Accessibility links

Eldar Namazov: Prokurorluq villaların, ofşorların əvəzinə mitinqdə kim-kimə su aldığını araşdırır (Video-müsahibə)


Milli Şuranın İcra Aparatının rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın İcra Aparatının rəhbəri, El Hərəkatının sədri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 4 saat dindirilməsindən, təzyiqlərin onu yolundan döndərməyəcəyindən, rejimə qarşı dinc mübarizəni davam etdirəcəyindən danışıb.

Sual: Dünən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində sizi 4 saat dindiriblər. Nə soruşdular?

Hakimiyyət hər dəfə seçkiləri uduzmaq təhlükəsi ilə üz-üzə qalanda daima belə şoulara əl atır.
Cavab: Yəqin Azərbaycan cəmiyyəti bu dindirmənin nə ilə bağlı olduğunu bilir. Bir neçə gün öncə mətbuatda böhtan xarakterli, uydurma bəyanatlar yayıldı, guya ki, Milli Şura, El Hərəkatı Azərbaycanda seçkiqabağı iğtişaşlar təşkil etmək istəyir.

Təbii ki, bu ittihamların, böhtanın heç bir əsası yoxdur. O ittihamların müəllifləri də hər gün yeni bir məsələ uydururlar. Gah deyirlər, bu Milli Şuranın qapalı sessiyasında olub, halbuki onlar Milli Şuranın üzvü deyillər və iclaslarda iştirak etməyiblər. Gah deyirlər, bu El Hərəkatının iclasında olub. Halbuki El-in də iclasında bu haqda heç bir söhbət olmayıb. Nəhayət, indi deyirlər ki, kim isə, kimi isə qırağa çəkib onun qulağına nə isə pıçıldayıb.

Yəni nə sübutları var, nə məntiq var. Həm El Hərəkatı, həm Milli Şura dəfələrlə bəyan edib ki, məqsədimiz Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsidir, dinc, sivil yollarla demokratiyaya keçilməsidir. Biz seçkilərə, şəffaf mübarizəyə hazırlaşırıq. Ancaq təəssüflər olsun ki, hakimiyyət hər dəfə seçkiləri uduzmaq təhlükəsi ilə üz-üzə qalanda daima belə şoulara əl atır.

2005-ci il parlament seçkiləri ərəfəsində də onlar belə bir şou yaratdılar. Dövlət çevrilişi, kütləvi iğtişaşlar ittihamları, ortalıqda nə oldu? Heç bir sübut tapılmadı, bu ittiham heç bir adama qarşı rəsmi olaraq irəli sürülmədi. Həmin adamlar ki, 2005-ci ildə bu siyasi şounu düzəldirdilər, elə həmin adamlar indi də bu işlə məşğuldurlar. Bu yolla Azərbaycan xalqını, cəmiyyəti seçkilər mövzusundan, sərbəst toplaşmaq hüququndan, digər insan haqları mövzularından başqa istiqamətə yönəldirlər. Guya ki, kimsə iğtişaş, çevriliş hazırlayır. Bunlar hamısı böhtandır və həqiqətə uyğun deyil.

Sual: Yəni, siz hesab edirsiniz ki, bu siyasi bir ittihamdır?

El Hərəkatının üzərinə də yeni bir basqı hazırlayırlar.
Cavab: Sözsüz. Bilirdiniz, prokurorluğun bu barədə ilk açıqlaması Milli Şuranın son sessiyası başa çatandan iki saat sonra baş verdi. Yəni hakimiyyət gözləyirdi ki, Milli Şura dağılacaq, Milli Şura pat vəziyyətindən çıxa bilməyəcək. Amma, Milli Şura çox ciddi müzakirələr apararaq hamı bir araya, konsensusa gəldi, yeni vahid namizədi irəli sürdü, onun ətrafında hamı birləşdi və biz seçkilərə gedirik. Bu xəbər yayılandan iki saat sonra prokurorluq artıq bəyanat verdi ki, kütləvi iğtişaşların təşkili ilə bağlı araşdırmaya başlayır.

Artıq mənim adımı hallandırdılar ki, ittiham olunan adamlardan biri Eldar Namazovdur. Mən burada suallardan da gördüm. El Hərəkatının üzərinə də yeni bir basqı hazırlayırlar.

El Hərəkatı beş ay bundan əvvəl elan olunub. 5 ayda hökumət yalnız 17 gün normal fəaliyyət göstərməyimizə imkan verdi. Martın 12-də elan olunan hərəkatın 29-da fəaliyyətini dayandırdılar. Onun ofisləri əlindən alındı. Bu birinci basqı idi. İkinci basqı oldu, El Hərəkatının fəal üzvləri, onların qohum-əqbərası işdən azad olunurdu. Bu da təsir etmədi, El işini davam etdirdi. Nəhayət, üçüncü belə basqı təşkil olundu.

Sual: İttiham irəli sürüblər, yoxsa araşdırma gedir?

Açıq-aydın görsənir ki, burada siyasi motivlər göz qabağındadır.
Cavab: Guya araşdırma gedir. Amma, bəllidir ki, ittiham edən yalançı adamdır. Onun bəyanatının da yalan üzərində qurulduğu bəllidir. Hətta özünü təqdim edəndə də bu adam yalan danışır. Hansı şəraitdə informasiyanı guya əldə edib, onunla da bağlı yalan danışır. Gündə fikirlərini dəyişir. Gah Milli Şuranın qapalı iclası, gah EL-in iclası, gah kimsə onun qulağına pıçıldayıb və sairə...Bunu əsas götürüb, belə bir vaxtda, seçki getdiyi vaxtda belə bir şou düzəltmək, bu öz siyasi opponentlərinə qarşı çirkin üsullarla mübarizə aparmaq deməkdir.

Bütün dünya mediası yazır ki, 48 milyard dollar ofşorlarda gizlədirlər, korrupsiyanın miqdarından yazırlar, korrupsiyadan əldə olunmuş çirkli pulların hara xərclənməsi də bəllidir. Villalar da bəllidir. Avropadan tutmuş, Dubayda, MDB ölkələrində olan villalar. Prokurorluq bunu araşdırmaq əvəzinə, başlayırlar araşdırmağa ki, mitinqdə kim-kimə su alıb verib, yoxsa verməyib. Açıq-aydın görsənir ki, burada siyasi motivlər göz qabağındadır.

Sual: Əflan İbrahimov kimdir? Biri deyir El Hərəkatının üzvüdür, biri deyir sədr müavinidir, bir digəri isə deyir ki, Milli Şuraya üzv qəbul edilməyib.

Onun məqsədi Milli Şuraya daxil olub içəridə bir təxribat törətməkdir.
Cavab: Bu adam bir neçə ay əvvəl El Hərəkatına gəlmişdi, öz köməkliyini təklif etmişdi. Ancaq, bir müddətdən sonra Milli Şuranın tərkibində olan partiyalardan informasiya daxil oldu ki, bu adam təxribatçıdır. Əvvəllər başqa bir partiyada təxribat törətmək istəyib. Onun məqsədi Milli Şuraya daxil olub içəridə bir təxribat törətməkdir. Biz bunun qarşısını aldıq. Sonra yeni bir məlumat daxil oldu ki, artıq bu adam bir dəfə dələduzluğa görə məhkum olunub, 9-cu kolonda yatıb. Bunun haqqında biz artıq ölçü götürməyə hazırlaşırdıq. O görəndə ki, artıq Milli Şuraya daxil ola bilmir, Milli Şuranın içərisində təxribat törədə bilmir, mətbuata çıxıb belə bəyanatlar verdi.

Sual: Qeyd etdiniz ki, El Hərəkatına qarşı yeni təxribat hazırlanır. Mətbuatda da R.İbrahimbəyovun daim sizə pul göndərdiyi yazılır.

Cavab: Milli Şuranı əsassız ittiham edənlər bu şayiələri buraxır. Milli Şuranın fəaliyyəti göz qabağındadır. Milli Şura sessiyalarını növbə ilə müxtəlif partiyalarda keçirir. İclas hansı partiyanın qərargahında keçirilirsə həmin partiya da maddi-texniki dəstəyini verir. Stolun üstünə su qoyurlar, mikrofon qoyurlar və sairə. Bundan o yana Milli Şuranın bir xərci də olmur ki, maraqlansınlar ki, pullar haradan gəlir.

Sual: Yəni Rüstəm İbrahimbəyov sizin adınıza pul göndərməyib?

Cavab: Bunlar yalandır, həqiqətə uyğun deyil.

Sual: Milli Şuranın üzvləri, o cümlədən Milli Şuranın prezidentliyə yeni vahid namizədi Londona dəvət edilib. Seçkilərin belə qızğın dövründə bu səfər baş tutacaqmı?

Cavab: Dəvət olunub deyəndə, bu bir qədər düzgün informasiya deyil. Bu səfər bir aydır hazırlanır. Onda hələ Cəmil müəllimin namizədliyi məsələsi gündəmdə deyildi. Milli Şuranın nümayəndə heyətinin Londona səfəri əvvəldən hazırlanmış bir proqramdır. O çərçivədə Vaşinqtona, Brüsselə səfərlər olmuşdu. Onun davamı kimi də Londona belə səfər hazırlanırdı. Sadəcə olaraq indi tərkibdə bir az dəyişiklik edildi. Belə ki, Milli Şuranın yeni vahid namizədi seçilib. Ona görə də onun da bu səfərdə iştirakı vacibdir.

Sual: Sizin müavininiz Köçəri Nağıyev də bu gün istintaqa çağırılıb. Səbəbi nədir?

Milli Şurada fəal olan adamların vaxtını almaq, fəaliyyətinə mane olmaq, eyni zamanda cəmiyyətdə bir xof yaratmaqdır.
Cavab: Səbəbi Milli Şuraya, El Hərəkatına qarşı böhtanlar, yalanlardır. Bu, hakimiyyətin özünün qurduğu ssenaridir ki, Milli Şurada fəal olan adamların vaxtını almaq, fəaliyyətinə mane olmaq, eyni zamanda cəmiyyətdə bir xof yaratmaqdır. Bu məqsədlə onlar müxtəlif üzvlərimizi dindirməyə dəvət edəcəklər.

Sual: Hökumətə müraciətiniz?


Azərbaycanda demokratik, köklü islahatlar aparılmasa sabitlik də pozula bilər.
Cavab: Ölkənin bu duruma düşməsində bu hakimiyyət birbaşa günahkardır. Korrupsiya baş alıb gedir, insanlar narazıdır, heç bir siyasi partiya iğtişaş törətmək istəmir, hazırlamır. Azərbaycanda baş verən sosial partlayışların hamısı sıravi vətəndaşların təşəbbüsü ilə olub. Qubada da, İsmayıllıda da, başqa yerlərdə də belə olub.

O iğtişaşlarda siyasi qüvvələrin heç bir iştirakı olmayıb. Ona görə də hakimiyyət gərək ağlını başına yığsın. Azərbaycanda demokratik, köklü islahatlar aparılmasa sabitlik də pozula bilər. Bunun da günahı siyasi opponentlərdə, müxalifətdə deyil. Bunun günahkarı, səbəbkarı da hakimiyyətdir, onun apardığı siyasətdir.
XS
SM
MD
LG