Accessibility links

Milli təhlükəsizlik nazirinin vəzifədən azad edilməsinin səbəbləri [müxtəlif baxışlar]


Eldar Mahmudov

Eldar Mahmudov

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun heç bir səbəb göstərilmədən vəzifəsindən azad edilməsi ölkə mediasında, ictimai fikirdə geniş müzakirələrə səbəb olub. Azərbaycanın əksər media vasitələri nazirin vəzifədən azad edilməsi ilə bağlı müxtəlif versiyalar, şərhlər, ekspert rəyləri dərc edir. Bir sıra KİV-lər hazırda Milli Təhlükəsizlik Nazirliyində geniş yoxlamalar aparıldığını, hətta istintqa qrupunun işlədiyini yazır. Həbslər barədə də məlumatlar dərc olunur.

Bununla yanaşı, rəsmi orqanlar susmaqda davam edir, nazirin vəzifədən azad edilməsi, yoxlamalar aparılıb-aparılmaması barədə hər hansı açıqlama vermir.

Virtualaz.org saytı sözügedən informasiyalar ətrafında araşdırma apararaq onu hüquq-mühafizə orqanlarına yaxın mənbələri ilə dəqiqləşdirib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları Milli Təhlükəsizlik Nazirliyində (MTN) birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.

Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə, məlumatlı mənbələrin verdiyi informasiyaya görə, o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır.

Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar.

Virtualaz.org saytının məlumatına görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.

Hüquq-mühafizə orqanlarının nümayəndələri MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh vermir.

İlham Əliyev və Eldar Mahmudov

İlham Əliyev və Eldar Mahmudov

Xatırladaq ki, sayt bundan öncə Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbi kimi onun yuxarı rəhbərliyin icazəsi olmadan yüksək vəzifəli şəxslərin, onların ailə üzvlərinin telefon danışıqlarını izləməsi barədə göstəriş verməsini göstərib.

Maraqlı açıqlamalardan birini də İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov öz Facebook səhifəsində yayıb.

Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)

Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)

Keçmiş səfir iddia edir ki, bu, Mahmudovun ölkə başçısının qəzəbinə tuş gəldiyi ilk hal deyil. Bir dəfə də o, biznes strukturlardan birindən şantajla çox böyük məbləğ alıb və onu lazım olduğu üzrə ümumi katyola çatdırmayıb. Bu barədə İlham Əliyev xəbər tutanda o, vəzifəsini itirməyin bir addımlığında olub. Lakin tutduğu əmələ görə böyük məbləğdə cərimə ödəyərək vəziyyətdən çıxa bilib. Keçmiş səfirin yazdığına görə, həmin vaxt Mahmudovun vəziyyətdən çıxmasına onun ailəsinin prezidentin ailəsi ilə yaxın münasibətləri də təsir göstərib.

Arif Məmmədov iddia edir ki, Mahmudov həqiqətən də Beynəlxalq Bankdan böyük məbləğdə pul götürüb və pulların əhəmiyyətli hissəsi yoxa çıxıb. Müəyyən edilmiş vaxtda o götürdüyü vəsaiti qaytara bilməyib. Bundan başqa, götürülən pullar Mahmudovun başqa bir qohumu Çingiz Əsədullayevin rəhbərlik etdiyi Azəriqazbank üzərindən üçüncü ölkələrə ötürülüb.

Keçmiş səfirin yazdığına görə, Mahmudov İsrail kəşfiyyatı ilə güclü şəxsi əlaqələr yaradıb. Bu isə Moskvanı narahat etməyə bilməzdi. Arif Məmmədov güman edir ki, Moskva keçmiş nazirlə bağlı hansısa ciddi kompromat əldə edib və onu Astanada prezidentlərin görüşündə İlham Əliyevə çatdırıb.

Məmmədov onu da iddia edir ki, Mahmudov hakimiyyətdə bir çox məşhur nazirlərində daxil olduğu iri klanlardan birinin başçısına çevrilmişdi. O, həmin nazirləri Prezident Administrasiyasının təsirlərindən qorumaqla məşğul idi.

Arif Məmmədov keçmiş naziri hədəfə gətirən səbəblərdən sonuncusu kimi 2011-2012-ci illərdə özünün (yəni Arif Məmmədovun) həbsi barədə Prezident Administrasiyasından verilən göstərişi onun (Eldar Mahmudovun) rədd etməsini göstərir. Keçmiş səfir bunun üçün keçmiş nazirə minnətdar olduğunu da qeyd edib.

Arif Məmmədov iddia etdiyi səbəblərdən sonra Mahmudovun vəzifədən çıxarılmasının doğura biləcəyi nəticələr barədə də mülahizələrini bölüşüb:

– Belə ciddi fiqurun itirilməsi İsrail xüsusi xidmət orqanlarını narahat etməyə bilməz və yəqin ki, o buna sərt cavab verəcək.

– Mahmudovun oyundan çıxması onun çevrəsindəki nazirlərin onsuz da zəifləmiş mövqelərini bir az da zəiflədəcək. Prezident Administrasiyası nəhayət, o nazirlər qrupunu asanlıqla uda biləcək. Bu isə hakimiyyətdə kollapsı daha da sürətləndirəcək.

– Nəzərə alınsa ki, MTN keçmiş nazirin yaxın adamlarından ibarət olmaqla komplektləşdirilib, bu nazirlik eynən Xarici İşlər Nazirliyi kimi, uzun müddətə fəaliyyət qabiliyyətini itirəcək.

– Bəlli olduğu kimi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində bu nazirliyin şəxsən Mahmudova sadiq olan çoxlu sayda əməkdaşları çalışır. mümkündür ki, onlardan bir neçəsi diplomatların nümunəsindən yararlanacaq və geri qayıtmaqdan imtina edəcək, xarici ölkələrdən siyasi sığınacaq alacaq.

Ərəstun Oruclu

Ərəstun Oruclu

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəbəri, MTN-nin keçmiş əməkdaşı Ərəstun Oruclu Meydan TV saytına müsahibəsində bildirib ki, Mahmudovun vəzifəsindən kənarlaşdırılacağı barədə əvvəlcədən ehtimalları olub.

“Mən bu barədə öz Facebook səhifəmdə yazanda maraqlı versiyaları gördüm, bunun özü də bir araşdırmadır. Bir hissə sabiq nazirin Qərblə, İsraillə yaxınlığını əsas gətirir, başqaları Rusiyanın adını çəkir. Amma mən düşünmürəm ki, Qərblə yaxın olan xüsusi xidmət orqanı rəhbəri 11 il bu posta qalardı. Yəni Rusiya buna imkan verməzdi. Vaxtilə Namiq Abbasovun vəzifədən azad olunmasının arxasında da Rusiya amili iddia olunurdu. Hesab edirəm ki, Eldar Mahmudov Azərbaycan hakimiyyətində Rusiyaya loyal 2-3 şəxsdən biri idi. Təxminən 2-3 ay əvvəl Azərbaycana gələn Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin görüşdüyü 3 nəfərdən birinin Mahmudovun olması bir çox mətləblərdən xəbər verir”, o qeyd edib.

Sülhəddin Əkbər

Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik Nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər “Hürriyyət” qəzetinə bildirib ki, parlament seçkilərinə iki həftədən də az bir vaxt qaldığı zamanda ölkə başçısının olduqca mühüm əhəmiyyət kəsb edən postlardan birinin rəhbərini işdən azad etməsi, onu göstərir ki, E.Mahmudov prezdenti qəzəbləndirəcək hansısa bir addım atıb.

“Regionda hərbi-siyasi vəziyyətin kəskinləşdiyi bir vaxtda, seçkilərin qapını kəsdirdiyi bir vaxtda belə bir addımın atılması, MTN rəhbərinin işdən azad edilməsi ciddi səbəblərlə bağlı ola bilər. Yəqin ki, yaxın günlərdə bu məsələ daha da aydınlaşacaq. Dövlət başçısının MDB-nin ölkə başçılarının toplantısından geri dönən kimi E Maihmudovu vəzifədən azad etməsi belə düşünməyə əsas verir ki, İ. Əliyevə E.Mahmudovla bağlı hansısa ciddi informasiyalar verilib. Böyük ehtimalla, ölkə başçısına bu informasiya görüş zamanı verilib”.

İlham İsmayıl

İlham İsmayıl

Təhlükəsizlik üzrə tanınmış ekspert, MTN-nin itefada olan polkovnik-leytenantı İlham İsmayıl Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılmasını Moderator.azsaytına belə şərh edib:

"Eldar Mahmudovun işdən çıxarılmasının səbəblərini arayan mətbuat və ictimaiyyət birinci onu bilməlidir ki, E.Mahmudov bir nazir kimi vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün, ölkənin təhlükəsizlik məsələlərini zamanında həll edə bilmədiyi üçün işdən çıxarılmayıb, çünki o bu vəzifəyə təyin olunandan qısa bir zaman keçəndən sonra məlum oldu ki, xüsusi xidmət orqanı qarşısında duran vəzifələri yerinə yetirmək iqtidarında deyil. Deməli, səbəb professionallıqla bağlı olmayıb. Təyinat kökündən yanlış idi. Eldar Mahmudovun vəzifəsindən bu 11 ildə 11 dəfə çıxarmağa səbəblər olmuşdu, amma yuxarıda qeyd etdiyimiz kimi təyinat da, azad etmə də başqa prinsiplərlə ölçülüb. E. Mahmudov Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və Azərbaycan Respublikası tarixində xüsusi xidmət orqanına rəhbərlik edən 27-ci şəxs olub. Yemelyanov istisna olmaqla (1939-1953) Mahmudov ən uzun müddət 11 il 3 ay bu quruma rəhbərlik edib. Bu müddətdə Mahmudov sübut etdi ki, "бывших БХСС-шников не бывает". Bu 11 ildə MTN sovet milis sisteminin ən rüşvətxor bir strukturu olan BXSS -in filialına çevrildi. Keçmiş nazirin Yol polisindən, Penitensiar xidmətdən, BXSS -çilərdən ibarət ordusu ölkənin kəşfiyyat və əks-kəşfiyyat sistemini işğal və məhv etdi. Professonal əks kəşfiyyatçılar, təcrübəli əməliyyatçılar nazirlikdən sürətlə uzaqlaşdırıldı. Ən əsası elitar orqan adını qazanmış bir strukturda münasibətlər milisin kobud davranışı, danışıq tərzi ilə əvəz olundu. Xalq MTN-ə artıq dövlətin bel sütunu kimi yox, "haqq alan" bir təşkilatı kimi baxır. Tanışlıq və dostluq prinsipləri ilə MTN-ə xidmətə götürməyə başladılar. Artıq lətifəvari hadisələr kütlənin lağ yeri oldu”, İsmayıl qeyd edib.

Contact.az saytının məlumatına görə, son günlər əllərində portfel və qovluq tutan müstəntiqlərə oxşayan bir necə şəxs daim MTN-nin giriş qapısında növbə cəkir.

“Bütün bunlar icəridə yoxlama aparılmasının və yaxud sənədlərin götürülməsi prosesinin baş verməsi təəsuratını yaradır. Hərcənd ki, Mahmudovun saxlanılması xəbərləri rəsmən təsdiq olunmadı, əksinə təkzib olundu.

Yeni nazirin kim olacağına gəldikdə isə, çox ehtimal ki, aşkar namizəd yoxdur. Nəzərə alsaq ki, ölkə rəbərliyi Mahmudova etimadsızlıq göstərib, onun müavinlərindən heç kəs bu vəzifəyə layiq görülməyəcək. Kənardan namizədlər sırasından isə generallar Ramil Usubovun, Məhərrəm Əliyevin və Vahid Əliyevin adları cəkilir. Son ikisi prezidentin müşavirləri siyahısına daxildir, Usubov isə ölkə rəhbərliyinin ən etibarlı adamlarından biri olaraq qalır, böyük təcrübəyə, o cümlədən apparat oyunları sahəsində və hakimiyyətin üst qatlarında vəziyyət barədə informasiyaya malikdir. Amma peşəkarlıq baxımından onların hec biri MTN rəhbərı vəzifəsinə uyğun deyil, çünki kadr çekisti deyil. Hərcənd ki, V.Əliyev Naxcıvan MTN-nin bir müddət başcısı olub, contact.az saytı qeyd edir.

MTN-nin saytı

MTN-nin saytı

Maraqlı məqamlardan biri də budur ki, Eldar Mahmudov prezident sərəncamı ilə oktyabrın 17-də vəzifədən azad edilsə də, Milli Təhlükəsizlik Nazirliyinin rəsmi saytında oktyabrın 19-da hələ nazir kimi göstərilir.

XS
SM
MD
LG