Accessibility links

Eldar Namazov: Əsas problem iqtidarın namizədinin gəlirləri ilə bağlı olacaq [Video]


Milli Şuranın İcra Aparatının rəhbəri Vaşinqton və Moskva səfərinin yekunlarından danışıb. İbrahimbəyovun seçki kampaniyasında qalibiyyətli seçki menecerləri iştirak edəcək

Demokratik Qüvvələrin Milli Şuranın (DQMŞ) İcra Aparatının rəhbəri Eldar Namazov Vaşinqton və Moskvaya səfərləri ilə bağlı mətbuat konfransı keçirib.

Namazov Vaşinqtonda Konqresin Helsinki Komissiyasında aparılan müzakirələr, Dövlət Departamenti, ABŞ-ın Milli Təhlükəsizlik Şurasında görüşləri və Amerikanın beyin mərkəzlərinin rəhbərləri qarşısında çıxışı barədə məlumat verib. Eyni zamanda, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki kampaniyasında dünyada və MDB məkanında qalibiyyətli seçki kampaniyalarına rəhbərlik etmiş menecerlər kömək edəcək. Bu barədə Vaşinqtonda və Moskvada danışıqlar aparılıb.

“İqtidaryönümlü mediada Vaşinqtonda keçirilən müzakirələrin əhəmiyyətini azaltmağa cəhd edirlər. İndiyədək Vaşinqtonda bu dəfəki kimi ciddi müzakirələr olmayıb. Tədbirin adının “Problemli tərəfdaş: Azərbaycanda artan avtoritarizm” olması özlüyündə bir ciddi mesajdır”, o qeyd edib.

Namazov müzakirələr və görüşlər zamanı Milli Şuranın DQMŞ-nin prezidentliyə vahid namizədinin öhdəlikləri və Milli Şuranın iqtidarın prezidentliyə namizədinin adına olan şirkətlər, mülklər, ofşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər, korrupsiya hallarının araşdırılması ilə bağlı Baş Prokuror, Milli Məclis və Mərkəzi Seçki Komissiyasının araşdırma aparmasını tələb edən sənədlərinin və həbsdə olan gənclərin həbsxanadan ünvanladığı müraciətinin yayıldığını deyib.

“Dövlət Departamentində çox ciddi görüşlərim oldu. ABŞ Milli Təhlükəsizlik Şurasının rəhbərliyində olan və Azərbaycanla bağlı işləyən şəxslərlə görüşdüm”.

MŞ-nin İcra Aparatının rəhbəri Vaşinqtonda və Moskvada MDB məkanında ən qabaqcıl seçki kampaniyası aparan şirkətlərin mütəxəssisləri ilə görüşüb.

“Bu mütəxəssislər MDB-də qalib namizədlərlə işləyib. Bu qurumlarda ən uğurlu seçki menecerləri cəmləşib. İlkin razılıq əldə edilib və yaxınlarda münasibətlərimizi reallaşdıracağıq”, o bildirib.

Namazov Rüstəm İbrahimbəyovun beynəlxalq görüşlərini yekunlaşdırdığını və yaxın zamanda Azərbaycana dönəcəyini bildirib. Onun fikrincə, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması üçün heç bir hüquqi maneə yoxdur.

“Milli Şuranın yaradılması yerli və beynəlxalq ictimaiyyətin fikirlərini dəyişib. Artıq ictimai fikir Azərbaycanda başqa ssenariləri düşünmək istəyinə gəlib”.

Onun fikrincə, İbrahimbəyovun namizədliyinin qeydə alınması məsələsi həm yerli , həm də beynəlxalq ictimaiyyət tərəfindən seçkinin legitimliyinin tanınması anlamında başa düşülür.

“Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması məsələsi Vaşinqtonda 3 dəfə diqqətə gətirildi. Beynəlxalq təşkilatlar və demokratik dövlətlər Azərbaycanda azad və ədalətli seçki keçirilməsini dəstəkləyir. Bu çox ədalətli mövqedir. Hakimiyyət isə istəyir ki, İbrahimbəyovun namizədliyi qeydə alınmasın və özü - özünün rəqibini müəyyən etsin. Milli Şura öz namizədinin qeydə alınmasını təmin etməlidir. Namizədini qeydə aldıra bilməsə bu qurum qələbədən danışa bilməz. İbrahimbəyovun namizədliyi mütləq qeydə alınacaq. Çünki, bu seçkilərin legitimliyi İbrahimbəyovun namizədliyinin qeydiyyata alınmasından asılı olacaq”.

İcra Aparatının rəhbəri Milli Şuranın ikinci namizədinin olub-olmayacağı ilə bağlı sualın cavabında deyib: “Milli Şuranın əsas, vahid və ehtiyat namizədi Rüstəm İbrahimbəyovdur”.

Yaxın günlərdə Mili Şuranın vahid namizədinin seçki strategiyası elan ediləcək.

O seçkinin saxtalaşdırılması hallarına qarşı mübarizə ilə bağlı sualın cavabında deyib ki, seçki saxtalaşdırılarsa bu xaosa aparacaq.

“Hazırda ölkədə sabitlik var. İnsanlar gözləyir ki, səsini vahid namizədə verməklə etirazını ifadə etsin. Quba, İsmayıllı hadisələri göstərdi ki, insanlar siyasi proseslər olmadan da etirazlarını ifadə edə bilirlər. Seçkilər saxtalaşdırılarsa biz də, beynəlxalq tərəfdaşlar da ölkədə xaosun qaçılmaq olduğunu düşünürük”.

E.Namazov Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasına mülkiyyət haqqında hesabatının hazırlanıb-hazırlanmaması barədə sualın cavabında deyib ki, Milli Şuranın vahid namizədinin mülkiyyət və maliyyə hesabatı şəffafdı.

“İbrahimbəyovun bütün gəlirləri vergiyə cəlb edilib. Onun mükafatları hamıya bəllidir. Problem iqtidarın namizədinin hesabatı ilə bağlı olacaq. Beynəlxalq jurnalist araşdırmaları nəticəsində onun müxtəlif məbləğlərdə qiymətləri olan mülkləri, şirkətləri, ofşor zonalarda qeydiyyatda olan şirkətləri, qalmaqallı rüşvət faktları ilə bağlı məqalələr dərc edilib. Biz iqtidarın namizədi ilə bağlı bu faktların araşdırılmasını tələb etmişik və tələb edəcəyik”.

O görüşlər zamanı seçkilərdə exit-polların keçirilməsinin də diqqət mərkəzində olduğunu qeyd edib.
XS
SM
MD
LG