Accessibility links

Eldəniz Quliyev: Polisi təhqir etmək məqsədim olmayıb [Video-müsahibə] (Yenilənib)


Bu gün Nəsimi Rayon Məhkəməsində Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Eldəniz Quliyev məhkəmədən vəsatətin rədd edilməsini istəyib. Bildirib ki, onun ölkədən çıxmaq niyyəti yoxdur. “Bir neçə günlüyə İrana müalicəyə getmək istəyirƏM. Ölkəni tərk etmək niyyətiM olsa idi Avropa ölkələrinə səfər edərdim”, o qeyd edib.

***

Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovun iddiası ilə bağlı iş üzrə təcili olaraq Nəsimi Rayon Məhkəməsinə çağırılıb.

“Mənə polisdən zəng ediblər və bu gün (sentyabrın 10-da) saat 17.30-da Nəsimi Rayon Məhkəməsinə çağırdılar. Məhkəmədə həbs qətimkan tədbiri məsələsinə baxılacaq”, Quliyev Amerikanın Səsinə müsahibəsində bildirib.

Eldəniz Quliyev avqustun 20-də öz facebook səhifəsində yol polisinin əməllərini tənqid edib.

Daxili işlər naziri onun yazısında bütünlüklə polisə qarşı təhqir və böhtan olduğunu iddia edərək məhkəməyə müraciət edib.

Sentyabrın 8-də məhkəmə linqvistik ekspertiza təyin edib.

Quliyev hesab edir ki, bu cinayət təqibi siyasi motivlidir, onun Ziyalılar Birliyinin rəhbəri və Milli Şuranın üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.

“Mən polisi təhqir etmək fikrində olmamışam. Minlərlə polis əməkdaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərib, yüzlərlə polis əməkdaşı həlak olub. Mənim qohumlarım polis əməkdaşlarıdır, çoxsaylı polis dostlarım var. Sadəcə yol polisinin qanuna riayət etmədiyini görüb bu statusu yazdım. İstədim qanunu pozan polis əməkdaşları cəzalandırılsın”, o qeyd edib.

Ziyalılar Birliyi ofisindən də çıxarılır. “Burada Milli Şuranın Koordinasiya Mərkəzinin iclası keçirildikdən sonra ev sahibinə təzyiqlər olub. O da ofisdən çıxmağımızı istəyir”.

E.Quliyev eyni zamanda yol polisi ilə insident zamanı avtomobili idarə edən sürücünün artıq ölkəni tərk etdiyini bildirib. “Ona təzyiqlər edildiyindən ailəsi ilə birgə ölkəni tərk edib”, o qeyd edib.

XS
SM
MD
LG