Accessibility links

Eldar Namazov: Beyinlərdə gedən “vətəndaş müharibəsi” sindromu aradan qaldırılmalıdır


Eldar Namazov
Eldar Namazov

Milli Şuranın icra aparatının rəhbəri prezidentin çıxışını şərh edib. “Çox təəssüf ki, beyinlərdə gedən vətəndaş müharibəsi sindromunu qızışdıran, təbliğ edən tərəf kimi ölkənin prezidenti çıxış edir”

Azərbaycanda ən ciddi bəlalardan biri, siyasət sahəsində beyinlərdə gedən soyuq “vətəndaş müharibəsi” sindromudur. Hakimiyyətə gələn qüvvə özünü az qala vətəndaş müharibəsində qalib gələn tərəf kimi hiss edir və siyasi opponentlərini müharibədə məğlub edilmiş düşmən kimi təsəvvür edir.

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının icra aparatının rəhbəri Eldar Namazov prezident İlham Əliyevin YAP-ın 5-ci qurultayında müxalifətin ünvanına səsləndirdiyi fikirləri Amerikanın Səsinə şərh edərkən bildirib.

E. Namazov buna misal kimi vaxtı ilə Sovetlər Birliyində qırmızı və ağların mübarizəsini xatırladıb. Vətəndaş müharibəsini yaşamış başqa ölkələrdə də buna bənzər proseslər baş verib.

“Dünya təcrübəsində bununla bağlı çox açıq və aydın bir ictimai qanunauyğunluq var: vətəndaş müharibəsində qalib olmur. Əgər məğlub tərəfin hüquqları tapdalanırsa, onlar ikinci növ vətəndaş, xalq düşməni kimi qəbul olunursa, deməli müddət sonra həmin ölkədə yenidən sosial və siyasi kataklizmlər başlayacaq”, - o qeyd edib.

İcra Aparatı rəhbərinin fikrincə, beyinlərdə gedən “vətəndaş müharibəsi”nə son qoymağın yeganə yolu hamının hüquqlarını təmin etmək, hamının firavan yaşaması üçün hüquqi və siyasi mühit formalaşdırmaqdır.

“Amma çox təəssüf ki, beyinlərdə gedən vətəndaş müharibəsi sindromunu qızışdıran, təbliğ edən tərəf kimi ölkənin prezidenti çıxış edir. Halbuki, Azərbaycan Konstitusiyasının tələbinə görə prezident hər bir vətəndaşın hüquqlarının qarantı olmalıdır. Bu yanaşma ilə hakimiyyət ölkəmizi çox təhlükəli daxili qarşıdurmaya və sosial-siyasi böhranlara sürükləyir”, - E.Namazov bildirib.

Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilən 5-ci qurultayında prezident İlham Əliyev müxalifəti antimilli qüvvələr adlandırıb: “Bu, antimilli qüvvələrdir. Vaxtilə iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar, satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna siyasi fəaliyyət demək mümkündürsə, - tamamilə başqa istiqamətdə gedir. Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, “Molotov kokteyli”dir.

Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır”.

Hər hansı xəyanətdə, satqınlıqda ittihamı diffamasiya kimi qiymətləndirmək olar və bu, məhkəmə iddiasının qaldırılması üçün əsas ola bilər. Media hüquqları sahəsində tanınmış ekspert Ələsgər Məmmədli belə hesab edir.

Azərbaycanın Cinayət Məcəlləsində “dövlətə xəyanət” maddəsi var və kimisə milli xəyanətdə ittiham etmək ağır cinayətin törədilməsi haqda böhtan kimi qəbul edilə bilər. Digər tərəfdən “xəyanət”, “satqınlıq” kimi ifadələr təhqiredici hesab olunur.

Lakin bu cür ifadələr konkret şəxsə ünvanlanarsa, məhkəmə iddiası qaldırıla bilər. Əgər bu, ümumiləşmiş şəkildə deyilibsə, heç kim məhkəməyə müraciət edə bilməz.

Prezidentlə bağlı hala gəlincə isə o, hətta konkret ad çəksə belə dövlət başçısının toxunulmazlığı səbəbindən iddia qaldırılması mümkün deyil. Söhbət yalnız mülki iddianın qaldırılmasından və pul kompensasiyası tələbindən gedə bilərdi, ekspert bildirib
XS
SM
MD
LG