Accessibility links

ABŞ-ın Tennesi ştatının qubernatoru ölüm cəzasına məhkum edilmiş cinayətkarlar üçün elektrik stulundan istifadə edilməsi ilə bağlı qanun imzalayıb.

Respublikaçı qubernator Bill Haslamın imzaladığı qanun cümə axşamı qüvvəyə minib.
Tennesi ştatının qanunvericiləri aprel ayında elektrik stulla bağlı qətnaməni qəbul etmişdilər.

Yeni qanun ölüm cəzasına məhkum edilmiş cinayətkarların elektrik stulunda edam edilməsinə icazə verir. Avropa edamlar üçün istifadə olunan ölümcül inyeksiyaları boykot etməyə başladıqdan sonra həbsxanalarda bu dərmanların əldə olunmasında çətinlik yaranmışdı.

ABŞ əczacılıq şirkətləri habelə edamlar üçün ölümcül inyeksiya dərmanlarının təchizatına qarşı çıxmağa başlayaraq ştat rəsmilərini daha zəif tənzimlənmiş dərman şirkətlərinə üz tutmağa vadar edib.

İnyeksiya Birləşmiş Ştatlarda əsas edam formasıdır.

Keçən ay Oklahoma ştatında inyeksiya ilə edamın uğursuz nəticələnməsindən sonra Tennesi ştatı elektrik stulunda edamla bağlı qanun çıxarmağa qərar verib. Həmin hadisədə ölümə məhkum edilmiş Klayton Loket yeni - üç birləşmədən ibarət dərman ilə edam edilməyə cəhd göstərilmiş, ancaq bir neçə dəqiqə çabaladıqdan sonra ürək tutmasından həyatını itirmişdi.

Ölümə məhkum edilmiş bir neçə cinayətkar məhkəməyə müraciət edərək, qanunlarla az tənzimlənmiş dərmanlarla edamın dəhşətli ağrılara səbəb olacağını və bunun qeyri-insanı olduğunu iddia ediblər.

Amnesty İnternational təşkilatı bildirib ki, 2013-cü ildə Çin başda olmaqla dünyada edam cəzalarında artım müşahidə olunub. ABŞ 39 ölüm cəzasıyla beşinci yeri tutur. Səudiyyə Ərəbistan isə 79 edam cəzasıyla Birləşmiş Ştatlardan öndə gəlir.
XS
SM
MD
LG