddi zərbə almış on ölkədən biridir. Ötən il bu ölkənin, ümumdaxili məhsulu 15 faiz azalıb. Hesab edirəm ki, yaxın illərdə Ermənistandakı ağır sosial-iqtisadi böhran siyasi böhrana gətirib çıxaracaq. Bu amil, Ermənistanın siyasi mövqeyinə təsir etmək imkanlarının real olacağından xəbər verir. Ermənistan iqtisadiyyatı daha çox beynəlxalq yardımlardan asılı vəziyyətə düşməkdə davam edir. Xarici yardımlar olmazsa bu ölkədə, siyasi böhran qaçılmaz həddə çatacaq.

XS
SM
MD
LG