Accessibility links

Eldar Qaradağlı: Hakimiyyət ortaya iki termin atıb; ‘hüviyyət tələb’ və ‘təcziyə tələb’ [Audio-Müsahibə]


Eldar Qaradağlının dediklərinə görə, İslam Respublikası hakimiyyəti İran Azərbaycanında cərəyan edən milli-mədəni mücadilə ilə əlaqəli qrupları “hüviyyət-tələb” (kimliyini tələb edən) və “təcziyə-tələb” (separatçı) şəklində iki dəstəyə ayıraraq özünə yaxın qüvvələrin fəaliyyətinə zəmin hazırlamaq istəyir. İsveçdə yaşayan yazar və siyasi fəal Amerikanın Səsinə söhbətdə son vaxtlar türk fəallara qarşı basqıların artmasının səbəblərini dəyərləndirib.

Son vaxtlar bir yandan İran Azərbaycanından olan millət vəkilləri və yerli məsullar türk dil haqları və Azərbaycanın mədəni-iqtisadi problemlərini hər zamandan daha çox səsləndirməyə başlayıblar. Digər yandan isə məhkəmə və təhlükəsizlik qurumları türk fəallara qarşı basqıları artırıb. Bu yaxınlarda müvəqqəti azadlığa buraxılmış bir türk dil haqları fəalı məhkəməyə çağrılmış və bəzilərinə qarşı ağır həbs və sürgün cəzaları çıxarılmışdır.

Yəni siz İran çərçivəsində bəzi haqlarınızı istəyirsinizsə siz hüviyyət-tələbsiniz, sizinlə oturub müzakirə edə bilərik.

Eldar Qaradağlının söylədiklərinə görə, bu durum hakimiyyət daxilində türklərlə bağlı iki fərqli siyasət yürüdən qanadların mövcud olduğunu göstərməz.

Onun fikrincə, zahirdə ziddiyyətli görünən bu iki siyasət, əslində vahid bir hədəf istiqamətində yürüdülür:

“Hakimiyyət Azərbaycanın tam qurtuluşunu istəyənləri tamamilə meydandan uzaqlaşdırmaq, ağır şəkildə cəzalandıraraq millətdən qoparıb, zindanlarda çürütmək və onların yerinə öz istədikləri tipləri meydana gətirmək istəyir.”

“Azərbaycan Mərkəzli Türkçü Düşüncə” adlı kitabın müəllifinin sözlərinə görə, “Pəhləvi dönəmindən bu yana irqçi sistem çox çalışmış ki, assimilyasiya etmək hədəfi ilə bu Azəri məsələsini ortaya ataraq, onu bizim kökümüz olan Türk kimliyinin yerinə qoysun... Bunu təəssüflə müəyyən dərəcədə də başarmışlar. Amma son zamanlar xüsusilə milli hərəkatın aparıcı qüvvələri və gəncliyimiz [hərəkatda] türklüyü mərkəzə gətiriblər.”

Hakimiyyət Azərbaycanın tam qurtuluşunu istəyənləri tamamilə meydandan uzaqlaşdırmaq, ağır şəkildə cəzalandıraraq millətdən qoparıb, zindanlarda çürütmək istəyir.

Onun dediklərinə görə, hakimiyyət bu vəziyyətdə nəzarəti ələ keçirmək üçün “hüviyyət-tələb” və “təcziyə-tələb” terminlərini ortaya ataraq milli-mədəni mübarizə ilə əlaqədə olan qrupları iki dəstəyə ayırmağa çalışmaqdadır.

“Son zamanlarda şiə-farsçı teorisyənləri (nəzəriyyəçi) vasitəsilə ortaya atılan iki terminlə qarşı qarşıyayıq; hüviyyət-tələb (kimliyini tələb edən) və təcziyə-tələb (separatçı). Bu terminlər ilə birlikdə açıqlamalar da gəlir... Yəni siz İran çərçivəsində bəzi haqlarınızı istəyirsinizsə, siz hüviyyət-tələbsiniz, sizinlə oturub müzakirə edə bilərik... Amma təcziyə-tələb olanlar İranın ərazi bütünlüyü və rejimin mövcudluğunu təhlükəyə atanlardır..,” deyə Eldar Qaradağlı sözünə davam edib.

XS
SM
MD
LG