Accessibility links

Eldar Namazov: Yalnız hansı regiondandır, kimə qohumdur... belə kadr siyasəti qurula bilməz [Video-Müsahibə]


Eldar Namazov: Yalnız hansı regiondandır, kimə qohumdur... belə kadr siyasəti qurula bilməz
please wait

No media source currently available

0:00 0:08:01 0:00

Eldar Namazov: Yalnız hansı regiondandır, kimə qohumdur... belə kadr siyasəti qurula bilməz

Keçmiş prezident Heydər Əliyevin siyasi məsələlər üzrə köməkçisinin Amerikanın Səsinə müsahibəsi

Keçmiş prezident Heydər Əliyevin siyasi məsələlər üzrə köməkçisi olmuş Eldar Namazov Amerikanın Səsinə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkədə kadr problemi ilə bağlı yaranan böhran, savadsızlığın və dini fanatizmin artması barədə çıxışını şərh edib.

Amerikanın Səsi: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanda kadr problemi böhranı olduğunu bəyan edib. Kadrların seçilməsində əsas problem nədir?

Azərbaycanda vətəndaş cəmiyyətində olan kadr potensialından dünyanın demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatları istifadə edir.

Eldar Namazov: Əslinə qalsa kadrlarla bağlı problem yoxdur. Azərbaycan artıq müstəqilliyinin 20 illiyini ötüb. Bu müddət ərzində Azərbaycanda minlərlə insan xaricdə universitetlərdə yaxşı təhsil alıb, xarici təşkilatlarda, böyük korporasiyalarda iş təcrübəsi toplayıb. Hətta dövlət proqramı çərçivəsində minlərlə gənc qərbin aparıcı universitetlərində təhsil alır, dövlət proqramından kənar nə qədər insan xaricdə təhsil alır. Azərbaycanda vətəndaş cəmiyyətində olan kadr potensialından dünyanın demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatları istifadə edir. Beynəlxalq Valyuta Fondu, Avropa bankı, ATƏT, Avropa strukturları, demək olar ki, hamısı Azərbaycan vətəndaş cəmiyyətində olan ekspertləri öz işlərinə cəlb edir, biliklərindən, təcrübələrindən bəhrələnirlər.

Burada problem başqadır. Problem ümumiyyətlə ölkənin inkişaf strategiyasıdır və bu çərçivədə kadr siyasəti necə olmalıdır. Mənə elə gəlir ki, mövcud əsas problem bunun içərisindədir. Ona görə də ölkənin inkişaf modeli ilə bağlı mütləq bir aydınlıq olmalıdır. Bu mütləq bir şərtdir, birinci şərtdir. İkincisi həmin islahatların aparılması ilə bağlı konseptual proqramlar olmalıdır, sənədlər olmalıdır, ictimai müzakirələr keçirilməlidir. Biz təhsilimizi necə görürük, səhiyyə sistemimizi nə cür görürük? Elə həmin çıxışda təhsil sistemindən də danışıldı, başqa sahələrdən də danışıldı. Ondan sonra, yəni bu iki məsələ müəyyənləşəndən sonra, bunu həyata keçiriləcək mövcud kadr potensialını müəyyən etmək lazımdır. Mən əminəm ki, Azərbaycan cəmiyyətində kifayət qədər güclü kadr potensialı var.

Amerikanın Səsi: Bəs həmin kadrlara niyə istinad edilmir, onlar niyə seçilmir?

Yəni insanları hansı parametrlərə görə işə dəvət edirlər, hansı parametrlərə görə qabağa çəkirlər, burada savad, bilik əsas rol oynayır-oynamır, bu məsələlər problemdir.

Eldar Namazov: Kadr problemi bütövlükdə dövlət siyasəti problemidir. Yəni əslinə qalsa sosiologiyada belə bir anlayış var, - sosial lift deyirlər ona. Yəni insanlar daim işləməlidirlər, inkişaf etməlidirlər, ölkənin inkişafına öz töhfələrini verməlidirlər və buna uyğun da həmin o sosial liftlə qalxmalıdırlar. Bizdə həmin liftlər işləmir. Yəni insanları hansı parametrlərə görə işə dəvət edirlər, hansı parametrlərə görə qabağa çəkirlər, burada savad, bilik əsas rol oynayır-oynamır, bu məsələlər problemdir. O sosioloji lift olmayanda, gənc bir azərbaycanlı, yaxşı bir təhsil almış, artıq bir neçə il bir beynəlxalq təşkilatlarda çalışmış azərbaycanlı seçim qarşısında qalanda ki, dövlət qurumunda çalışım, yoxsa gedim biznes qurumunda çalışım və ya gedim xaricdə işimi qurum, onda ikinci yola üstünlük verirlər. Çünki həmin o sosial lifti görmürlər ki, burada məhz biliyə, savada, verdiyin töhfəyə uyğun olaraq sənin statusun dəyişəcək.

Amerikanın Səsi: Cənab Mehdiyev ölkədə savadsızlıq və dini fanatizmdən də danışıb. Ölkədə savadsızlıq və dini fanatizmi doğuran səbəblər nədir və onun nəticələri nə ola bilər?

Bu da sirr deyil ki, insanlar öz həyatlarında, yerdə ədaləti görməyəndə, onu göydə axtarırlar.

Eldar Namazov: Bilirsiniz bu, artıq dünya üçün bir problemdir. Həm də bu problemin ətrafında on illərlə araşdırmalar gedir, alimlər işləyir, fenomeni öyrənirlər. Bu da sirr deyil ki, insanlar öz həyatlarında, yerdə ədaləti görməyəndə, onu göydə axtarırlar.

Ona görə də insanlara nə qədər yaxşı şərait yaratsan ki, rahat işləsinlər, layiqli bir maaş alsınlar, həmin maaşla həyatlarını qura bilsinlər, uşaqlarını məktəbə yola sala bilsinlər, həmin maaşla yayda ailələrini götürüb dincələ bilsinlər. Onların bir problemləri olanda məhkəməyə müraciət edəndə ədalətli bir məhkəmə sistemi olmalıdır ki, orada haqq-ədalətini tələb edə bilsinlər. Bütün bunları ətrafda görməyəndə bunları başqa yerdə axtarırlar. Çox təəssüflər olsun ki, bax bu fenomen birbaşa insanların təhsil, səhiyyə sistemi, insanların maaşları, pensiyaları və digər məsələlərlə birbaşa bağlıdır.

Amerikanın Səsi: Prezident Administrasiyasının rəhbəri hakimiyyətlərinin 21-ci ilində ölkədə əsas ictimai-siyasi problemlərin olduğunu etiraf edib. Amma onu doğuran səbəblər və həlli yolları ilə bağlı resept verməyib. Problemlərin həlli yolları nə ola bilər?

Faktlar artıq hər yandan o qədər qabarıq görünür ki, bunu danmaq mümkün deyil. Bunu artıq etiraf etməyə başlayırlar. Ancaq burdan hansı çıxış yolunu tapmaq lazımdır, bax bunun üzərində çox ciddi müzakirələr, ictimai müzakirələr olmalıdır.

Eldar Namazov: Bu problemlər həqiqətən də ciddi problemlərdir. Problemlərin bir qismi Azərbaycanın öz daxilində yaranan problemlərdir. Bu islahatların gecikməsi, qanunun aliliyinin təmin olunmaması, insan haqları, demokratiya, azad sahibkarlıq və digər məsələlərlə bağlı illərlə yığılan problemlərdir. Bu gərginliyi, sosial gərginliyi artıran məsələlərdir. Biz görmüşük, bir neçə il bundan əvvəl Azərbaycanın müxtəlif bölgələrində məmur özbaşınalığı ilə bağlı hansı etirazlar oldu, gənclərin hansı etirazları oldu və s. Bu ölkənin daxilində olan problemlər və gərginlikdir. Bununla yanaşı dünyada və Azərbaycanın ətrafında elə təhlükəli proseslər inkişaf etməyə başlayıb ki, misal üçün biz illərlə deyirdik ki, bu iqtisadi islahatlar ona görə lazımdır ki, Azərbaycan neftdən asılı olmasın. Çünki indi dünya bazarında neftin qiyməti sürətlə aşağı düşür və yaxın gələcəkdə bu proses davam edəcək. Yəni neftdən asılı olan ölkələr üçün, o cümlədən Rusiya üçün də, Azərbaycan üçün də, digər belə ölkələr üçün də çox ciddi iqtisadi problemlər dövrü başlaya bilər. Eyni zamanda Azərbaycanın müstəqilliyinə, suverenliyinə də təhlükələr artır. Ukraynada baş verən hadisələr ola bilsin ki, təkcə həmin regionla məhdudlaşmasın. Ona görə də xaricdən o qədər təhlükələr mövcud olduğu bir dövrdə daxildə hər ölkə çalışmalıdır ki, - çox şablon bir fikri deyəcəm, amma bunu mütləq deməliyəm, - milli həmrəylik olmalıdır. Milli həmrəyliyin də əsasını nə təşkil etməlidir? Hamı qanun qarşısında bərabər olmalıdır, hamının hüquqları qorunmalıdır, hamı üçün şərait yaradılmalıdır. Biz indi bu yolla da qayıdırıq, həmin kadr məsələsinə ki, kadrları yalnız kim hansı regiondandır, kim kimə qohumdur, kim kimə daha yaxındır, kimin qohumları vəzifədə çalışırlar, kimlərinsə yox. Bunun üzərində kadr siyasəti qurula bilməz. Faktlar artıq hər yandan o qədər qabarıq görünür ki, bunu danmaq mümkün deyil. Bunu artıq etiraf etməyə başlayırlar. Ancaq burdan hansı çıxış yolunu tapmaq lazımdır, bax bunun üzərində çox ciddi müzakirələr, ictimai müzakirələr olmalıdır. Təəssüflər olsun ki, bu günə kimi hələlik hakimiyyətlə vətəndaş cəmiyyəti arasında bu vacib mövzular ətrafında bir dəfə də olsun dialoq keçirilməyib.

XS
SM
MD
LG